Sarımsaq iyinin öhdəsindən necə gəlmək olar?

Sarımsaq iyinin öhdəsindən necə gəlmək olar?
17:57 8 Yanvar 2015
1547 Sosial
Ölkə mətbuatı
A- A+

Sarımsaq qoxusunu süd aradan götürür
Havaların soyuması ilə bağlı olaraq qrip və soyuqdəymədən qorunmaq üçün soğan-sarımsaqdan daha çox istifadə edirik. Soğan və sarımsağın dadından, çiy halda iyindən zövq alanlar olsa da, yedikdən sonra ağızdan gələn qoxunu bəyənənlər yoxdur. Bu iyin qarşısını almaq üçün saqqız və nəfəsi təravətləndirən vasitələr də effektsizdir.

Stomatoloq Təranə Kərimovanın sözlərinə görə, sarımsağı yedikdən sonra yaranan pis qoxu onun tərkibindəki maddələrin ağızda yerləşən bakteriyalarla kimyəvi reaksiyaya girməsi ilə bağlıdır: "Sarımsağın iyini aradan götürmək çətindir. Ona görə də, iyin yaranmasının qarşısını almaq lazımdır. Bunun üçün sarımsağı yeməzdən əvvəl bir stəkan süd için. Süddə olan kalsium sarımsaq iyinin kəskinləşməsinin qarşısını alır. İnsanın nəfəsindən sarımsaq qoxusu gəlmir".

Sarımsağın iyindən qurtulmaq üçün onu yeyərkən də süd içmək məsləhətdir. Tərkibində sarımsaq olan salat və ya isti yeməklər yedikdə süd içərək nəfəsi təravətli saxlamaq olar. Südün yağlılığı çox olduqca effekt güclü olur. Süd sevməyənər əvəzinə 12 faizlik qaymaq yeyə bilərlər. Sarımsaq iyinə qarşı göbələk yemək də kömək edir. Amma onun iyini digər vasitələrə nisbətən məhz yağlı süd daha yaxşı götürür.

Stomatoloq bildirib ki, sarımsaq yedikdə qoxu yalnız ağız boşluğu və nəfəsdən deyil, dərinin məsamələrindən də gəlir: "Süd içdikdə isə sarımsağın qoxuya səbəb olan maddələri bağırsaqda bölünmür. Bu səbəbdən də tər və ya nəfəslə xaric olunmur".

Əgər sarımsağı yeyərkən süd içməmisiz və artıq ağızdan xoşagəlməz qoxu gəlirsə, iyi xalq təbabəti üsulları ilə aradan götürmək olar. Məsələn, sarımsaq yedikdən sonra qoz ləpəsini çeynəmək və yetərincə əzildikdən sonra tüpürmək lazımdır. Bunu 2-3 dəfə təkrarladıqda yaxşı effekt verir. Sarımsağın iyini aradan götürmək üçün yeməkdən sonra cəfərinin gövdəsini, yarpaqlarını və ya köklərini çeynəmək olar. Yeməkdən sonra dişləri, damaq və dili diş üçün vasitələrlə fırçalamaq da iyi azaldır. Limon, portağal və ya narıncı qabığı çeynəmək də kömək edir. Qərənfil, darçın çeynəmək də iyi aradan götürür.

Sarımsağı yedikdən və ya soyub doğradıqdan sonra əllərdən də sarımsaq iyi gəlir. Bəs bunun qarşısını necə almaq olar? Bununla bağlı kosmetoloq və dermatoloq Leyla Məhərrəmova ilə məsləhətləşdik. Onun dediyinə görə, əllərdən pis qoxunun keçməsi üçün əlləri sabunla yuduqdan sonra limon sürtmək lazımdır. Bunları edərkən dırnaq altına xüsusi diqqət verilməlidir. Əllərə bitki yağı da sürtmək olar. Güclü limonlu qabyuyan vasitəsilə əli yuyub dəri qurumasın deyə bitki yağı və ya əl kremi də sürtmək olar. Bu vasitələr iyin itməsinə də kömək edəcək.

Bu üsulları başqaları ilə qarışdıraraq daha effektiv nəticə almaq olar. Misal üçün, ələ limon sürtmək, bundan sonra duz sürtüb əlləri süd ilə yumaq və sonda bitki yağı sürtmək lazımdır.

Qeyd edək ki, sarımsaq kimi soğan da sağlamlığımız üçün çox xeyirlidir. Bu səbəbdən də iyinə görə onu yeməkdən imtina etmək düzgün deyil. Soğanı yedikdən sonra da ağızdan və nəfəsdən kəskin qoxu gəlir. Stomatoloq Təranə Kərimova bildirib ki, dilin üzərindəki məsamələrdə soğanın hissəcikləri qalaraq iy verməyə başlayır: "Hissəciklər dilin üzərində qalır və tüpürcək ilə birləşərək iylə yanaşı tam da verir. Soğandan gələn qoxunun qarşısını almaq üçün müxtəlif üsullardan istifadə etmək olar. Misal üçün, soğanı xırda-xırda doğranmış halda yemək lazımdır. Belə olduqda soğanı çeynəmək asan olur və tez udulduğu üçün hissəcikləri dilin üzərində az qalır".

Əgər qidada baş soğandan istifadə etmək istəyirsizsə, soğanı qidaya əlavə etməzdən əvvəl onu doğrayıb süzgəcə qoyun. Üstünə qaynar su töküb suyunu süzün. Bunu etdikdə soğanın faydası azalmır, sadəcə acılıq və qoxu verən maddələri qaynar su ilə yuyulur.

Soğan yedikdən sonra iy gəlməsin deyə dərhal ağzınızı ilıq su ilə yaxalayıb badam, qoz və ya cəfəri çeynəyin. Çiy soğanla hazırlanmış qidanı o biri yemək növlərindən əvvəl yeməyə çalışın. Belə ki, soğanlı yeməkdən sonra yediyiniz yemək soğanın hissəciklərini dilinizdən xeyli çıxaracaq. "Mümkündürsə, qidadan sonra dişlərinizi fırçalayın. Dil və damaqların təmizliyinə xüsusi fikir verin. Diş fırçası və diş tozu ilə dili və damağı yaxşı yuyun. Sarımsaq iyində olduğu kimi, soğan iyininin də aradan götürülməsi üçün limon qabığını çeynəmək məsləhətdir".

Yemək bişirdikdə əlcək istifadə etməyən qadınların əli soğan iyi verməyə başlayır. İyi aradan götürmək üçün kosmetoloq Leyla Məhərrəmova əlləri suda islatmağı, sonra xırda duzu götürüb əlləri duzla massaj etməyi məsləhət görür: "Duz yerinə kofe ilə də əlləri massaj etmək olar. Massajdan sonra əllərinizi su ilə yaxalayın və iy keçib gedəcək. İyə qarşı sirkə də effektivdir. Pampıq və ya təmiz əski parçasını 9 faizlik süfrə sirkəsində isladıb əllərə sürtün. Sonra 1 xörək qaşığını 1 stəkan suda həll edib alınan qarışığı əllərinizin hər tərəfinə töküb əllərinizi suda yaxalayın. Duz və soda vasitəsilə də əllərdəki pis qoxunu aradan götürmək olur. Bunun üçün dərin qabda 1 çay qaşığı sodanı, 1 xörək qaşığı duzu və 2 stəkan suyu qarışdırın. Əllərinizi qarışığa salıb 2-3 dəqiqə saxlayın. Əllərinizi çıxardıqdan sonra həmin qarışıqla bıçaq və soğanı doğradığınız qabı da yuya bilərsiz. Əllərinizi limonu iki yerə bölüb, bölünmüş hissələrlə də sürtə bilərsiz. Və ya limonu sıxıb iki xörək qaşığı ilə əllərinizi yuya bilərsiz. Bundan sonra əllərinizi mütləq ilıq su ilə yuyun".

Soğan iyi yalnız ağız və əllərdə deyil, qaşıq, çəngəl, bıçaq və digər dəmir qablarda da qalır. İyi yox etmək üçün onları quru duz, limon dilimi, sirkə ilə sürtmək lazımdır. Bu məsləhətlərə riayət etməklə soğan və sarımsağı rahat yemək olar.

Ekspress.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR