Penitensiar xidmətdə əməliyyat müşavirəsi keçirilib

Penitensiar xidmətdə 2017-ci ilin birinci yarımilliyinin yekunlarına həsr olunan əməliyyat müşavirəsi keçirilib.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Metbuat.az-a verilən məlumata görə, müşavirədə Penitensiar xidmətin rəhbərliyi, tabe qurumların rəis heyəti və Ədliyyə Nazirliyinin məsul əməkdaşları iştirak edib. 

Ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi, ədliyyə general-mayoru Ceyhun Həsənov tədbiri açaraq, prezident İlham Əliyevin sədrliyi ilə iyulun 12-də keçirilmiş 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə qaldırılan məsələlərlə bağlı ədliyyə orqanlarının üzərinə düşən vəzifələrin icrası istiqamətində bir sıra kompleks tədbirlərin nəzərdə tutulduğunu bildirib. 

Qeyd olunub ki, 10 fevral 2017-ci il tarixində prezidentin Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə imzaladığı Sərəncamın icrası üzrə müvafiq komissiya yaradılıb. Komissiya tərəfindən müvafiq xidmət sahələrinin fəaliyyətinin təkmilləşdirilməsi, məntəqə tipli cəzaçəkmə müəssisələrində işin qanunvericiliyə uyğun təşkili, əməkdaşların sosial müdafiəsi və digər məsələlər üzrə hazırlanmış təkliflər Ədliyyə nazirinə təqdim edilib. 

Penitensiar xidmətin rəis müavini, ədliyyə polkovniki Oqtay Məmmədov xidmətin 2017-ci ilin birinci yarımilliyi ərzindəki fəaliyyətinin yekunlarına dair hesabat məruzəsi ilə çıxış edib. Bildirilib ki, həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində hesabat dövründə 72 mobil telefon, 79,343 qram müxtəlif narkotik və psixotrop maddələr, 58 litr qıcqırdılmış maye aşkar edilərək götürülüb və həmin faktlar üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti hüquq-mühafizə orqanlarına təqdim olunub. Digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyət nəticəsində 297 müxtəlif, o cümlədən xüsusilə ağır cinayətlərin üstünün açılmasına köməklik göstərilib. Hesabat dövrü ərzində pozuntulara yol verən 132 əməkdaş intizam məsuliyyətinə cəlb olunub, 6 əməkdaş tutduğu vəzifədən azad edilib, 10 əməkdaş isə ədliyyə orqanlarından xaric olunub. 

Əməliyyat müşavirəsinə yekun vuran ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi, ədliyyə general-mayoru Ceyhun Həsənov məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının daha etibarlı təmini, əməliyyat-axtarış və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, rejim və davranış qaydalarına dönmədən riayət olunması, qanunsuz əşyaların ötürülməsi və dövriyyəsinin qarşısının alınması məqsədilə preventiv tədbirlərin həyata keçirilməsinə dair tapşırıqlar verib. Eyni zamanda nazir müavini nizam-intizamın gücləndirilməsi, islah və tərbiyə işinin səmərəliliyinin artırılması, penitensiar müəssisələrdə istehsalat sahələrinin genişləndirilməsi və kadrlarla işin təkmilləşdirilməsi istiqamətində səylərin artırılmasının, özbaşınalıq, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, korrupsiya halları ilə mübarizənin daim diqqət mərkəzində saxlanılmasının vacibliyini vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR