Play Store

Dənizçilər peşə bayramını qeyd edirlər

Dənizçilər peşə bayramını qeyd edirlər
12:50 23 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Maksim Tsurkov - Trend:

Dövlət Dəniz Administrasiyasının və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin kollektivləri “Dənizçi Günü” - peşə bayramını qeyd edirlər.

Trend-in məlumatına görə, qurum nümayəndələri Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn ziyarətçilər Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının, o cümlədən dənizçilərin xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Daha sonra dənizçilərin peşə bayramı münasibətilə Dövlət Dəniz Administrasiyasının akt zalında tədbir keçirilib. Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev dənizçiləri peşə bayramı münasibətilə onları təbrik edib, hər birinə işlərində uğurlar arzulayıblar.

Tədbirdə çıxış edən Q.Qurbanov bildirib ki, Azərbaycan bayrağı altında üzən gəmilərdə təhlükəsizliyin təmin olunması, gəmilərdən dənizin çirkləndirilməsinin qarşısının alınması ilə əlaqədar Beynəlxalq Konvensiyaların tələblərinə ciddi riayət olunması təmin edilib.

Q.Qurbanovun sözlərinə görə, Azərbaycan Dövlət Dəniz Administrasiyasının səlahiyyətlərinə Azərbaycanda dəniz nəqliyyatı sahəsində aparılan siyasətin, habelə Birləşmiş Millətlər Təşkilatının dəniz nəqliyyatı sahəsində ixtisaslaşmış qurumu olan Beynəlxalq Dəniz Təşkilatı və digər təşkilatlarla əməkdaşlığın, Azərbaycanın həmin sahədə tərəfdar çıxdığı beynəlxalq konvensiyaların icrasına nəzarətin həyata keçirilməsi aid edilib.

Məhz dəniz nəqliyyatı sahəsi üzrə beynəlxalq konvensiyaların tələblərindən irəli gələn öhdəliklərin icra vəziyyətinin qiymətləndirilməsi məqsədi ilə Beynəlxalq Dəniz Təşkilatının Üzv Dövlətlərinin Audit Sxemi (IMSAS) üzrə adıçəkilən Təşkilatın 10 dekabr 2013-cü il tarixli A.1070(28) nömrəli və A.1105(29) nömrəli Qətnamələrinə əsasən, Audit Ekspert Qrupu bu ilin 28 may - 6 iyun tarixlərində Azərbaycanda səfərdə olub. Keçirilmiş audit yoxlaması zamanı iqtisadiyyatımızın strateji cəhətdən mühüm sahələrindən biri olan dəniz nəqliyyatı sahəsində formalaşdırılmış siyasətə uyğun olaraq həyata keçirilən davamlı islahatlar və bu məqsədlə təsdiq olunmuş mövcud normativ hüquqi aktlar, habelə dəniz üzgüçülüyünün təhlükəsizliyi, dənizdə insan həyatının və dəniz mühitinin mühafizəsi sahəsində məqsədyönlü və ciddi tədbirlərin həyata keçirilməsi Audit Ekspert Qrupu tərəfindən xüsusi rəğbətlə qarşılanıb.

Q.Qurbanov xüsusi olaraq vurğulayıb ki, audit yoxlamasının tam obyektivliyə əsaslanan nəticələrinə görə, Azərbaycan 172 dünya dəniz dövləti sırasında ən qabaqcıllar olan Avropa və Skandinaviya dövlətlərini geridə qoyaraq, statistika üzrə ön sırada yer tutur. Ölkənin dinamik inkişafı, tranzit potensialının artırılması, regionun ən böyük nəqliyyat mərkəzi kimi mövqeyinin möhkəmləndirilməsi, qədim dənizçilik tarixinə malik olan respublikanın dəniz qüdrətinin daha da yüksəldilməsi, eləcə də region dövlətləri ilə yanaşı dünyanın qabaqcıl dəniz dövlətləri ilə rəqabətə davamlı dəniz nəqliyyatı sahəsinin formalaşdırılması istiqamətində gələcəkdə də uğurların əldə ediləcəyi şübhəsizdir.

Administrasiya rəisi Q.Qurbanov Azərbaycanın 4 mart 2016-cı il 165-VQ nömrəli Qanunla “Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında Konvensiyası”na və “Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında 1982-ci il 10 dekabr tarixli Konvensiyasının XI Bölməsinin həyata keçirilməsinə dair Saziş”ə qoşulduğunu və adıçəkilən Konvensiyanın iştirakçı dövlətlərinin iclasında respublikanın ilk dəfə təmsil olunduğunu qeyd edib. O, ölkənin dəniz nəqliyyatı sahəsinin daha da inkişaf etdirilməsi istiqamətində dənizçilərin fədakar əməklərini əsirgəməyəcəklərinə əminliyini ifadə edib.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri R.Vəliyev bildirib ki, yerli və beynəlxalq daşımaların səmərəliliyinin artırılması, ölkənin rəqabət qabiliyyətinin və tranzit potensialının gücləndirilməsi məqsədilə 2013-cü ilin oktyabrında Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən yaradılmış “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC qarşıya qoyulan vəzifələri yerinə yetirmək üçün Xəzərdə və Xəzərdənkənar hövzələrdə rəqabətədavamlı və beynəlxalq standartlara uyğun dəniz xidmətləri göstərən nüfuzlu və çevik gəmiçilik şirkəti qurmaq, kommersiya baxımından səmərəli fəaliyyəti təmin etmək, Azərbaycanın beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilməsinə əhəmiyyətli töhfə vermək, gəmiçilik sahəsində yüksəkixtisaslı yerli kadrların formalaşmasına nail olmaq əzmindədir. Bu istiqamətdə artıq xeyli iş görülüb. R.Vəliyev qeyd edib ki, gəmiçiliyin rəhbərliyi ilk növbədə 5 illik hədəfləri müəyyənləşdirib. Bunlar AXDG-nin Xəzərdə aparıcı mövqeyinin qorunub saxlanılması və Xəzərdənkənar fəaliyyətinin bərpası, donanmaların yenilənməsi, beynəlxalq idarəetmə və maliyyə sisteminin tətbiqi, fəaliyyətin beynəlxalq auditinin keçirilməsi, müvafiq beynəlxalq sertifikatların və kredit reytinqinin alınması, mövcud infrastrukturun və maddi-texniki təchizat bazasının təkmilləşdirilməsi, işçilərin rifahının mütəmadi yaxşılaşdırılması, kadr hazırlığı və sair hədəflərdir.

“Ulu öndər Heydər Əliyevin 1969-cu ildə respublikaya rəhbər təyin edilməsi ilə iqtisadiyyatımızın bir çox sahələri kimi, neft sənayesində də yeni inkişaf dövrü başladı. Həmin dövrdə neft-qaz ehtiyatlarının çox hissəsinin yerləşdiyi dəniz yataqlarının kəşf edilib istismara verilməsi xeyli sürətləndi. Dənizdə bir-birinin ardınca çoxsaylı neft-qaz yataqlarının, o cümlədən zəngin “Günəşli” yatağının kəşfi məhz Ulu Öndərin rəhbərlik illərinə təsadüf edir. Dənizdəki neft-qaz yataqlarının genişmiqyaslı işlənməyə cəlb edilməsi Xəzər Dəniz Neft Donanmasının da imkanlarını xeyli artırdı. 80-ci illərdən başlayaraq dənizin dərin sahələrində yerləşən neft-qaz yataqlarının mənimsənilməsini təmin etmək üçün daha müasir və güclü gəmilərin tikilməsinə ehtiyac duyuldu. Ona görə də 1980-ci ildən bu donanmaya xarici ölkələrdə - Almaniya, Finlandiya, Norveç, Polşa, Yuqoslaviya, Bolqarıstan və Fransada inşa edilmiş gəmilər alındı. Oxşar proses Xəzər Dəniz Gəmiçiliyində də gedirdi. Xorvatiyada sifariş verilmiş 8 gəmi-bərə keçmiş SSRİ-nin başqa gəmiçiliklərinə verilmədi, Moskvada Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışan Heydər Əliyevin şəxsi göstərişi ilə Bakıya gətirildi. Belə faktlar çoxdur. Dənizçilər bunu yaxşı bilir, yüksək qiymətləndirirlər”, - deyə R.Vəliyev vurğulayıb.

Gəmiçiliyə beynəlxalq sertifikatların verilməsi və kredit reytinqinin alınması barədə danışarkən R.Vəliyev deyib ki, “Ernst & Young” şirkəti beynəlxalq standartlara uyğun hazırlanmış maliyyə hesabatlarının və Davamlı inkişaf haqqında hesabatın auditini həyata keçirərək müsbət rəy verib, “Fitch Rating” şirkəti ilə Gəmiçiliyə kredit reytinqinin alınmasına dair əməkdaşlıq sahəsində uğurlu iş aparılıb.

R.Vəliyev gəmiçilikdə Gənclər və kadr siyasətindən, AXDG-nin Xəzərdə aparıcı mövqeyinin qorunub saxlanılması istiqamətində atılan addımlardan, Xəzərdənkənar fəaliyyətin bərpası və donanmaların yenilənməsindən ətraflı söhbət açıb, qarşıda daha əhəmiyyətli vəzifələrin durduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi ilk növbədə dəniz nəqliyyatına dövlətimizin dəstəyinə, xüsusilə də Prezident İlham Əliyevin daimi diqqətinə güvənir. Son dövrdə imzalanmış Fərman və Sərəncamlar strateji əhəmiyyət daşıyır. Belə ki, Xəzər Dəniz Gəmiçiliyinin inkişaf istiqamətlərinin müəyyən edilməsi, Prezident İlham Əliyevin sərəncamı ilə 2016-2020-ci illərdə Azərbaycanda gəmiçiliyin inkişafına dair Dövlət Proqramının qəbul olunması gəmiçilik qarşısında qlobal vəzifələr qoyur. Bu gün Xəzər regionunda bir sıra irimiqyaslı beynəlxalq layihələr həyata keçirilir. Şərq-Qərb, eləcə də Şimal-Cənub istiqamətlərində nəqliyyat dəhlizlərinin inkişafına yönəlmiş bu layihələr – Bakı-Tbilisi-Qars dəmir yolu, Azərbaycanla İran arasında dəmir yolu xəttinin tikintisi, Xəzərdə ən böyük Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisinin yekunlaşdırılması, Gəmiçilik üçün yeni hədəflər müəyyənləşdirir. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi qarşıda duran bütün məqsədlərə nail olmaq və yeni uğurlara imza atmaq üçün tam gücü ilə çalışır.

Ölkəmizdə həyata keçirilən irimiqyaslı infrastruktur layihələri Xəzər dənizi üzərindən artması gözlənilən yükdaşıma həcmlərinin qarşılanması üçün gəmiçiliyin donanmasının davamlı olaraq yenilənməsi çox vacibdir. Bu baxımdan, 2013-cü ildə açılan Bakı gəmiqayırma zavodu böyük əhəmiyyət kəsb edir. Bu zavod tərəfindən Gəmiçilik üçün indiyədək dörd gəmi tikilərək istifadəyə verilib. Bu yaxınlarda daha dörd gəminin-vaqon-TIR və sərnişin daşınması üçün nəzərdə tutulan yeni nəsil iki unikal Ro-Pax/Bərə və iki tankerin tikintisi üzrə yeni sifariş verilib.

Həmçinin, R.Vəliyev son 3 il ərzində17 yeni gəminin alındığını bildirib. Bunlardan 1 ədəd Xəzərdə ən böyük yedək-təchizat gəmisi, 8 ədəd 5,500 ton yük götürmə qabiliyyətli quru yük gəmisi, 1 ədəd 13,000 tonluq tanker, 3 ədəd təchizat gəmisi, 1 ədəd liman-yedək, 3 ədəd sərnişin gəmisidir.

Mərasimdə “Rusiya Dəniz Registri Azərbaycanda” QSC-nin sədri Şaban Quliyev və başqaları son illərdə dəniz nəqliyyatının inkişafında müşahidə edilən müsbət dəyişikliklərdən və müasir tendensiyalardan danışıb, peşə bayramını qeyd edən dənizçiləri və onların ailələrinin hər bir üzvünü təbrik edib, zəngin təcrübəyə malik Azərbaycan dənizçilərinin onlara göstərilən yüksək etimadı layiqincə doğruldacağına əminliyini ifadə edib.

Əməkdə fərqlənənlərə “Dənizçi günü” münasibətilə “Dəniz Donanmasının fəxri işçisi” döş nişanları təqdim olunub.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/2770037.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR