Prosineçki: "Güclü bir futbolçu Azərbaycan millisində çıxış edəcək"

Prosineçki: "Güclü bir futbolçu Azərbaycan millisində çıxış edəcək"
18:36 8 Yanvar 2015
186 İdman
Ölkə mətbuatı
A- A+

Eddi İsrafilov yığmamızda oynamaq təklifini qəbul edib.

Bu barədə ANS PRESS AFFA-nın saytına istinadən məlumat verir.

Bundan əvvəl AFFA ilə İspaniyanın “Qranada” klubunda çıxış edən əslən azərbaycanlı E.İsrafilov arasında futbolçunun yığmamızda oynaması ilə bağlı danışıqlar aparılırdı.

Futbolçunun anası və meneceri bu gün Bakıda olub, AFFA-nın baş katibi Elxan Məmmədovla görüşüb. Görüş başa çatdıqdan sonra assosiasiyanın inzibati binasında AFFA-nın baş katibi E.Məmmədov, E.İsrafilovun anası İradə İsrafilova və yığma komandanın baş məşqçisi Robert Prosineçki jurnalistlərin suallarını cavablandırıb.

E.Məmmədov bildirib: “İlk növbədə qeyd etmək lazımdır ki, uzun müddətdir Eddi ilə danışıqlarımız davam edirdi. Onları Bakıya dəvət etdik. Təəssüflər olsun ki, Eddi özü klubunun məşqi olduğu üçün gələ bilmədi. Lakin onun anası dəvətimizi qəbul edib 17 illik fasilədən sonra vətəninə qayıtdı. İradə xanım Bakıya xoş xəbərlə gəldi və dedi ki, Eddi Prosineçkinin dəvətini gözləyir. 2012-ci ildən onunla əlaqə saxlayırdıq. Onun valideynləri, meneceri ilə söhbətlərimiz olmuşdu. O zaman Eddi gənc idi və La Liqada oynamırdı. Onun potensialı tam görünmürdü. Həm bizim, həm onun tərəfindən şübhələr var idi. Həm də o, İspaniya yığmasından da dəvət gözləyirdi. Əvvəllər onun agenti ilə danışırdıq. O bizdən müəyyən məbləğ istəmişdi. Biz bununla razılaşmadıq. Millidə oynamaq üçün heç bir futbolçuya pul ödəmirik. Yığma klub deyil ki, burda çıxışına görə futbolçuya pul ödənilsin. Son vaxtlar onun anası ilə danışırdıq. Sonda bizim siyasətimizə uyğun olaraq, heç bir məbləğ ödənmədən Eddi millidə oynamağa razılıq verdi”.

İ.İsrafilova deyib: “Bu məsələ uzanmışdı. Artıq onu həll etməyin vaxtı idi. Gəlişimizdən razıyıq. Danışıqlarımız müsbət yekunlaşdı. Mən azərbaycanlıyam. Uzun müddətdir ki, xaricdə yaşasam da, vətən məni çəkir. Millidə oynamaq həm mənim, həm də Eddi üçün şərəfdir. Növbəti toplanış zamanı onu gözləyin”.

R.Prosineçki də fikirlərini bölüşüb: “Bu gün bəlkə də ən çox sevinənlərdən biri mənəm. Çünki güclü bir futbolçu Azərbaycan millisində çıxış edəcək. Ümid edirəm ki, onun yığmaya çox köməyi dəyəcək. İspaniya Primerosunda oynayan futbolçu millimizdə çıxış edəcək. Onun həm indiki, həm də əvvəlki klubundakı oyunlarını izləmişəm. Eddi ilə də, ailəsi ilə də şəxsən söhbətim olub. Onun bizim millimizdə oynaması və ispan dilində danışmağım işimizi asanlaşdıracaq. Yəqin ki, aramızda problem olmayacaq və bir-birimizi yaxşı başa düşəcəyik”.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=11&nid=318507

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR