"Kramer həmişə qərəzli olub"

"Kramer həmişə qərəzli olub"
17:47 8 Yanvar 2015
124 Digər
Ölkə mətbuatı
A- A+

Siyasilər ölkəmizi əsassız şəkildə tənqid etməyin yersiz olduğunu deyirlər
“Kramer həddindən artıq Ermənistana bağlı adamdır. Hətta Freedom House-un sabiq rəhbəri ermənilərin siyahısında mənşəcə erməni əsilli biri kimi təqdim olunur. Belə çıxır ki, Sarkisyanın, yəni, onun adamlarının əlində bu cür təşkilat var və onlar fürsətdən yararlanmaqla ölkəmiz əleyhinə güclü anti-təbliğat apara bilirlər”. Bu sözləri qəzetimizə açıqlamasında politoloq Mübariz Əhmədoğlu Freedom House-un keçmiş rəhbəri Devid Kramerin ölkəmiz əleyhinə yönəlik fikirlərinə münasibət bildirərkən dedi. Bildirdi ki, ABŞ-ın ölkəmizə qarşı bu cür qərəzli davranışında Ermənistanın əlinin olduğu dərhal hiss olunur: “Təbii ki, ölkəmizin regionun lider dövləti olması onları qorxudur. Azərbaycanın durmadan inkişaf etməsi və onları blokadada saxlaması təşvişə düşmələrinə səbəb olur. Təəssüf ki, işğalçı ölkənin havadarları bu işdə onlara yardım etməkdən çəkinmirlər. Görürsünüz ki, Azərbaycana qarşı həyəcanlanma, səbirsizlik getdikcə artmaqdadır. Bunun yeganə səbəbi ölkəmizin sürətli inkişafıdır. Ermənistanın bütün pulları xaricdəki təşkilatlarına, qurumlarına, əlaltılarına xərclənir ki, imicimizə zərbə vursunlar. Azərbaycanın Avropada güclənməsinə imkan vermək istəmirlər”.

M.Əhmədoğlunun fikrincə, ölkəmizə qarşı kampaniya aparanlar təkcə ermənilər və onların havadarları deyil: “Qərbin ölkə daxilində qarışıqlıq yaratmaq arzuları çoxdan faş olunub. Təəssüf ki, ölkəmizə qarşı münasibətlərini hələ də normallaşdırmayıblar. Bundan da betəri odur ki, onların məkrli planlarının gerçəkləşməsində xaricilərdən, ermənilərdən daha çox canfəşanlıq edən “azərbaycanlılar” var. Hamınız onları yaxşı tanıyırsınız. Ermənilərlə əlbir olaraq ölkə əleyhinə ciddi kampaniya aparır, qarayaxma ilə məşğul olurlar. Çünki onlar xaricdən pul vəsaiti alırdılar və sırf bu cür işlər görmələri üçün maliyyələşirdilər. Onlar süni şəkildə insan haqlarının pozulduğu görüntüsü yaratmağa can atır, ölkədə vəziyyətin pis olduğunu car çəkirdilər. Bu məqamlar isə xarici qüvvələrin əlində ölkəmizə təzyiq etmək üçün “kozor”a çevrilib”.

Politoloq onu da qeyd etdi ki, Qərbin ölkəmizə qarşı qərəzli davranması birinci dəfə deyil: “Bununla bağlı kifayət qədər tutarlı faktlar var. Elə bir-iki nümunə göstərmək əslində həqiqətin necə olduğunu məlum edir. Çox uzağa getməyim. Region dövləti olan Gürcüstanda müxalifətçi jurnalistlər öldürülür, etirazçılar həbs olunur. Təbii ki, Ermənistanda vəziyyət lap acınacaqlıdır. Amma Azərbaycanda insan haqlarından danışan Qərb heç vaxt bu məqamlara toxunmur, heç nə olmamış kimi davranır. Freedom House-un sadaladığım məqamlarla bağlı reaksiyası varmı? Xeyr. Ermənilərin öz hesabatlarında hökumətin redaksiyalara hücumundan danışılır. Amma Qərb bunu görmür və eşitmir. Kramer Ermənistanda döyülən, həbs edilən müxalifətçilər haqda niyə danışmır? İnsan haqlarının pozulması onları narahat etmirmi?”

Müsahibimiz qeyd etdi ki, Bakıda keçiriləcək ilk Avropa oyunları haqda deyilənlər sadəcə, bəhanədir: “Bu, onların köhnə siyasətlərinin davamıdır. Azərbaycana təzyiq göstərməklə istədiklərinə nail olmaq istəyirlər. Narazı qaldıqları məqamlardan biri də Azərbaycanın Qarabağ mövzusundakı kəskin dirənişidir ki, onu dəyişilməsinə, yumşalmasına nail olmaq istəyirlər. Sadəcə, hazırda gündəmdə olan Avropa oyunlarının adını hallandırırlar və onu boykot etməyə çağırırlar. Hamısı bəhanələrdir. Hadisələrin, gedişatın Avropa oyunları ilə əlaqəsi yoxdur. Onlar ölkəmizə qarşı qərəzli kampaniyalara start verəndə heç bu oyunların Bakıda keçiriləcəyi məlum deyildi. İndi onun adını çəkməklə reallıqdan xəbəri olmayan az sayda adamı aldatmaq olar, amma əksəriyyət nəyin nə olduğunu çox gözəl bilir. Nahaq yerə belə yollarla Azərbaycan xalqına, hakimiyyətinə “xox” gələ biləcəklərini düşünürlər”.

Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə də belə fikirlərdə təəccüblü bir şey görmədiyini dedi. Xatırlatdı ki, bu, ənənəvi davranış, çıxışlar silsiləsinin davamıdır: “Amerikanın mövqeyinin nə olduğunu bilməyən yoxdur. Qərb indi də həmişəki mövqeyindədir. Onlar hədəfə götürdüklərinə tənqid yağdırır, demokratiya, insan haqları sahəsində vəziyyətin pis olduğunu bəhanə gətirərək hücuma keçirlər. Məlumdur ki, həmişə SSRİ-nin də, Rusiyanın da təşkil etdiyi olimpiadaları boykot ediblər. Bundan nə qazanıblar? Heç nə. Boykot etdikləri olimpiada gözlənildiyindən də yüksək səviyyədə baş tutub. Ona görə də belə fikirlərə əhəmiyyət vermək lazım deyil. Bu cür sözlərin heç vaxt nəticəsi olmayıb. Qərəzli şəkildə tənqid etdikləri dövlətlərə heç nə edə bilməyiblər. Ümumiyyətlə, bu cür mövzularda danışarkən ehtiyatlı olmaq lazımdır. Çünki olan dövlətlərə deyil, idmançılara olur. Nəticə olaraq, zərər onlara dəyir. Ciddi rejimlə yarışa hazırlaşan oyunçular həvəsdən düşür, medalsız qalır. Belə fikirlər gülməlidir. Çünki siyasətçi başını idmana soxursa, idman birmənalı şəkildə heç nə qazanmır, itirir. Ona görə də ölkəmiz haqda səsləndirilən tənqidi fikirlərə əhəmiyyət vermək lazım deyil. Əmin olun ki, belə sözlərlə bizə bir şey olan deyil. Avropa Oyunları da necə lazımdır keçiriləcək. Artıq dünya bu cür sözatmalardan, yersiz tənqidlərdən bezib. Ona görə də daha belə sayıqlamalara fikir verən yoxdur”.

Kaspi.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR