"Qeyri-neft iqtisadiyyatımız altı ayda 1,7 faiz artıb" - İLHAM ƏLİYEV

"Azərbaycan bu gün sabitlik məkanıdır və investorlar ancaq sabit olan yerlərə sərmayə qoyurlar".

Bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında giriş nitqində deyib.

Dövlətimizin başçısı qeyd edib: "Bu gün Azərbaycanda yaratdığımız şərait nəticəsində yüzlərlə, minlərlə sahibkar öz fəaliyyətini genişləndirir. Bizim sahibkarlarımız böyük imkanlara malikdirlər. Sahibkarların sosial məsuliyyəti də yüksək səviyyədə olmalıdır. Bu şəraiti onlar üçün biz yaratmışıq. Çünki indi Azərbaycanda sabitlik, sürətli inkişaf olmasaydı, bizim sahibkarlar bu qədər inkişaf edə bilməzdilər. Eyni zamanda, dövlət onlara güzəştli şərtlərlə kreditlər verir, onların məsələləri həll olunur. Mən sahibkarlarla dəfələrlə görüşmüşəm. Hər il bir neçə dəfə görüşürəm və tam dəstək göstərilir. Onlar da öz növbəsində sosial məsuliyyəti dərk etməlidirlər. Ona görə, Qaradağ rayonunda sahibkarlar tərəfindən öz vəsaitləri hesabına 1000 mənzillik şəhərciyin tikilməsi çox yaxşı təşəbbüsdür. Mən bunu bəyənirəm, alqışlayıram. Bu, bütün sahibkarlara nümunə olmalıdır. Mən bundan sonra sahibkarların fəaliyyətini, o cümlədən bu göstəriciyə görə də qiymətləndirəcəyəm.

Əlbəttə ki, bütün bu məsələlərin həll edilməsi bir daha bizim dövlətimizin siyasətini, niyyətini ortaya qoyur. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Ona görə sosial məsələlərin həlli daim diqqət mərkəzindədir. Bu il bu məsələlərlə bağlı ciddi addımlar atılmışdır. Beş milyondan çox insan bu il pulsuz müayinədən keçmişdir. Bilmirəm, hansı ölkədə belə bir təşəbbüs var ki, insanlar, əhalinin böyük əksəriyyəti il ərzində pulsuz müayinədən keçsin".

İlham Əliyev bildirib ki, sosial infrastruktur obyektlərinin tikintisi aparılmışdır və aparılır: "Birinci altı ayda 26 tibb müəssisəsi tikilmiş və təmir edilmişdir. İyirmidən çox modul tipli məktəb tikilmişdir. İlin sonuna qədər onların sayı 100-ə çatmalıdır. Yəni, sosial infrastruktur məsələlərinin həlli daim diqqət mərkəzindədir. Əlbəttə ki, bütün bu uğurlara nail olmaq üçün bizim güclü iqtisadi potensialımız olmalıdır. Altı ayın göstəriciləri məni çox qane edir. Qeyri-neft iqtisadiyyatımız altı ayda 1,7 faiz artıb. Bu, çox yaxşı göstəricidir. Mən xüsusilə qeyri-neft iqtisadiyyatını qeyd edirəm. Çünki ümumi iqtisadi göstərici, yəni, ümumi daxili məhsulun göstəriciləri daha çox neftin hasilatına və neftin qiymətinə bağlıdır. Bu da dəyişir. Ona görə, bu, bizim gördüyümüz işlərə qiymət vermək üçün əsas amil kimi qəbul edilə bilməz.

Qeyri-neft iqtisadiyyatımızda 1,7 faiz artım bizim apardığımız iqtisadi islahatların nəticəsidir. Hesab edirəm ki, bu, xüsusilə indiki şəraitdə çox yaxşı göstəricidir. Qeyri-neft sənayesi daha çox artıb. Burada artım 4,4 faizdir. Hesab edirəm ki, bu da mümkün olan ən gözəl göstəricidir. Bu, onu göstərir ki, islahatlar və apardığımız siyasət öz nəticəsini verir".

Prezident deyib ki, bu ilin altı ayında ölkə iqtisadiyyatına 5 milyard dollar sərmayə qoyulub: "Bu gün sərmayə qoyuluşu demək olar ki, bütün ölkələrdə azalır. Çünki maliyyə sıxıntıları, problemlər var. Amma Azərbaycana sərmayə qoyulur və bu sərmayənin böyük hissəsi xarici sərmayədir. Yəni, xarici investorlar üçün Azərbaycan çox cəlbedici ölkədir. Nəyə görə? Təkcə ona görə yox ki, bizdə yaxşı investisiya iqlimi var. Ona görə ki, Azərbaycan bu gün sabitlik məkanıdır və investorlar ancaq sabit olan yerlərə sərmayə qoyurlar. Sabit olan ölkələrin sayı kəskin azalır. Ona görə əminəm ki, gələcəkdə daha çox xarici sərmayədar Azərbaycana investisiya qoymaq üçün bizə müraciət edəcək.

Bizim valyuta ehtiyatlarımız artıb və bu günə 40,6 milyard dollar təşkil edir. Bu da çox gözəl göstəricidir. Çünki ilin əvvəlindən bu günə qədər valyuta ehtiyatlarımız təxminən 3 milyard dollar artıb. Baxın, neftin qiyməti kəskin şəkildə düşüb. Sonra isə müəyyən dərəcədə qalxıb. Yenə də düşmə ehtimalı var. Amma bizim valyuta ehtiyatlarımız artır. Nəyə görə? Düşünülmüş siyasətə görə. Ona görə ki, biz heç vaxt populist işlərlə məşğul olmamışıq. Biz hər zaman ölkəmizin uzunmüddətli inkişafı ilə məşğul olmuşuq. Biz həm qənaət etdik, həm islahatlar apardıq. Ancaq strateji əhəmiyyət daşıyan layihələrə vəsait ayırdıq. Əlbəttə ki, biz idxalı azaltmışıq, ixracı isə artırmışıq. Büdcə ilə bağlı heç bir problem yoxdur. Ona görə, Neft Fondundan büdcəyə transferlər də azaldı. Yəni, ilin altı ayında valyuta ehtiyatlarının 3 milyard dollar artması mükəmməl nəticədir".

Dövlət başçısının sözlərinə görə, bu il 122 min yeni iş yeri açılmışdır ki, onlardan 101 mini daimi iş yeridir: "Onu da qeyd etməliyəm ki, 24 min iş yeri bağlandı. Bunun da həm obyektiv, həm də subyektiv səbəbləri var. Bu, əslində daimi prosesdir. Ancaq biz rəqəmlərə baxanda, - 122 min iş yeri açılıb, 24 min iş yeri isə bağlanıb, - əlbəttə, görürük ki, yenə də iş yerlərinin açılması prosesi uğurla gedir. Ona görə də bizdə işsizlik aşağı səviyyədədir.

Xarici ticarət dövriyyəsinin göstəriciləri də müsbətdir. Bu ilin altı ayında ixrac 36 faiz artıb. Burada da ən önəmlisi qeyri-neft ixracıdır. Qeyri-neft ixracı altı ayda 27 faiz artıb. Bax, budur gördüyümüz işlərin nəticələri. Bununla bərabər, idxal 15 faiz azalıbdır. Müsbət saldo 1,9 milyard dollar təşkil edir. Hesab edirəm ki, hər bir ölkə üçün bu, ən arzuolunan nəticələrdir. Kənd təsərrüfatı da 2,2 faiz artıbdır.

Bu göstəricilər, - yəni, bunlara heç bir şərh verməyə ehtiyac yoxdur, - dünya miqyasında bu gün ən gözəl göstəricilərdir. Bunu o ölkə əldə edib ki, biz hələ enerji amilindən asılıyıq. O ölkə əldə edib ki, onun gəlirləri son iki il ərzində üç-dörd dəfə azalıb. Bax, budur bizim siyasətimiz, gördüyümüz işlər və əldə etdiyimiz nəticələr".//Trend


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR