Play Store

XİN: Yaxın Şərqdə sabitliyin bərqərar olması vacibdir - FOTOLAR

Bu gün Bakıda Qüds məsələsi ilə bağlı beynəlxalq konfrans öz işinə başlayıb.

"Qüds və beynəlxalq ictimaiyyət: siyasi və iqtisadi dəstəyin göstərilməsi" adlı konfrans BMT, Xarici İşlər Nazirliyi (XİN) və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) tərəfindən keçirilir.

XİN-in xüsusi tapşırıqlar üzrə elçisi Şahin Abdullayev bildirib ki, Yaxın Şərqdə sabitliyin bərqərar olması vacibdir.

O qeyd edib ki, Yaxın Şərqdə sülhün bərpa olunması üçün beynəlxalq ictimaiyyət Şərqi Qüds məsələsinə diqqəti artırmalıdır: “Şərqi Qüdsün statusu və Haram-əl-Şərif (Məbəd dağı) məsələlərinin həlli çox vacibdir. Azərbaycan həm İsraillə, həm də Fələstinlə yaxşı münasibətlər qurub. İsrail ilə yaxşı münasibətlərimiz bizə Fələstin dövlətini dəstəkləməkdə mane olmur, çünki onun ərazisi işğal edilib. Azərbaycan bu münaqişənin həllinə hər cür kömək etməyə çalışır və həmişə bu məsələ ilə bağlı mövqeyini açıq bəyan edir”.

BMT baş katibinin siyasi məsələlər üzrə köməkçisi Miroslav Yença çıxışında qurumun münaqişənin həlli üçün səylərini davam etdirəcəyini bildirib. O qeyd edib ki, yalnız birgə fəaliyyət göstərərək mövcud münaqişənin həlli üçün irəliyə doğru addım atmaq olar.

BMT-nin Fələstin xalqının ayrılmaz hüquqlarının həyata keçirilməsinə dair Komitənin nümayəndəsi Rafael Dario Ramirez Karenyo isə Qüdsdə baş verənlərin bütün dünyaya təsir etdiyini deyib. O bildirib ki, bu məsələ dini fanatiklərin əlindən alınmalı, orada yaşayan insanların xeyrinə ola biləcək danışıqlar aparılmalıdır: "Turizm və infrastrukturun bərpası Qüdsün fələstinlilər yaşayan hissəsinin inkişafına təkan verəcək".

İƏT baş katibinin köməkçisi Samir Bəkr təmsil etdiyi təşkilatın da Qüds və fələstinlilərin müdafiəsi üçün səylərini davam etdirəcəyini deyib. O bildirib ki, hazırda Qüdsdə baş verən hadisələr beynəlxalq hüquq və Cenevrə Konvensiyasına ziddir, bu problem regional təhlükəsizliyi təhdid edir.

Fələstin dövlətinin BMT-də nümayəndəsi Riyad Mənsur Məbəd dağına daimi girişi dəstəkləyən kommünikenin qəbul edilməsinin vacibliyini vurğulayıb. R.Mənsur dindarların yolunda maneələrin tamamilə aradan qaldırılmasının vacibliyini, kommünikenin konfrans iştirakçıları tərəfindən dəstəklənəcəyinə ümidvar olduğunu bildirib. O, Azərbaycanı həm Fələstinin, həm İsrailin dostu adlandırıb və ölkəmizin bu məsələdə yeni ideyalar verməklə hər iki tərəfə münasibətlərin bərpasında kömək edə biləcəyini deyib. //Trend


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR