"Neftçi" "Torino", "Eybar" və "Herta" ilə qarşılaşa bilər

"Neftçi" "Torino", "Eybar" və "Herta" ilə qarşılaşa bilər
19:32 22 İyun 2017
59 İdman
Ölkə mətbuatı
A- A+

"Neftçi" iyunun 24-dən etibarən bir araya gələcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, toplanışın ilk mərhələsini Bakıda keçəcək komanda bir ay ərzində 4 yoxlama görüşündə qüvvəsini sınayacaq.

İyulun 12-də "Kəpəz"lə üz-üzə gələcək "ağ-qaralar"ın digər rəqiblərinin kimliyi hələ bəlli deyil.
 
Komandanın baş məşqçisi Elxan Abdullayev əməkdaşımızla söhbətində ölkə daxilindəki hazırlıq mərhələsində əsasən aşağı liqa təmsilçiləri ilə qarşılaşacaqlarını bildirib: "İyulun 12-dən etibarən Bakıda hər həftənin 3-cü və 6-cı günləri yoxlama görüşləri keçirəcəyik. Rəqib axtarışlarımızı davam etdiririk. Bildiyiniz kimi, Premyer Liqa klubları hazırda ölkə xaricində təlim-məşq toplanışındadılar. Çalışacağıq ki, burda I divizion komandaları ilə qarşılaşaq. Onlar da olmasa, öz əvəzedicilərimizlə oynayacağıq".
 
İyulun 24-də toplanışın II mərhələsi üçün Avstriyaya gedəcəklərini söyləyən Abdullayev orda da 3 yoxlama matçında qüvvələrini sınayacaqlarını deyib. O, rəqib kimi, hələlik yalnız "Şalke"nin adının dəqiqləşdiyini, digərləri ilə isə danışıqların davam etdiyini əlavə edib.
 
Abdullayevin sözlərinə görə, paytaxt təmsilçisinin digər rəqibləri də "böyük beşlik" ölkələrinin yüksək liqalarında çıxış edən komandalar ola bilər: "Sparrinq rəqiblərlə bağlı bizə böyük bir siyahı təqdim ediblər. Siyahıda kifayət qədər adlı-sanlı komandalar var. Məsələn, onlar arasında "Udineze", "Bolonya", "Torino", "Eybar", "Haddersfild", "Köln", "Herta" kimi klubların adları yer alır. Ancaq hələ heç nə dəqiq deyil. Məsələ burasındadı ki, gün məsələsində ortaq məxrəcə gəlmək lazımdı. Yəni görüş elə vaxta salınmalıdı ki, gərək hər iki tərəf ona razılıq versin".
 
Qeyd edək ki, iyulun 24-dən avqustun 4-dək Avstriyada hazırlaşacaq "Neftçi" yeni mövsüm öncəsi son məşqlərini Bakıda keçəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR