Charlie Hebdo: şübhəlilər "xidmət stansiyasını soyub"

Charlie Hebdo: şübhəlilər "xidmət stansiyasını soyub"
21:57 8 Yanvar 2015
131 Dünya
Ölkə mətbuatı
A- A+

Parisdə Charlie Hebdo jurnalına İslamçıların hücumunda əsas şübhəli qismində axtarılan iki qardaşın Fransanın şimalındakı xidmət stansiyasını soyduqları deyilir.

Milli.Az BBC-yə istinadən bildirir ki, onlar yemək və yanacaq oğurlayıb və hadisə yerində atəş açıb, Fransa mediası xəbər verir.
 
Bu gün daha əvvəl Parisdə silahlı şəxs qadın polis işçisini öldürüb.
 
Montrouge rayonunda baş verən hadisə nəticəsində daha bir nəfərə ciddi xəsarət yetirilib. Silahlı kişi hadisə yerindən qaçıb. Bunun Charlie Hebdo-da baş verən gülləbaranla əlaqəli olum-olmadığı aydın deyil.
 
Fransa polisi jurnalın əməkdaşlarını öldürən şübhəlilərin axtarışı zamanı yeddi nəfəri həbs edib. Həmin şəxslər əsas şübhəli qismində axtarılan iki qardaşla əlaqəlidir. Üçüncü şübhəli özünü prokurorluq orqanlarına təslim edib. 
 
Polis şübhəli qismində iki qardaşın fotolarını yayıb. Axtarış fotolarında bu iki şəxsin "silahlı və təhlükəli" olduqları bildirilir.
Fransada satirik "Charlie Hebdo" jurnalının redaksiyasına basqın etməklə 12 nəfəri güllələmiş silahlıların axtarışı dünəndən bəri davam edir.
Basqın nəticəsində öldürülənlərdən səkkizi jurnalist, ikisi polisdir. Bundan başqa bir keşikçi və bir qonaq da öldürülüb.
 
Bu arada, bütün Fransa boyunca hücuma etiraz edənlərin aksiyası gecə ərzində də davam edib.
Təhlükəsizlik xidmətləri də gecə Reims şəhərində əsaslı əməliyyat həyata keçirsə də, heç kim həbs edilməyib.
 
Fransa prezidenti Francois Hollande bu hücumu "xaincəsinə qətl" adlandırıb və cümə axşamını milli matəm günü elan edib.
O deyib ki, ölkənin azad ifadə ənənələri basqına məruz qalıb. Prezident Fransa xalqını həmrəyliyə çağırıb: "Ən yaxşı silahımız birliyimizdir" - cənab Hollande çərşənbə günü etdiyi televiziya müraciətində deyib.
 
Bütün Fransa boyunca təhlükəsizlik tədbirləri gücləndirilib. Paytaxt Paris həyəcan hazırlığı vəziyyətinə gətirilib, media orqanlarının, müqəddəs yerlər, nəqliyyat və digər ərazilərin qorunması gücləndirilib.
 
Kouachi qardaşları
 
Polis bildirib ki, 32 yaşlı Cherif Kouachi və onun qardaşı, 34 yaşlı Said üçün həbs orderləri verilib.
 
Üçüncü şübhəli – 18 yaşlı Hamyd Mouradın özünü təslim etdiyi təsdiq olunub.
Bununla belə, rəsmilər qeyd edirlər ki, Mourad öz adını sosial şəbəkələrdə görəndən sonra “könüllü təslim olmaq” qərarına gəlib.
 
Media xəbərlərində deyilir ki, Cherif Kouachi İraqda döyüşmək üçün cihadçıları səfərbər edən qrupun üzvü kimi 2008-ci ildə 3 illik həbsxana cəzasına məhkum edilib.
 
Parisin xaricində bir neçə məntəqədə, o cümlədən paytaxtdan 140 kilometr aralıda olan Reyms şəhərində polis əməliyyatları keçirilir.
Polis təfərrüatları bildirməyib, lakin Reymsdəki mənzillərdən birində axtarış aparıldığı məlum olub.
 
Məsxərə ənənəsi
 
Həftəlik satira jurnalı bundan əvvəl də məsxərəyə qoyan xəbər və təhlilləri ilə ziddiyyətlərə səbəb olub.
Məcmuə 2011-ci ildə Məhəmməd peyğəmbərin karikaturasını dərc etdikdən bir gün sonra yandırıcı bomba hücumuna məruz qalıb.
 
Jurnala basqın redaksiya heyətinin həftəlik iclası zamanı baş verib. Fransa mediası hücum zamanı öldürülmüş üç karikaturaçı rəssamın Cabu, Tignous və Wolinski olduqlarını bildirir. Öldürülənlərin arasında “Charlie Hebdo”nun ştatdankənar müxbiri və Fransa iqtisadçısı Bernard Maris də var.
 
“Charlie Hebdo”-nun redaktoru 47 yaşlı Stephane Charbonnier əvvəllər aldığı ölüm hədələrinə görə polis mühafizəsi altında imiş.
Karikaturaçı rəssam Corinne Rey deyib ki, yaraqlılar onu silah altında qapının kodunu yığaraq açmağa məcbur ediblər.
 
Edamsayağı qətl
 
Onlar əl-Qaeda təşkilatına aid olduqlarını bildiriblər və fransız dilində səlis danışırmışlar.
Şahidlər silahlıların redaksiyada və küçədə 50-dək atəş açdığını bildirib.
 
Silahlılar həvəskar video çəkilişinə də düşüblər və bu videoda onlardan birinin yerə yıxılmış polis nəfərinin başına yaxın məsafədən güllə atdığı görünür.
Onların “Biz Məhəmməd peyğəmbərin qisasını aldıq” deyə qışqırdıqları eşidilib.
 
Polis silahlıların maşınlarını ataraq başqa oğurluq avtomobilə mindiklərini və Parisin şimalı istiqamətində qaçdıqlarını bildirib.
Paris prokuroru Francois Molins deyib ki, hücum nəticəsində 11 nəfər yaralanıb və onlardan dördünün vəziyyəti ağırdır.
 
O deyib ki, polis tamamilə hazırlıq vəziyyətinə gətirilib və bir neçə istiqamətdə təhqiqat aparılır.
 
Qələmlər və şamlar
 
Bu arada, minlərlə insan Parisin mərkəzindəki Respublika meydanında gecəni oyaq keçirib. Onlardan əksəriyyətinin əllərində "Je suis Charlie" (Mən Çarliyəm) plakatları olub.
 
Tvitterdə açılmış həmrəylik heştəqi da belə adlanır.
 
Meydan boyunca azad ifadənin simvolu olan qələmlər və şamlar düzülüb.
Digər şəhərlərdə on minlərlə insanın qatıldığı etiraz nümayişləri keçirilib.
 
“Charlie Hebdo” jurnalının hücum zamanı söndürülmüş İnternet səhifəsində indi yalnız üzərində "Je suis Charlie" yazılmış qara bayraq görünür.
Başqa aparıcı qəzetlərin saytları da eyni təsviri əks etdirirlər.
 
Jurnalın son tvitində İslam Dövləti adlanan təşkilatın lideri Əbu Bəkr əl-Bağdadinin karikaturası olub.
 
Ölkə tarixində ən dəhşətli hadisə
 
Ölkə Miladdan bir neçə gün öncə baş vermiş bir neçə insidentlərdən sonra İslam terrorçularının mümkün hücumuna bir növ hazır idi, hərçənd hökumət bu insidentlərin əlaqəli olduğunu inkar edirdi.
 
Bu, Fransada 1961-ci ildə Əlcəzairin müstəqilliyinə qarşı çıxan sağ ifratçılar tərəfindən törədilmiş və 28 insanın ölümünə bais olmuş qatar partlayışından bəri ən dəhşətli terror aktıdır.
 
2005-ci ildə Məhəmməd peyğəmbərin karikaturalarını dərc etməklə müsəlman ölkələrində zorakı etirazlara səbəb olmuş Danimarkanın “Jyllands-Posten” qəzeti bildirir kİ, Paris basqınından sonra təhlükəsizlik tədbirlərini gücləndirib.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/52931.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR