Beyni sökən telefonlar

Beyni sökən telefonlar
13:26 8 Yanvar 2015
110 Digər
Ölkə mətbuatı
A- A+

İndi Bakıda dükanlardan kamali-ədəblə, qayda-qanunla mobil telefon və ya planşet alanlar bəzən acı sürprizlərlə üzləşməli olurlar. Nömrəni telefona, yaxud planşetə salanda mobil operator onu tanımaq istəmir. Belə bir hadisə 22 yaşlı tələbə Zaurun başına da gəlib.

Əhvalatını ANS PRESS-ə danışan gəncin sözlərinə görə, dükandan aldığı planşeti Azərbaycanda fəaliyyət göstərən mobil operatorların heç biri tanımaq istəməyib. Operatorların müştəri xidmətlərindən kəskin cavab alıb: “Bu planşet bizim standartlara uyğun deyil, Dubay malıdır, ona görə istifadəsinə icazə verilmir”.

İddia ediblər ki, etibarlı firmanın malı olmadığına və Dubayda xırda sexlər tərəfindən yığıldığına görə bu planşetin sağlamlığa zərər vurmadığına inamları yoxdur. Bir neçə ay əlləşən gənc, axırda məsələnin həlli yolunu özü tapıb və planşetin İMEİ kodunu elektron hökumətin saytında qeydiyyatdan keçirib. Bundan sonra planşeti hər üç mobil rabitə operatorunun şəbəkəsində işlətmək mümkün olub.

Zaur mobil rabitə operatorlarının müştərilərə qarşı bu cür davranmasını istehlakçı hüquqlarının pozulması kimi dəyərləndirirlər. “Əslində, burada müəyyən inhisarçılıq meylləri var. Yəni şirkətlər fərdi şəxsləri xaricdən ucuz qiymətə aldığı telefonları şəbəkələrində işlətməyə imkan vermir. Telefonu və ya planşeti görmədən, yoxlamadan sağlamlıq üçün zərərli olduğunu necə iddia etmək olar? İri partiyalarla mal gətirən sahibkarların mobil telefonlarını və ya planşetlərini kim yoxlayıb? Axı ölkədə belə bir laboratoriya yoxdur”,- deyə tələbə gənc vurğulayır.

ANS PRESS-in araşdırmasına görə, eyni sualı 2013-cü ilin 1 may tarixindən bu yana işi dayandırılmış 120 min telefonun sahibi də verilib. Həmçinin ölkədə fəaliyyətdə olan 14 milyon mobil telefonun istənilən birinin sahibi də rabitə aparatının işinin nə vaxtsa mobil rabitə operatoru tərəfindən dayandırılmayacağından sığorta edilməyib. Çünki bu sektorda hansı parametrlərin əsas götürüldüyünü, hansı göstəricilərə diqqət verildiyini istifadəçilərin əksəriyyəti bilmir. Sadəcə, mobil rabitə operatoru məsləhət görmədiyi mobil telefonu söndürür. Məsələyə rəsmi dövlət müdaxiləsinin vacib olduğu açıqca ortaya çıxır.

Görünür, məhz elə bü səbəbdəndir ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) bu boşluğu doldurmaq və ölkədə mobil telefonların yoxlanması üçün laboratoriyaların qurulması layihəsi üzərində işləyir. Komitədən ANS PRESS-ə verilən məlumata görə, hazırda bu məsələ müzakirə edilir və yaxın zamanlarda bu barədə geniş məlumat veriləcək.

İnformasiya-kommunikasiya texnologiyaları (İKT) üzrə ekspert Cahid İsmayıloğlunun fikrincə, bu laboratoriyaların yaradılması çox vacibdir. “Əslində, mobil cihazlardan istifadə edilməsinin də standartları yaradılmalıdır. Çünki həyatımızdan çıxara bilmədiyimiz bu cihazların heç olmazsa düzgün istifadə standartları hazırlanmalıdır”,- deyə İKT eksperti ANS PRESS-ə bildirib.

Ekspertin fikrincə, mobil rabitə operatorlarının tanınmış firmaların telefonlarına üstünlük verməsi başa düşüləndir. Onun sözlərinə görə, tanınmış şirkətlər elektromaqnit dalğaları üçün xüsusi sorulma əmsalı (Specific Absorption Rate - SAR) göstəricisindən istifadə edirlər. Həmin göstərici mobil telefonun insana mənfi təsirini müəyyən edir. SAR üçün ölçü vahidi kimi vatt/kiloqram götürülür. Əksər ölkələr artıq bu göstərici üçün standart müəyyən ediblər. Məsələn, ABŞ-da SAR üçün yolverilən səviyyə 1,6 vt/kiloqram, Avropada isə 2vt/kiloqramdır.

“Tanınmış firmaların mobil telefonları üçün SAR göstəricisi 1 vt/kiloqram ətrafında dəyişir. Amma saxta cihazlarda isə SAR 4 vt/kiloqramdan çox olur”,- deyə ekspert bildirir. Cahid İsmayıloğlunun sözlərinə görə, bu səviyyədə elektro-maqnit şüalanma insan üçün hətta ölümcül təhlükələr yarada bilər.

“Mobil cihazlar, planşetlərin yaydığı elektromaqnit dalğalar insanlarda ciddi xəstəliklərin yaranmasına səbəb olur. Dünya Səhiyyə Təşkilatının yaydığı məlumata görə, məhz mobil telefonların yaydığı zərərli elektromaqnit dalğaları səbəbindən 2020-ci ilə qədər xərçəngə və epilepsiyaya, göz, qulaq və ürək xəstəliklərinə tutulanların sayı xeyli artacaq”,- deyə ekspert bildirir.

Göründüyü kimi, vəziyyət yetərincə arzuolunmazdır və ölkədə mobil telefonların ekspertizası üçün laboratoriyaların olmaması hər bir telefon istifadəçisini yuxarıda sadalanan təhlükələrlə üz-üzə qoyur. Amma Cahid İsmayıloğlu SMPDK-nin vəd verdiyi laboratoriyaların işə salınmasına qədər abunəçiləri qorumağın yollarını açıqlayır: “İlk öncə, uşaqların bu cihazlardan idarəsiz şəkildə istifadə etmələrinin qarşısı alınmalıdır. Həm də son araşdırmalar göstərir ki, insan orqanizmi üçün sensor ekranlı mobil telefonlar daha təhlükəlidir. 3 SİM kart taxılan mobil telefonların da ətrafa yaydığı elektromaqnit dalğaları insan üçün təhlükəlidir. Həm də çalışın, dünayada məşhur olan firmaların telefonlarını alın. Beləcə, laboratoriyalar işə düşənə qədər özünüzü qoruşmuş olarsınız”, - deyə İKT eksperti vurğulayır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR