Yeni qarşıdurmanın kod adı "Radikal İslam"

17:22 8 Yanvar 2015
82 Digər
Ölkə mətbuatı
A- A+

Dünən Parisdə "Charlie Hebdo" satirik nəşrinin redaksiyasına silahlı hücum, yanvarın 6-da isə Türkiyədə polis məntəqəsində törədilən partlayış bir daha söyləməyə əsas verir ki, müasir dünyamızda kökündən həll edilməli məsələlərdən biri də istər dini, istərsə də siyasi zəmində törədilən terrordur.

Ümumiyyətlə, son illərdə həm Avropada, həm də bir çox müsəlman ölkələrində baş verən terror aktlarının xronologiyasına nəzər yetirilsə, terrorçuların sadəcə bir dinə mənsub olmadığını görmək mümkündür. Bu isə öz növbəsində onu söyləməyə əsas verir ki, birmənalı olaraq terrorun nə dini, nə də milliyyəti var.

Dünənki hadisədən sonra bu gün Fransanın Vilfranş-sür-Son şəhərində məscid yaxınlığında partlayış törədildi. Bu isə öz növbəsində terrorun hər hansı bir dinə şamil edilməsinin ciddi fasadlar verə biləcək qədər təhlükəli və yanlış fikir olduğunu söyləməyə əsas verir.

Konkret olaraq Parisdə baş verən terror aktına gəlincə, rəsmi bir açıqlama verilmədən, cinayətkarlar tutulmadan əvvəl nədənsə ilk növbədə canilərin məhz müsəlman olduqları barədə fikirlər söylənildi.

Məgər qloballaşan dünyada kiminsə adının Əhməd, Məhəmməd olması onun dindar olmasınamı dəlalət edir?

Fransadakı terror aktının hər nə qədər müsəlmanların və İslam dünyasının adına çıxarılmasına çalışılsa da, insidentdə diqqətdən qaçırılan məqamlar var.

Hərbi baxımdan yüksək səviyyədə hazırlıqlı olan cinayətkarların “Allahu Əkbər” qışqıraraq "biz "Əl Qaidə"çiyik" deməsi faktı olsa da, onların ideoloji baxımdan əsla iddia etdikləri quruma aid olmadığı açıq şəkildə görünür. Ən azından ona görə ki, nə qədər primitiv görünsə belə, “cihad düşüncəsi” ilə süslənən “Əl Qaidə” ideologiyasına məxsus şəxslərin sol əllə şəhadət gətirmələri mümkün deyil. Bu isə onu söyləməyə əsas verir ki, baş verən insident nə qədər düşünülmüş olsa da, terror aktını hazırlayan dairələr kiçik görünən, lakin ciddi əhəmiyyət kəsb edən məqamlardan xəbərsizdirlər.
Digər maraqlı məqamlardan biri də, terrorçuların cinayətdən sonra qaçdıqları avtomobildə səxsiyyətlərini təsdiq edən sənədləri unutmasıdır.

Hücumun məhz İslam dəyərləri ilə yanaşı, xristian dəyərlərini də söz azadlığı altında təhqir edən "Charlie Hebdo" satirik nəşrinin redaksiyasına və məhz indi edilməsi isə, heç də təsadüfü deyil.

Bu gün Qərbdə artan islamofobiya və Yaxın Şərqdə, xüsusən də İraq və Suriyada baş verənlər nəzər alınsa, hadisənin həm Qərbə, həm də İslam dünyasına, daha doğrusu, bir çox problemlərdən dolayı radikallaşmağa meyl edən gənclərə ismarış olduğunu görmək mümkündür.

Baş verən insidentlə Qərbə verilən ismarışa gəlincə, bu, gün kimi aydındır – İslam Qərb dəyərləri üçün təhlükədir və bu təhlükədən tez bir zamanda qurtulmaq lazımdır.

İslam dünyasındakı radikallara mesaja gəlincə isə, baş verən hadisə ilə müəyyən qüvvələr radikallaşmağa meyilli olanlar arasında “Əl Qaidə” və “İslam Dövləti” terror təşkilatına rəğbəti çoxaltmağa çalışırlar. Bu isə ilk növbədə İslam dünyası üçün ciddi təhlükədir.

Dinlərin əslində bir çox ciddi problemlərin qarşısını almaq potensialı olmasına baxmayaraq, bəzi qüvvələr tərəfindən həm Qərbdə, həm də bəzi müsəlman dövlətlərində dini zəmində nifrət toxumu səpilməklə, qarşıdurmanın olmasına səy göstərilir. Bu qarşıdurmanın kod adı isə “Radikal İslamdır”.

Rufiz Hafizoğlu
Trend - Ərəb xəbərlər xidmətinin rəhbəri

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR