"Ordumuz 2 yaşlı Zəhranın intiqamını aldı"

"Balaca Zəhranın və nənəsinin öldürülməsi erməni faşizminin təzahürüdür və bu hərbi cinayətə görə Ermənistan öz cavabını aldı".

Bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında giriş nitqində deyib.

Dövlətimizin başçısı qeyd edib: "Bizim xarici siyasətimizin əsas məsələsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Əfsuslar olsun ki, bu ilin birinci yarısında bu istiqamətdə - danışıqlar istiqamətində heç bir nəticə əldə edilməmişdir. Bununla bərabər, hesab edirəm ki, 2017-ci ildə münaqişənin həlli ilə bağlı önəmli hadisələr də baş vermişdir və Azərbaycanın haqlı mövqeyi daha da böyük dəyər qazanmışdır.

Mən bir neçə faktı Azərbaycan ictimaiyyətinin diqqətinə çatdırmaq istərdim. İlk növbədə, bu il qondarma separatçı rejim Ermənistanın siyasi rəhbərliyinin təhriki ilə Dağlıq Qarabağda növbəti qondarma, qanunsuz, dırnaqarası referendum keçirmişdir. Bu “referendum”un keçirilməsi əslində onların böyük səhvidir, daha doğrusu, axmaqlığıdır. Onların bir qədər ağlı olsaydı, heç vaxt buna getməzdilər. Çünki bəri başdan bəlli idi ki, dünya birliyi bu qondarma tədbiri tanımayacaq. Belə də oldu. Minsk qrupu bəyanat verdi, onun həmsədrləri – Amerika, Fransa, Rusiya “referendum”u tanımadılar. Avropa İttifaqı referendumu tanımayıb. Qonşu ölkələr – İran, Gürcüstan “referendum”u tanımayıb. Digər ölkələr də oxşar bəyanatlarla çıxış etdilər. Bu qondarma “referendum”un tanınmaması Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu bir daha təsdiqləyir. Bütün dünya və münaqişənin həlli ilə bilavasitə məşğul olan ölkələr bu münasibətləri ilə bir daha təsdiq edirlər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bu, həqiqətdir, bu, tarixi həqiqətdir və əlbəttə ki, bu həqiqət bir daha qeyd olundu. Bu, Ermənistanın növbəti biabırçılığı idi.

Bilirsiniz ki, aprel hadisələrindən sonra Ermənistan danışıqların bərpa edilməsi üçün bir neçə şərt qoyurdu və bunu açıq şəkildə bəyan edirdi. Mən o vaxt yenə də görürdüm, bilirdim ki, bu, növbəti axmaqlıqdır. Çünki gec-tez onlar danışıqlar masasına qayıdacaqlar, sadəcə olaraq, özlərini olmayan hörmətdən növbəti dəfə salacaqlar. Belə də oldu. Dünən Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşüblər. Danışıqlar prosesi bərpa edilib, heç bir şərt Azərbaycan tərəfindən qəbul edilməyib, danışıqlar prosesi qeyd-şərtsiz bərpa edilibdir.

Bu, bizim mövqeyimizdir, biz həmişə demişik ki, belə olmalıdır. Bu, Minsk qrupunun həmsədr ölkələrinin də mövqeyidir. Ona görə işğalçını məcbur etdilər və o, danışıqlar masasına qayıdıb. İndi məsələ ondan ibarətdir ki, tezliklə substantiv, yəni, mənalı, konkret danışıqlar bərpa edilməlidir. Danışıqlar nəticəsində torpaqlarımız işğaldan azad edilməlidir, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Bizim mövqeyimiz bundan ibarətdir. Bundan kənarda heç bir həll yolu mümkün deyil.

Ermənistan isə həmişə çalışırdı ki, həm danışıqları pozsun və onlara təzyiq artdıqca təxribat törətsin. Bunu biz yaxın tarixdən yaxşı bilirik. Hələ 1990-cı illərin sonlarında Ermənistan parlamentində terror aktı törədilmişdir və bu da ovaxtkı Ermənistan rəhbərliyi üçün bir bəhanə idi ki, danışıqlar pozulsun. Belə də oldu. 2014-cü ildə Fransada keçirilmiş danışıqlardan dərhal sonra Ermənistan növbəti hərbi təxribata əl atdı, Ağdam rayonunda hərbi təlimlər təşkil etdi. Bizim mövqelərimizə helikopterlər hücuma keçdi və onlardan biri Azərbaycan Ordusu tərəfindən məhv edildi.

2016-cı il martın sonunda Vaşinqtonda nüvə sammitində mən də iştirak edirdim, Ermənistan prezidenti də. O vaxt Ermənistan prezidentinə təzyiqlər göstərilirdi ki, məsələ tezliklə öz həllini tapsın. Danışıqları pozmaq üçün aprel hadisələri törədildi, bizə qarşı təxribat törədildi. Azərbaycan Ordusu düşmənə layiqli cavab verdi. Bu cavab nəticəsində bu gün bizim bayrağımız Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının işğaldan azad edilmiş torpaqlarında dalğalanır.

O vaxtdan bu günə qədər danışıqlar aparılmırdı və Ermənistana təzyiq artırdı. Danışıqlara başlamamaq üçün onlar keçən ay növbəti hərbi təxribat törətdilər, bir əsgərimiz həlak oldu. Yenə də Azərbaycan Ordusu onları cəzalandırdı. Azərbaycan Ordusunun zərbəsi nəticəsində bir çox işğalçı məhv edildi. Növbəti təxribat bu ayın 4-də Füzuli rayonunun Alxanlı kəndində baş verdi. Bu, hərbi cinayətdir. Bu, erməni faşizminin təzahürüdür və bu cinayətə görə Ermənistan öz cavabını almışdır. Bu, misli görünməmiş vəhşilikdir. Balaca Zəhranın və onun nənəsinin öldürülməsi erməni faşizminin eybəcər sifətini bütün dünyaya göstərdi.

Bu cinayət cavabsız qalmadı. Azərbaycan ictimaiyyəti də bunu bilir. Baxmayaraq ki, Ermənistan öz itkilərini həmişə gizlətmək istəyir. Amma bütün itkiləri gizlədə bilmir. Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr endirdi. Bu zərbələr nəticəsində bir çox işğalçı məhv edildi. Balaca Zəhranın, onun nənəsinin qanı yerdə qalmadı. Həmişə də belə olacaq. Nəyə hesablanmışdır bu cinayət? İlk növbədə, bu, Ermənistan siyasi rəhbərliyinin xislətini göstərir. Xocalı qatilindən, uşaq, qadın qatilindən başqa bir şey gözləmək mümkün deyil. Bu, erməni faşizmidir, bütün dünya da bunu belə qəbul etməlidir. Bu, birincisi.

İkincisi, iyunun 11-də xarici işlər nazirlərinin görüşü nəzərdə tutulmuşdu. Artıq bu tarix bəlli idi, sadəcə olaraq, son günlərdə bu tarix açıqlandı. Bu təxribatı törətməklə onlar hesab edirdilər ki, Azərbaycan danışıqlardan imtina edəcək. Biz imtina edə bilərdik, əgər onlara layiqli cavab verməsəydik. Cavablarını verdik, işğalçıları məhv etdik, onları cəzalandırdıq, sonra da danışıqlara getdik.

Bax, budur Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olan əsas məsələlər. Ona görə mən deyirəm ki, bu il Azərbaycan mövqeləri daha da möhkəmləndi. Alxanlı kəndində törədilmiş hərbi cinayətin dünyada böyük əks-sədası var. Yəni, Ermənistan gördü ki, Azərbaycan böyük beynəlxalq dəstəyə malikdir. Bizim bütün qurumlarımız çox fəal, operativ işlədilər, bu məlumatı dünya ictimaiyyətinə çatdırdılar. Həm dövlət qurumları, səfirliklər, diaspor təşkilatları, ictimai təşkilatlar, bizim xaricdəki dostlarımız öz səslərini ucaltdılar və Ermənistana, onun faşist xislətli siyasi rəhbərliyinə dünyada nifrət daha da artdı.

O ki qaldı, danışıqların perspektivlərinə, bir daha demək istəyirəm ki, danışıqlar bərpa edilir, bu, müsbət haldır. İndi əsas vəzifə tezliklə məsələni həll etməkdir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edilsin. Əminəm ki, belə də olacaq. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq.//Trend


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR