Azərbaycan öz sözünü dedi (VİDEO)

Azərbaycan öz sözünü dedi (VİDEO)
23:01 8 Yanvar 2015
151 Ölkə
Ölkə mətbuatı
A- A+

Fransada baş verən terror aktından dərhal sonra Prezident İlham Əliyev fransalı həmkarı Fransua Ollanda başsağlığı verərək baş verənlərdən təəssüfünü bildirmişdi. Bu gün isə Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bəyanat yaydı.

Terror hücumunun Avropada islamafobiyanı gücləndirəcəyi barədə rəy yarandığı bir vaxtda Qafqaz Müsəlmanları Idarəsi bəyan edib ki, dünyanın hansı nöqtəsində baş verməsindən asılı olmayaraq, müsəlmanlar insan qətlini, zor, təcavüz və terroru hər zaman pisləyir və bu baxımdan Fransada baş verən son terror hadisəsini ciddi qınayır.

ANS TV-nin məlumatIna görə, Fransada baş verən terror aktı ilə bağlı silahlı basqın törədənləri qınıyan Qafqaz Müsəlmanları İdarəsi bəyanat verib. Bəyanatda deyilir: “Terror İslamın istəyi deyil. Din, onun dəyərləri, müqəddəs şəxsiyyətləri, rəmzləri və simvollarına ehtiram nümayiş etdirilməlidir. Bəşər ailəsinin bütün üzvləri buna əməl etməli, müxtəlif dini mənsubiyyət daşıyıcıları üçün həssasiyyət kəsb edən məqamlara diqqətlə yanaşmalıdırlar. Heç kimə insanların dini hisslərini təhqir etmək haqqı verilməyib. Biz bütün insanları multikultural dünyamızda dinc birgə yaşayış, tolerant həyat tərzi, sülh, sabitlik və istiqrar üçün mühüm, həlledici amillərdən olan bu məqamı nəzərə almağa çağırırıq. Biz dünya dinlərinin liderlərini bu yöndə səylərini birləşdirməyə səsləyirik”.

Satirik jurnalının redaksiyasında törədilən terror aktını, anti-terror koalisiyasının üzvü olan Azərbaycan qətiyyətlə pisləyir. Baxmayaraq ki, bu jurnal bir müddət əvvəl Məhəmməd Peyğəmbərin (s.ə.s) şəkillərini müxtəlif karikaturalarla təhqir edərək İslam dininə zərbə vurmuşdu.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirdi ki, xristian dünyasında Peyğəmbərlə (s.ə.s) və Quranla əlaqədar bu cür fitnələrə yol verilməməlidir: “Quranı yanadırmaq, Peyğəmbərin (s.ə.s) karikaturasını müxtəlif formada çəkmək, eyni zamanda Peyğəmbərin (s.ə.s) fəaliyyətini təhrif edən filmlər çəkmək əlbəttə ki, islam dünyasında qıcıq yaradacaq. Və bu bir milyar 700 min əhalinin hissiyyatı ilə oynamq kimi görünəcək. Təbii ki, bunlardan sui-istifadə edənlər var. Bütün hallarda Fransada "Charlie Hebdo" jurnalına edilən basqın insanlıq əleyhinə olan bir hərəkətdir və bu yol verilməzdir”.

İlahiyyatçılar redaksiyada terror törədənlərin məqsədinin islamı gözdən salmaqla izah edirlər. Çünki, islamın əhatə dairəsi genişlənir və bu da xristian aləmini də qorxuya salır. Ona görə mütəmadi olaraq terror təşkilatlarının məhz islam dini altında yarandığını dünyaya çatdırmaq istəyirlər.

İlahiyyatçı Hacı Şahin bildirdi ki, "Charlie Hebdo" jurnalının redaksiyasında terror törədən qruplaşmaların birmənalı olaraq islamla heç bir əlaqəsi yoxdur: "Bu terror aktları gələcədə hardasa müsəlman ölkələrinə qarşı hansısa təcavüzkar planın bir hissəsi ola bilər. Çünki bu terrorçu qruplaşmalar əksər hallarda, hətta Qərbdə olan bəzi dairələrə xidmət göstərir”.

İllahiyyatçılar hesab edir ki, Parisdə törədilən terror aktı islamla xristianlıq arasında yaranan gərginliyi daha da artıraraq, Qərb dünyasında islamafobiyanı gücləndirəcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR