Yenilənmiş dövlət büdcəsinin xərclərinin əsas istiqamətləri açıqlanıb

Yenilənmiş dövlət büdcəsinin xərclərinin əsas istiqamətləri açıqlanıb
19:04 22 İyun 2017
44 Digər
Ölkə mətbuatı
A- A+

Yenidən baxılma ilə 2017-ci il dövlət büdcəsi xərclərinin 1 mlrd. 41 mln. manat artırılaraq 17 mlrd. 941 mln. manata çatdırılması nəzərdə tutulur ki, bu da 2017-ci il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərclərinə nisbətən 6,2% çox olacaq.

 

"APA-Economics" xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" qanununda dəyişikliklər edilməsi barədə" qanun layihəsində qeyd olunub.


Artımlardan sonra dövlət büdcəsinin xərcləri cari ilin sonuna gözlənilən ümumi daxili məhsulun 26,9%-ə bərabər olacaq ki, bu da təsdiq olunmuş göstəricidən 1,5% bənd çox deməkdir.

 

2017-ci il yenidən baxılmış dövlət büdcəsinin xərclərinin strukturuna daxil olan cari xərclərə ümumi xərclərin 60,8%-i həcmində və ya 10 mlrd. 906,9 mln. manat (təsdiq olunmuş göstəriciyə nisbətən 855,7 mln. manat və ya 8,5% çox), əsaslı xərclərə ümumi xərclərin 30,1%-i həcmində və ya 5 mlrd. 392,3 mln. manat (təsdiq olunmuş göstəriciyə nisbətən 185,3 mln. manat və ya 3,6% çox), dövlət borcuna xidmətlə bağlı xərclərə ümumi xərclərin 9,1%-i həcmində və ya 1 mlrd. 641,8 mln. manat (təsdiq olunmuş göstərici səviyyəsində) vəsait yönəldiləcək.

 

Yenidən baxılacaq dövlət büdcəsinin tərkibində cari xərclərin xüsusi çəkisi 1,3% bənd artıb, əsaslı xərclərin xüsusi çəkisi 0,8% bənd və dövlət borcuna xidmətlə bağlı xərclərin xüsusi çəkisi 0,5% bənd azaldılıb.

 

2017-ci ilin yenidən baxılacaq dövlət büdcəsində funksional təsnifata uyğun olaraq sosialyönümlü xərc bölmələrinə aid olan elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən xərclər üçün 5 mlrd. 290,9 mln. manat vəsait nəzərdə tutulub ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 155,4 mln. manat və ya 3% çoxdur.

 

Yenidən baxılacaq dövlət büdcəsinin xərclərində əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin maliyyələşdirilməsinə, o cümlədən “Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanuna uyğun olaraq ünvanlı sosial yardımın təyin edilməsi məqsədi ilə ehtiyac meyarının həddinin 105 manatdan 116 manatadək artırılması üçün 32,2 mln. manat, sosial mənzil tikintisi ilə bağlı əhali ehtiyaclarının daha geniş şəkildə əhatə edilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi ilə bağlı xərclərin artırılması üçün 50 mln. manat, respublikanın şəhər və rayonlarında yeni tikilmiş uşaq bağçalarının (14 rayon və şəhər üzrə 20 yeni tikilmiş uşaq bağçaları) istismara verilməsi ilə bağlı xərclərin maliyyələşdirilməsinə və hazırda fəaliyyətdə olan uşaq bağçalarının, uşaq texniki yaradıcılıq mərkəzlərinin, ilk peşə-ixtisas təhsili müəssisələrinin və bəzi təşkilatlar üzrə əməyin ödənişi xərclərinin tənzimlənməsi üçün cəm olaraq 68 mln. manat vəsait yönəldiləcək.

2016-cı il ərzində SOCAR tərəfindən istehsal olunan təbii qazın daxili bazarda maya dəyərindən aşağı qiymətə satışına (Tarif Şurasının müəyyən etdiyi qiymətə əsasən əhaliyə) görə yaranmış zərərin örtülməsi üçün dövlət büdcəsindən 250 mln. manat subsidiyanın ayrılması məqsədəuyğun hesab edilib.

 

Əhalinin yaşayış səviyyəsinə bilavasitə təsir edən bank sisteminin restrukturizasiyası və dayanıqlılığının təmin edilməsi ilə bağlı həyata keçirilmiş islahat tədbirləri nəticəsində ölkədə əmanətçilərin hüquqlarının qorunması, habelə onların bank sisteminə etibarının gücləndirilməsi məqsədilə Əmanətlərin Sığortalanması Fondunun fəaliyyəti müstəsna əhəmiyyətə malikdir. Bununla əlaqədar Maliyyə Sabitliyi Şurasının müvafiq qərarına uyğun olaraq lisenziyası ləğv edilmiş 11 bank üzrə əmanətçilərin qorunan əmanətlərinin 100% ödənilməsi üçün Fondun nizamnamə kapitalının 546 mln. manat artırılması nəzərdə tutulub.

 

2017-ci il yenidən baxılacaq dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinə əlavə 191 mln. manat vəsait yönəldiləcək ki, bu da təsdiq edilmiş göstəriciyə nisbətən 7,6% çoxdur.

 

Həmin vəsaitin 170 mln. manatı avtomobil və dəmir yolu, elektrik paylayıcı şəbəkələri, su təchizatı və kanalizasiya sistemlərinin tikintisi və yenidən qurulması ilə bağlı bəzi beynəlxalq maliyyə-kredit qurumları ilə birgə həyata keçirilən bir sıra infrastruktur layihələrinin maliyyələşdirilməsi üçün Azərbaycan tərəfinin iştirak payının artırılmasına, 21 mln. manatı Azərbaycanın Almaniyada Mədəniyyət Mərkəzinin tikintisinin başa çatdırılması ilə bağlı xərclərin, həmçinin bəzi zəruri investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldiləcək.


2017-ci il dövlət büdcəsinə yenidən baxılma zamanı xarici dövlət borclanmasının yuxarı həddinin artırılması, yəni "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin sağlamlaşdırılması tədbirləri çərçivəsində bankın 2383,4 mln. ABŞ dolları məbləğində dövlətin üzərinə keçəcək borclarının ödənilməsi məqsədilə avrobondların emissiyası həyata keçiriləcək. Bununla əlaqədar olaraq 2017-ci il üzr qanunla təsdiq edilmiş xarici dövlət borclanmasının yuxarı həddi 4 mlrd. manat artırılaraq 4,5 mlrd. manata çatdırılacaq.

 

2017-ci ildə dövlət büdcəsinə yenidən baxılarkən ölkədə yol infrastrukturlarının tikintisi və yenidən qurulması, həmçinin onlara xidmətlə bağlı xərclərin tənzimlənməsi üçün "Avtomobil Yolları" Məqsədli Büdcə Fondunun gəlir və xərclərinin 36 mln. manat artırılması nəzərdə tutulur.

 

Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərində və konsulluqlarında çalışan əməkdaşların Xarici İşlər Nazirliyində saxlanılan və əmək haqlarının tənzimlənməsi (2017-ci il dövlət büdcəsinin hesablanmasında istifadə olunan manatın 1 ABŞ dollarına nisbətinin 1,62 manatdan cari ilin ötən dövrü ərzində artaraq 1,72 manata çatması hesabına yaranan əlavə xərclər) və bir sıra diplomatik nümayəndəliklərinə (Birləşmiş Ərəb Əmirliklərində, Rusiya Federasiyasındakı səfirliklərə və Azərbaycanın YUNESKO yanında Daimi Nümayəndəliyinə və s.) verilmiş əlavə ştatların, Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarda təsis olunacaq ticarət nümayəndəliklərinin saxlanılması və dövlət qulluğunun təkmilləşdirilməsi ilə bağlı xərclərin maliyyələşdirilməsi üçün 14,1 mln. manat, dövlət büdcəsinin ehtiyat fondunun xərclərinin 1,5 mln. manat və digər zəruri xərclərin 5 mln. manat ayrılması nəzərdə tutulur.

 

Büdcə təşkilatlarının büdcədənkənar gəlir və xərclərinin artırılması üçün yenidən baxılacaq dövlət büdcəsində əlavə 76 mln. manat (Vergilər Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və digər təşkilatlar üzrə) vəsait nəzərdə tutulur.

 

İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan protokolların, qərarların (qərardadların) hazırlanması və çapı ilə bağlı xərclər üçün ilk dəfə olaraq dövlət büdcəsində 2,5 mln. manat vəsait nəzərdə tutulur.

 

2017-ci ildə yenidən baxılacaq dövlət büdcəsi gəlirlərinin tərkib hissəsi olan yerli gəlirlər 647,0 mln. manat və ya təsdiq olunmuş göstəriciyə nisbətən 26,7 mln. manat (4,3%) çox proqnozlaşdırılır.

 

2017-ci ildə yenidən baxılacaq dövlət büdcəsinin yerli xərcləri 721,2 mln. manat məbləğində proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 32,5 mln. manat və ya 4,7% çoxdur.

 

2017-ci ildə yerli gəlir və xərcləri tənzimləmək üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılan 74,2 mln. manat maliyyə yardımının (dotasiyanın) yerli xərclərin (721,2 mln. manat) tərkibində xüsusi çəkisi 10,3% təşkil ediləcək.

 

Xərclərin artırılmasının əsas səbəbi dövlətə məxsus uşaq bağçalarının saxlanılması xərclərinin tənzimlənməsi, həmçinin şəhər və rayonlarda yeni tikilmiş uşaq bağçalarının istismara verilməsi üçün maliyyə təminatının yaradılması ilə bağlı olmalıdır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277619

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR