Maskası cırılan beynəlxalq təşkilatlar

Maskası cırılan beynəlxalq təşkilatlar
17:52 8 Yanvar 2015
227 Digər
Ölkə mətbuatı
A- A+

Erməni girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı baş verənlər bəzi qurumları bizə bir daha tanıtdı
Erməni girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı baş verənlər insanı heyrətə gətirir. Uzun illərdir Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində yaşadıqlarımızı girovlarla bağlı baş verənlərdə də yaşamaqdayıq. Öz torpaqlarında düşmən tərəfindən girov götürülən bu iki mülkü vətəndaşın başına açılan oyunlar adamı dəhşətə gətirir. D.Əsgərov və Ş.Quliyev torpağını, vətənini, xalqını sevən insanlardır. Onlar ölümü göz önünə alaraq, doğma yurd-yuvalarına gedirdilər, ata-babalarının məzarlarını, kəndlərini ziyarət edirdilər. Ermənilər isə onları öz doğma torpaqlarında diversant adı verərək həbs edib, bunu şouya çeviriblər. Sonra da onlara oyuncaq məhkəmə prosesi qurub, haqlarında məhkəmə hökmü çıxarıblar.

Faktiki olaraq bu iki şəxsin həyatı ilə oyun oynanılır. Azərbaycan dövləti, qeyri-hökumət təşkilatları, ölkə ictimaiyyəti baş verənləri ürək ağrısı ilə izləyir. Baş verənlərlə bağlı haray salınır, beynəlxalq təşkilatlara müraciətlər edilir. Amma heç bir reaksiya yoxdur. Gördüyümüz yalnız beynəlxalq təşkilatların azərbaycanlı girovlar məsələsinə əcaib münasibətidir. Nə ATƏT-in Minsk qrupu həmsədrlərindən, nə həmsədr dövlətlərin təmsilçilərindən, nə də dünyada humanitar missiya daşıyıcısı olan beynəlxalq təşkilatlardan bir reaksiya var. Sanki belə bir hadisə ümumiyyətlə olmayıb. Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi ilə bağlı prezident İlham Əliyevin tapşırığına uyğun olaraq 7 beynəlxalq təşkilata, o cümlədən BMT baş katibinə, Avropa Şurası, Avropa İttifaqı və ATƏT-in rəhbərlərinə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidentinə, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına, insan hüquqları komissiyalarının sədrlərinə rəsmi müraciət göndərilib. Dünyada elə bir mühüm beynəlxalq təşkilat qalmayıb ki, Azərbaycan hökuməti adından ora müraciət göndərilməsin. Artıq bütün beynəlxalq təşkilatlardan müraciətlərə rəsmi cavab da gəlib.

Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun da dediyi kimi, həmin cavabların içərisində beynəlxalq hüquq normalarına uyğun olmayan fikirlər, formal, bürokratik şəkildə yanaşmalar çoxluq təşkil edir. Yalnız bəzi təşkilatlar baş verənlərə görə üzr istəyib, bəziləri isə məsələyə obyektiv yanaşaraq ermənilərin bu əməllərini həqiqətən də pisləyərək, qanunsuz hesab etdiklərini bildiriblər. Amma quldur rejimin əlində girov qalan iki insanın taleyi ilə bağlı konkret heç bir mövqe yoxdur. Heç bir beynəlxalq təşkilat bu məsələ ilə bağlı Ermənistanın quldur rejimini öz adı ilə günahlandırmır.

Bütün bunlar əksər beynəlxalq təşkilatların bəzi dövlətlər tərəfindən öz maraqlarının təmin edilməsi üçün yaradıldığını əyani şəkildə göstərir. Bir daha aydın olur ki, həmin təşkilatlar ancaq həmin dövlətlərə lazım olanda fəal olub, konkret addımlar ata bilirlər. Həmin təşkilatlar bizim girovlarla bağlı məsələyə biganə yanaşırlarsa, ən yaxşı halda üzr istəyirlərsə, onda belə təşkilatlar kimə lazımdır?

Belə olan halda təbii ki, bölgədə haqsızlıqlar, işğala cəhd faktları davam edəcək. Sirr deyil ki, erməni xalqı 100 ildir, türklərin genosidi ilə məşğuldur. İndiyədək də buna görə heç bir beynəlxalq təşkilat tərəfindən onlara "gözünüz üstə qaşınız var" deyən olmayıb. Bunun nəticəsidir ki, keçən əsrin əvvəlindəki qırğınlar sonra da davam etdirilib.

90-cı illərdə əliyalın Azərbaycan xalqı silahlı ermənilərin qarşısında köməksiz durumda qalmışdı. Amma artıq Azərbaycan dövləti əvvəlki deyil. Müstəqil respublikamız xeyli güclənib və regionun lider dövlətinə çevrilib. Bu gün Azərbaycan ordusu öz torpaqlarını da, girovlarını da azad etmək iqtidarındadır. Sadəcə olaraq Azərbaycan dövləti öz böyüklüyünü nümayiş etdirib neçə illərdir sülh danışıqlarında vasitəçilik edən, münaqişənin sülh yolu ilə həllinə yardımçı olmaq öhdəliyi götürmüş beynəlxalq təşkilatlara, Dilqəm və Şahbazın işində etinasızlıq nümayiş etdirən təşkilatlara nümunə olur. Əlbəttə ki, ermənilər çirkin əməllərindən əl çəkməsələr, Azərbaycan torpaqlarını və girovları düşməndən müharibə yolu ilə azad etməyə məcburdur. Amma təbii ki, Azərbaycan dövləti bunun qan-qadasız başa gəlməyəcəyini anlayır və eyni zamanda regionda sabitliyin pozulmasını da istəmir. Ona görə dözür. Təsəvvür edin ki, biz beynəlxalq təşkilatların maraqlarını nəzərə alaraq torpaqlarımızın, girovlarımızın güc yolu ilə azad olunmasına getmirik, onlar isə bizim problemlərimizə bu qədər laqeyd yanaşırlar. Bütün bunlar həmin beynəlxalq təşkilatların əslində mövcud olmadıqlarını, sadəcə olaraq bəlli dövlətlərin maraqlarının müdafiəsinə xidmət etdiklərini bir daha sübut etmiş olur.

Son 20 ildə yaşadıqlarımız, elə Dilqəm və Şahbazın işi ilə bağlı baş verənlər beynəlxalq təşkilatları bizə çox yaxşı tanıdıb. Artıq bizə yaxşı məlumdur ki, müasir dünyada beynəlxalq hüquq deyilən anlayış yoxdur. Dünya böyük güclər tərəfindən idarə edilir. Ermənistan, onun quldur rejimi isə bu güclərin əlində müstəqil Azərbaycana təzyiq vasitəsi kimi istifadə edilir. Ona görə də biz nicatı ancaq özümüzdə, öz silahlı qüvvələrimizdə, öz dövlətimizdə axtarmalıyıq. Dağlıq Qarabağın işğaldan, Dilqəmlə Şahbazın girovludan azad olunmasını da yalnız özümüz reallaşdıracağıq. Necə ki Azərbaycan dövləti Ramil Səfərovu vətənə gətirərək həbsdən azad etməyi bacardı, Dilqəm və Şahbazı da girovluqdan qurtarmağı bacaracaq. Bizə sadəcə zaman lazımdır. Bu zaman həm də ətrafdakıların maskalarının cırılmasını təmin edir. Maskası cırılanlar arasında beynəlxalq təşkilatlar da var.

Kaspi.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR