Play Store

Dəhşətli müharibə başlaya bilər - Hərbi xərclər durmadan artır

“Yapon vaxtı” qəzeti Çinlə Hindistan arasında hərbi müstəvidə gərginliyin artması haqda yazı dərc edib.

Metbuat.az xəbər verir ki, gərginliyin artmasına səbəb Çinin Hindistanın təsir dairəsində olan Butan ərazisinə qoşun yeritməsi və orada yol salmasıdır.

Butanın ərazisi təxminən İsveçrə krallığına bərabərdir, 750 min nəfər əhalisi var. Ərazisinin 80 faizi dəniz səviyyəsindən təxminən 2 min metr yüksəklikdə yerləşir.

Ümumiyyətlə, Çinlə Hindistan arasında dağlıq yerlərdə mübahisəli ərazilər çoxdur.

Butan kimi Nepal, Şri-Lanka və Myanma kimi ölkələr də Hindistanın təsiri altındadır. Çünki dini baxımdan Hindistana bağlıdırlar. Hindistanın Dalay Lamaya və tibet xalqına dəstək verməsi də Çini hövsələdən çıxarır.

Əhali baxımından dünyanın ən nəhəng ölkələri olan Çin və Hindistan arasında müharibə olsa, ölənlərin sayı 100 milyonlarla ölçülə bilər. Bu isə bəşəriyyətin inkişafını 20-30 il geriyə atacaq.

“Çin Hindistana qarşı olan qüvvələrdən istifadə etməyə çalışır”.

Bu sözləri Metbuat.az-a açıqlamasında hərbi jurnalist Ramil Məmmədli deyib.

“Artıq 50 ilə yaxındır ki, Asiyada ölkələr arasında bu və ya digər formada müəyyən konfliktlər gedir. Çin və Hindistanın regionda öz siyasi maraqları var. Açıq şəkildə bildirilməsə də, müəyyən məqamlarda onların bir-birinə qarşı ərazi iddiaları var. Lakin iki dövlət arasındakı gərginlik əsasən dini faktorla bağlıdır. Hər iki ölkə bir-birindən ehtiyat edərək hərbi texnologiya sahəsinə, müdafiə sənayesi sahəsinə külli miqdarda vəsait xərcləməkdə davam edir. Hər iki ölkənin hərbi sənaye sahəsində müttəfiqi Rusiyadır.

Məsələn, aviasiya və zirehli texnika sahəsində hər iki ölkə Rusiya ilə əməkdaşlıq edir. Çin son illər Rusiyadan asılılığı azaltmaq üçün yeni hərbi sənaye məhsullarının yaradılmasına başlayıb. Hər iki ölkənin şəxsi heyəti eyni saydadır. Çin və Hindistanın əhalisinin sayı demək olar ki, bərabərdir. İki dövlətin də nüvə potensialı, nüvə silahı imkanları var. Kəskin qarşıdurmadan söhbət gedə bilməz. Çünki bu regionun məhvi deməkdir. Məsələdə barışdırıcı rolu Rusiya oynayır, balanslaşdırılmış siyasət aparır.

Çin regionda Hindistana qarşı olan qüvvələrdən istifadə etməyə çalışır. Məsələn, Pakistandan istifadə edir. Bununla bağlı Hindistan höküməti dəfələrlə Çinə öz narazılığını bildirib. Pakistanın aviasiya qüvvələrinin modernləşməsi və gücləndirilməsi, yeni məhsulların yaradılması istiqamətində Çin Pakistana ciddi şəkildə yardım göstərir, birgə layihələr həyata keçirirlər. Bildiyimiz kimi, Hindistan və Pakistan Kəşmir problemi ilə bağlı artıq 60 ilə yaxındır ki, münaqişə vəziyyətindədir. Eyni vəziyyəti Hindistan Çinin yaxın qonşularına hərbi yardım etməklə həyata keçirir. Hindistan və Çin arasındakı gərginlik iri miqyas ala bilməz. Buna dünyanın super dövlətləri imkan verməz”.  

“Müharibə çox böyük əks-səda yarada bilər”. 

Bu sözləri Metbuat.az-a açıqlamasında polkovnik Şair Ramaldanov deyib.

“Müasir müharibələr əvvəlki müharibələrdən fərqlənir. Əvvəl əgər iki dövlətin gücü rol oynayırdısa, hazırda beynəlxalq aləmin mövqeyi də nəzərə alınır. Çin və Hindistan kifayət qədər dağıdıcı gücə malik ölkələrdir. Ölkə hərbi baxımdan ilk növbədə əhali və silahlı qüvvələrin imkanlarına əsasən qiymətləndirilir. Çin iqtisadi imkanlarına uyğun olaraq silahlı qüvvələrini müasir texnika ilə silahlandırır. Silahlı qüvvələrin tərkibi və imkanlarına əsasən iki dövlətin hərbi gücünü müqayisə etsək, üstünlüyü Çinə verərdim. Müharibə başlayarsa, oradakı sənaye müharibəni dəstəkləyəcək. Regionda müharibənin başlayacağına inanmıram. Çin və Hindistanı zəiflətməyə çalışan maraqlı qüvvələr var. Müharibə başlayarsa, çox böyük əks-səda gətirə biləcək bir müharibə olacaq”.

QƏRAR: Baş nazir vəzifəsindən kənarlaşdırıldı - Pakistan-Oxumaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR