“Dəhşətli səhvdir...” – Ankaradan Qərbə XƏBƏRDARLIQ

“Dəhşətli səhvdir...” – Ankaradan Qərbə XƏBƏRDARLIQ
21:33 17 İyul 2017
77 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə Milli Təhlükəsizlik Şurasının prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə keçirilən toplantısı başa çatıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, 6 saat davam edən toplantının nəticələri barədə yazılı açıqlama verilib.

Açıqlamada bildirilir ki, terror təşkilatlarına qarşı sərgilənən ikili standartlar davam etdiyi müddətdə bölgədə sabitliyin təmin edilməsi mümkün olmayacaq.

“Bəzi müttəfiq ölkələrin PYD-YPG terror təşkilatına verdiyi silah və sursatın PKK terror təşkilatının əlinə keçməsi Türkiyənin haqlılığını bir daha göstərir. Türkiyə bunların fərqli adlar altında fəaliyyət göstərməsinə baxmayaraq, əslində eyni təşkilat olduğunu dəfələrlə bildirib”, - açıqlamada deyilir.

Qeyd edilir ki, Şimali İraq kürd muxtariyyətinin müstəqillik üçün referendumun keçirilməsi barədə qərarı dəhşətli bir səhvdir və arzuolunmaz nəticələr doğuracaq. İraqın ərazi bütövlüyü və siyasi birliyinin mühafizə edilməsinin bölgədə sabitlik, sülh, təhlükəsizlik və rifah üçün vacib olduğu vurğulanıb.

Həmçinin, bildirilir ki, Suriya və İraqdan ediləcək istənilən hücuma beynəlxalq hüquq çərçivəsində cavab veriləcək və Türkiyənin sərhədlərində bir terror dövlətinin yaranmasına əsla icazə verilməyəcək.

Qeyd olunur ki, PKK/PYD-YPG terror təşkilatlarının digər terror təşkilatı olan İŞİD-ə qarşı mübarizə ilə legitimləşdirilməsi qəbuledilməzdir.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/206545.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR