FHN-nin xilasediciləri türkiyəli həmkarları ilə birgə hazırlıq keçəcəklər (FOTO)

FHN-nin xilasediciləri türkiyəli həmkarları ilə birgə hazırlıq keçəcəklər (FOTO)
14:48 8 Yanvar 2015
103 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 8 yanvar /Trend, müxbir İlkin İzzət/

Fövqəladə Hallar Nazirliyinin (FHN) nümayəndə heyəti Türkiyəyə səfər edib.

FHN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin başçılığı ilə nazirliyin nümayəndə heyəti 6-7 yanvar 2015-ci il tarixlərində Türkiyə Respublikasında səfərdə olub.

Səfər çərçivəsində Türkiyə Respublikası Silahlı Qüvvələrinin uyğun qurumları ilə əməkdaşlığın inkişaf etdirilməsi, o cümlədən Hərbi-Dəniz Komandanlığının tərkibində olan Sualtı müdafiə təhsil müəssisəsində dalğıc hazırlığı, partlayıcı maddələrin zərərsizləşdirilməsi və kimyəvi, bioloji, radioloji və nüvə təhlükəsindən mühafizə üzrə xilasedicilərin hazırlığı mövzusunda təşkil edilən təhsil kurslarında FHN xilasedicilərinin təhsil alma imkanları və bu istiqamətdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı müzakirələr aparılıb.

Belə ki, səfərin ilk günü Türkiyə Silahlı Qüvvələrinin İstanbul Boğaz komandanı Ercüment Tatlıoğlu ilə keçirilmiş görüşdə nazirliyin nümayəndə heyətinə komandanlığın fəaliyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, bu qurum İstanbul boğazının təhlükəsizliyini həyata keçirən və dənizdə xilasetmə və digər vacib məsələlərin əlaqələndirilməsini təmin edən orqan kimi Türkiyə Silahlı Qüvvələrinin əsas komandanlıqlarından biri hesab edilir.

Komandanlığa tabe olan Xilasetmə ve Sualtı komandanlığının komandanı İlhan Öcalanla keçirilmiş görüşdə komandanlığın suda və quruda xilasetmə əməliyyatları ilə bağlı hər il keçirdiyi kurslar barədə ətraflı təqdimat edilib. Təqdimat zamanı dalğıcların hazırlığı üçün təşkil edilən sualtı müdafiə kurslarında FHN əməkdaşlarının iştirakının mümkünlüyü ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Səfərin ikinci günü Türkiyə Silahlı Qüvvələrinin Xilasetmə Qrup Komandanlığında komandan Kaan Erkara ilə görüş olub. Görüşdə komandanlığın fəaliyyəti və həyata keçirdiyi hazırlıq kursları barədə geniş məlumat verilib, dalğıcların suya enməsı və istifadə etdikləri avadanlıqlar nümayiş olunub.

Bundan başqa, Türkiyə Silahlı Qüvvələrinin Sualtı Müdafiə Qrup Komandanlığında komandan Mustafa Kemal Öztürklə keçirilmiş görüş zamanı partlayıcı maddələrin zərərsizləşdirilməsi və kimyəvi, bioloji, radioloji və nüvə təhlükəsindən mühafizə üzrə xilasedicilərin hazırlığı mövzusunda görülən işlərdən və istifadə edilən avadanlıqlardan bəhs edən geniş təqdimat olub.

Səfər zamanı dalğıc hazırlığı, partlayıcı maddələrin zərərsizləşdirilməsi və kimyəvi, bioloji, radioloji və nüvə təhlükəsindən mühafizə üzrə FHN xilasedicilərinin türkiyəli həmkarları ilə birgə hazırlığı barədə ilkin razılıq əldə edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR