Play Store

Düşmənin növbəti təxribatı - Aprel döyüşləri təkrarlana bilərmi?

Avqustun 8-də gündüz saatlarında cəbhənin Xocavənd-Füzuli istiqamətində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu növbəti dəfə təxribat törətmək məqsədilə mövqelərimizə basqın etməyə cəhd göstərib.

Azərbaycan Müdafiə Nazirliyindən Metbuat.az -a verilən məlumata görə, dərhal görülən tədbirlər nəticəsində geri çəkilməyə məcbur edilən təxribat qrupunun bir üzvü sərrast atəşlə məhv edilib. Qoşunlarımız heç bir itki verməyib və əməliyyat şəraiti tam nəzarətimizdədir. 

“Ermənistanın təxribata cəhdi gözlənilən idi”.

Bunu Metbuat.az-a açıqlamasında hərbi-siyasi icmalçı, ehtiyatda olan zabit Ramil Məmmədli deyib.

“Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müxtəlif zamanlarda əlverişli şərait yaransa da, Ermənistanın qeyri-konstruktiv mövqeli hakimiyyət dairəsi hər zaman buna mane olub. Ermənistan həmişə cəbhə bölgəsində, qoşunların təmas xəttində vəziyyəti gərginləşdirmək mövqeyindən çıxış edir. Belə bir vəziyyət həm 90-cı illərin sonunda Levon Ter-Petrosyanın dövründə, həmçinin ötən ilin aprelində yaranmışdı. Nəticədə Azərbaycan Silahlı Qüvvələri Ermənistanın təxribat birləşmələrini yerində oturtdu. Aprel döyüşlərindən sonra Ermənistan höküməti danışıqlar masasına oturdu, daha sonra isə yenidən vəziyyəti gərginləşdirdilər. Ermənistan rəhbərliyi münaqişənin sülh yolu ilə həllindən yayınmaq üçün daim silahdan istifadə edir. Vətəndaşlarının öldürülməsini, həlak olmasını belə əhəmiyyətli hesab etmir. Demək olar ki, hazırda vəziyyət eyni mərhələdədir.

Ermənistan Azərbaycanın tutduğu mövqedən narahatdır.

Azərbaycanın konstruktiv mövqeyi, münaqişənin ədalətli həllini tələb etməsi və beynəlxalq təşkilatların bu və ya digər formada olsa da, Azərbaycanın yanında olması Ermənistanı və havadarlarını daim narahat edir. Belə bir vəziyyətə uyğun olaraq ermənilər cəbhə bölgəsində vəziyyəti gərginləşdirməklə məşğul olurlar. Əlbəttə, burada Rusiya faktoru da diqqətdən yayınmamalıdır. Rəsmi Moskva münaqişənin həlli ilə bağlı mövqeyini kəskin formada ortaya qoymur. Onun mövqeyi Ermənistanı narazı, incik salmamaq mövqeyidir. Bu isə, münaqişənin həllinə mühit kimi mənfi təsir göstərir. Ermənistan ərköyün uşaq kimi danışıqların sülhə yaxınlaşdığı bir dövrdə narahatlıqlar yaradır. Ermənistan hakimiyyəti başa düşməlidir ki, bu cür təxribatlar heç də onun xeyrinə deyil. Aprel hadisələrini göz önünə gətirməlidirlər. Azərbaycan Silahlı Qüvvələrinin növbəti həmləsi Azərbaycanın işğal olunmuş ərazilərində Azərbaycan bayrağını dalğalandırmaqdır. Məsələyə təkcə Ermənistan və havadarları deyil, ATƏT-in Minsk qrupu da diqqət ayırmalıdır. Düşünməsinlər ki, Azərbaycan prosesin illər boyunca eyni vəziyyətdə qalması ilə razılaşacaq.

Təxribata cəhdin 8 avqustda olunmasının Türkmənistan prezidentinin Azərbaycan səfəri ilə bağlılığı varmı?

Qətiyyən. Çünki, Türkmənistan siyasi xətti neytraldır. Nə Ermənistanın təmsil olunduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü deyil, nə də NATO ilə hər hansı əlaqələri var. Ermənistanın üçüncü qüvvə kimi Azərbaycan-Türkmənistan əlaqələrini pozma şansı yoxdur”.

Düşmən atəşkəsi 125 dəfə pozdu - Cəbhədə gərginlik-Oxumaq üçün tıkla

 Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR