Ekspert: Özəl şirkətlər SOCAR istiqrazlarına maraq göstərir

Ekspert: Özəl şirkətlər SOCAR istiqrazlarına maraq göstərir
11:32 23 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 23 iyun. REPORT.AZ/ Azərbaycanın özəl sektorunda fəaliyyət göstərən şirkətlər son dövrlər maliyyə aləti kimi daha çox istiqrazlara yatırım etməkdə maraqlıdır. Bu barədə “Report”a “SOCAR Capital” MMC-dən bildirilib.
Ekspertlər deyirlər ki, bazarda daha çevik iştirakçı olan hüquqi şəxslər istiqraza yatırım etməklə həm yüksək gəlir əldə edə, həm də biznes fəaliyyətində istifadə etdiyi vəsaitlərini daha etibarlı və risksiz idarə edə bilərlər.
İqtisadçı ekspert Rəşad Həsənov bildirir ki, 2017-ci ilin əvvəlində maliyyə bazarlarında ciddi volatillik (göstəricilərin kəskin suratdə qalxıb-enməsi) müşahidə olunub: “Xüsusilə manatın məzənnəsində dəyişiklik və faizlərin kəskin şəkildə qısa müddətdə oynamasına gətirib çıxarmışdı. Belə bir risklər qarşısında investorların, o cümlədən hüquqi şəxslərin istiqrazlara yatırım etməyi daha təhlükəsizdir”.
2016-cı ilin sentyabrından bazara daxil olan Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazları artıq risksiz maliyyə aləti kimi tanınır. Doğrudur, qiymətli kağızlar bazarı barədə məlumatsız olan vətəndaşların bir qismi, ənənəvi alətlərə, o cümlədən daşınmaz əmlaka yatırım etməyə üstünlük verir.
R.Həsənovun sözlərinə görə isə, bu uğurlu addım deyil, ehtiyac yarandıqda daşınmaz əmlakın pula çevrilməsi, yəni satılması daha çox vaxt aparır: “Satışı sürətləndirmək istəyən investor əmlakı dəyərindən ucuz qiymətə təklif etməlidir ki, bu da onun zərərlə üzləşməsinə səbəb ola bilər. SOCAR istiqrazlarında isə belə bir risk yoxdur. Bu maliyyə alətini istənilən vaxtda yüksək qiymətə satıb nağdlaşdırmaq mümkündür”.
Ekspert deyir ki, Azərbaycanda səhm bazarı daha az inkişaf etdiyi üçün yerli bazarda səhmlərə yatırım etmək investorlar üçün maraqlı deyil. Xarici səhmlərə investisiya yatırmaq üçün isə davamlı olaraq həmin şirkətin fəaliyyəti və hesabatlarının şəffaflığı izlənilməlidir.
Səhm bazarı və FOREX kimi alətləri riskli fəaliyyət növü adlandıran R.Həsənov deyir ki, burada investorların itki ilə üzləşmək ehtimalı böyükdür: “FOREX bazarı çox riskli, qlobal bazardır. Bazardakı çox böyük spekulyatorlar və alıcılar bundan istifadə edirlər. Ona görə də investorlar itki ilə üzləşə bilərlər. İstiqrazların isə müsbət tərəfi ondan ibarətdir ki, itkisi yoxdur, investor faizləri əvvəlcədən müəyyənləşdirilmiş məbləğdə və vaxtda alır. Onları istənilən vaxt alıb-satmaq, pula çevirmək mümkündür”.
SOCAR istiqrazlarının satışına 2016-cı il sentyabrın 20-dən başlanılıb. 5 illik zəmanətlə verilən istiqrazların ümumi həcmi 100 mln. dollar, nominal dəyəri isə 1 000 dollardır. İllik gəliri 5% olan istiqrazlar üzrə faiz ödənişləri hər üç aydan bir, hər istiqraza görə 12,5 dollar olmaqla həyata keçirilir və əldə olunan gəlirdən vergi tutulmur. İndiyədək istiqrazlar üzrə 2 dəfə faiz ödənişi olub, investorlara toplam 2,5 mln. dollar ödənilib. Növbəti faiz ödənişi iyulun 17-də həyata keçiriləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/ekspert-ozel-sirketler-socar-istiqrazlarina-maraq-gosterir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR