Play Store

"Aİ 92" benzini yenidən bahalaşa bilər - "Tarif Şurasına müraciət olarsa..."

Azərbaycanda 92 oktan ədədi ilə benzinlər idxal rüsumundan azad edilib.

Bununla bağlı “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”ndə dəyişikliklər edilib. SOCAR-dan bildiriblər ki, Nazirlər Kabinetinin bu qərarı Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda planlı profilaktika ilə əlaqədar neft məhsulları istehsalının müvəqqəti dayandırılması ilə bağlıdır. Bunun nəticəsində müəyyən həcm xaricdən idxal olunacaq.

“Bu, yerli bazarın tələbini ödəməklə bağlı gələcəkdə yarana biləcək problemin qarşısının alınması üçün atılan addımdır”.

Bu sözləri Metbuat.az-a açıqlaması zamanı iqtisadçı Natiq Cəfərli bildirib. Onun sözlərinə görə, neftayırma zavodu təmirə dayanandan sonra yerli istehsal bazarı çatdırmaya bilər:

“Xaricdən alınan məhsul çox baha başa gəldiyi üçün rüsumlar tam ləğv olundu. Xarici valyuta ilə gətirilən məhsuılun üzərinə rüsum da əlavə olunsaydı, yenidən “Aİ-92” markalı benzinin bahalaşmasının şahidi ola bilərdik. Bu ilin sonu, gələn ilin əvvəli bir neçə istehsal sahələri təmirlə əlaqəli dayanmalı olacaq. Ola bilər ki, bazar bir müddət yerli tələbatı tam ödəyə bilməsin".

Qiymətlər yenidən bahalaşa bilər?

İqtisadçının sözlərinə görə, Azərbaycanda “Aİ-92” marakalı benzin Tarif Şurasının tənzimlədiyi qiymətlərlə satılır:

“Gələcəkdə yerli istehsal çatışmasa, xaricdən gətirilən məhsul manat ekvivalentində daha baha başa gəlsə, ola bilər ki, benzinin qiymətinin qalxması ilə bağlı Tarif Şurasına yenidən müraciət olunsun. Amma bunun yaxın gələcəkdə olacağını düşünmürəm”.

Qeyd edək ki, Nazirlər Kabinetinin digər qərarı ilə Azərbaycan ərazisinə gətirilən bu benzinlərə tətbiq edilən aksiz dərəcələri 1 ton üçün 200 manatdan 1 manata endirilib. Bu qərarlar 90 gün müddətində qüvvədə olacaq.

Benzinlə bağlı vacib xəbər - Az öncə açıqlandı – OXUMAQ ÜÇÜN TIKLAYIN!

Xəyalə Məmmədova / METBUAT.AZ  


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR