Prezident istehsal müəssisəsi ilə tanış oldu - FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Zaqatalada “AzRose” MMC-nin tikintisi davam edən qızılgül yağı istehsalı müəssisəsi ilə tanış olub.

Dövlət başçısına müəssisə barədə məlumat verildi. Bildirildi ki, müəssisənin ümumi ərazisi 3 hektardır. Burada istehsalat bölməsi, anbar, ofis və digər infrastruktur obyektləri tikilib. Ərazidə suvarma məqsədləri üçün su tutumu 5 min kubmetr olan süni göl yaradılıb, damcı suvarma sistemi qurulub, kənd təsərrüfatı texnikaları alınıb, Türkiyədən bu sahədə təcrübəli aqronomlar dəvət edilib. Ərazidə 3 artezian quyusu qazılıb, qaz və elektrik xətləri çəkilib, müasir işıqlandırma sistemi qurulub və yaşıllıq zolaqları salınıb.

Diqqətə çatdırılıb ki, 2016-cı ilin oktyabr-noyabr aylarında Türkiyədən və Bolqarıstandan dəvət olunmuş mütəxəssislərin tövsiyələri əsasında Zaqatala rayonunun Aşağı Tala kəndində gülçülüyün inkişaf etdirilməsi məqsədilə 107 hektar torpaq sahəsi müəyyənləşdirilib. Bolqarıstandan gətirilmiş tinglərdən 82 hektarda “Dəməşq qızılgülü” və 25 hektarda “Lavanda” gülü növləri üzrə gül plantasiyaları salınıb. Bu plantasiyalarda ilkin mərhələdə təxminən 600 ton gül ləçəyinin toplanması nəzərdə tutulub. “Dəməşq qızılgülü”ndən istehsal olunan yağ həm məhsuldarlığına, həm də keyfiyyətinə görə ən yaxşısı hesab olunur. Bolqarıstandan gətirilmiş “Lavanda” gülü növünün Fransa və Türkiyə “Lavanda” növlərindən yağlılıq dərəcəsi 20 faiz çoxdur. İllik gücü 1250 ton yaş gül, 250 litr qızıl gül və 6 min litr “Lavanda” gül yağı olan müəssisədə istehsal edilən yağlar “AzRose” adı ilə bazarlara çıxarılacaq. Gələcəkdə isə həmin yağlardan istifadə etməklə müxtəlif ətriyyat, yuyucu, məişət və qida sənayesində istifadə olunan məhsulların istehsalı nəzərdə tutulur. Gül yağı istehsalı avadanlıqları Türkiyədən gətirilib. Müəssisədə 31 daimi və 600-ə yaxın mövsümi iş yeri açılacaq. Layihə gələcəkdə yerli əhalinin öz pay torpaqlarında qızılgül əkməklə bu sahənin daha da inkişaf etdirilməsinə şərait yaradacaq. Beləliklə, əhali yığdığı gül ləçəklərini müəssisəyə təhvil verməklə əlavə gəlir əldə edəcək.

Qeyd edək ki, dünya üzrə ildə 3 ton qızılgül yağı istehsal olunur ki, bunun da 50 faizi Türkiyə, 40 faizi Bolqarıstan, 10 faizi isə digər ölkələrin payına düşür. Azərbaycanda ilk mərhələdə istehsal olunacaq 125 litr qızılgül yağı dünya üzrə istehsalın 4 faizini təşkil edəcək. 2016-cı ildə dünya bazarında 1 litr qızılgül yağının qiyməti 10-12 min avro təşkil edib. Eyni zamanda, müəssisədə 3 min litr “Lavanda” yağının istehsalı nəzərdə tutulub. Ötən il dünya bazarında 1 litr “Lavanda” yağının qiyməti 100-130 avro təşkil edib. Müəssisənin məhsulları 2018-ci ildən dünya bazarına çıxarılacaq. Gələcəkdə digər bitki növlərinin efir yağlarının da istehsalı mümkün olacaq. Beləliklə, “Made in Azerbaijan” brendi ilə dünya bazarlarına çıxacaq məhsullarımızın sayı və çeşidi xeyli artacaq.

Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri və müəssisənin kollektivi ilə görüşdü.

Rayon ictimaiyyətinin nümayəndələri adından çıxış edən İlhamə Mehdiyeva və Xəzangül Zeynalova göstərdiyi diqqət və qayğında görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.

Sonra Prezident İlham Əliyev qızılgül sahələrinə baxdı.

Sonda xatirə şəkli çəkdirildi.

Prezidenti tütün emalı zavodunun fəaliyyəti ilə tanış olub - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR