"Bəzən hesab oyunu əks etdirmir" - Qurban Qurbanov

"Bəzən hesab oyunu əks etdirmir"  - Qurban Qurbanov
01:17 18 İyul 2017
62 İdman
Ölkə mətbuatı
A- A+

“Gürcüstanda və onun paytaxtında olmaqdan çox məmnunam. Bu gün biz çox məşhur bir klubun stadionundayıq. Dəhlizdə fotolar mənə keçmiş nəslin tanınmış futbolçularını xatırlatdılar. Komandanın möhtəşəm keçmişi olub”. Fanat.Az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.


 

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda səfərdə “Samtredia” ilə qarşılaşacaq ağdamlıların çalışdırıcısı oyunöncəsi mətbuat konfransında fikirlərini bölüşüb.

 

O, rəqibi güclü komanda hesab etdiyini bildirib: “Bakıdakı böyükhesablı qələbəyə baxmayaraq, 6 gün ərzində bu oyun üçün çox ciddi hazırlaşmışıq. Çünki asan matç olmayacağını bilirik. İlk oyunla müqayisədə daha aqressiv və sərt mübarizənin gedəcəyini düşünürəm. Bir neçə gün əvvəl də demişdim, indi də təkrar edirəm ki, “Samtredia” çox güclü komandadır. Ümumi planda futbolçular mənə çox yaxşı təsir bağışladılar. Bəzən tablodakı hesab meydandakı oyunu əks etdirmir. Düzünü deyim ki, belə bir hesabı heç mən də gözləmirdim. Rəqibin xarakteri onun gücündən xəbər verir. Onları bu şəkildə yenmək istəməzdim”.

 

Təcrübəli mütəxəssis imkan olduğu qədər hücum edəcəklərini də sözlərinə əlavə edib: “Bizim də çatışmazlıqlarımız var, bunları aradan qaldırmaq üçün oyun praktikasına ehtiyacımız var. Nə qədər çox oyun keçirsək, o qədər yaxşıdır. Sabah meydanda tam hazır olan futbolçular yer alacaq. Matça gəldikdə isə rəqibin imkan verdiyi qədər hücum edəcəyik. Hücum etməklə yanaşı müdafiə olunmağı da unutmamalıyıq”.

 

Qurbanov iki ölkə arasındakı qədim əlaqələrdən də bəhs edib: “Gürcüstan və Azərbaycan arasında həmişə yaxşı dostluq əlaqələri olub. “Neftçi” və “Dinamo” həmişə prinsipial matçlar oynayıblar. Son zamanlardakı dəyişikliklər Gürcüstanın klub futbolunu zəiflətdi. Düşünürəm ki, sizin əsas probleminiz çempionatınızda legionerlərin azlıq təşkil etməsidir. Bunun da əsas səbəbi maliyyə məsələləridi. Azərbaycanda isə iki güclü klub var – “Qarabağ” və “Qəbələ”.



Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotbzn-hesab-oyunu-ks-etdirmirquot-t59353.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR