"Dağıstan" bərəsi modernləşdirilir

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Dağıstan” gəmi-bərəsinin “Zığ” Gəmi Təmiri Zavodunda modernləşdirilməsi davam edir.

QSC-dən Metbuat.az-a verilən məlumata görə, modernləşdirilmə prosesi qurumun mühəhdis-texniki heyətinin hazırladığı yeni layihə əsasında həyata keçirilir. Layihədə gəminin güc qurğularının dəyişdirilməsi və yeni reduktorların quraşdırılması nəzərdə tutulub.

Hazırda böyük maşın şöbəsində baş mühərriklərin və reduktorların quraşdırılması əməliyyatı aparılır. Gəmi-bərədə quraşdırılan reduktorlar dünyanın aparıcı şirkəti olan "Wartsila"nın istehsalıdır. Gəmi-bərənin istifadəetmə müddəti bitmiş iki köməkçi mühərriki “Hyundai” markalı mühərriklərlə əvəzlənib. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC təzə baş mühərrikləri Finlandiyadan sifariş edib. “Wartsila” W32 markalı mühərrik dünya gəmiqayırma sahəsində lider brendlərdən hesab olunur.

Avtomobilləri yükləyib-boşaltmaq üçün gəminin yan tərəfindən əlavə qapının (aparel) açılması nəzərdə tutulub. Bu isə gəminin istənilən limanda həm arxa, həm də yan qapıdan yük əməliyyatlarının aparılmasına imkan verəcək. Həmçinin, təmir zamanı gəmi-bərənin bütün idarəetmə sistemləri də dəyişdirilərək daha müasirləri ilə əvəz edilir. Artıq yanacaq yandırma sistemləri əvəzlənməklə buxar qazanı müasirləşdirilir. Bundan başqa, pərlərə nəzarət sistemi, köməkçi burun sükanı, radionaviqasiya və elektrik avadanlıqları da təzələri ilə əvəzlənir. Bərənin bütün köməkçi – yağ, su, balast sistemləri əsaslı təmir olunur. Modernləşdirilmə gəmi-bərənin yanacaq sərfiyyatını 25-30 faizə qədər azaltmağa imkan verəcək. Gəmi-bərə sınaqdan keçiriləndən sonra 14-15 uzellə səfərlərini davam etdirəcək.

Qeyd edək ki, yükgötürmə qabiliyyəti 2425 ton olan “Dağıstan” gəmi-bərəsi 1984-cü ildə istifadəyə verilib. Bərənin avtomobil və vaqon daşımaq üçün 2 göyərtəsi var. Alt göyərtə avtomobil, üst göyərtə isə vaqon daşımaq üçün nəzərdə tutulub.

Xəzərdə yeganə bərə operatoru olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin 13 gəmi-bərəsi Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yüklərin daşınmasına xidmət edir.

Sabaha olan məzənnə AÇIQLANDI - Mərkəzi Bank - Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR