Azərbaycanlı jurnalistin Allaha açıq məktubu - II YAZI

İlk məktubumda qarşınızda qaldırdığım problemlər həllini tapmadığına görə, ikinci – sonuncu məktubu yazmağı məqbul bildim. Elə əvvəldən də qeyd edim ki, məni bəndəlikdən və bu dünyanın sakinliyindən çıxarasız. İmtina edirəm. Bunun səbəblərini aşağıda izah edirəm. 

Üzü üstə bataqlığa yıxılanda yay tətilinin ikinci ayında idim. İkinci kursda oxuyurdum. Jurnalist olmaq istəyirdim. Əlimdə Drayzerin “Amerika faciəsi” vardı. Kitab da palçığa bulaşmışdı. Əsəbləşmişdim. Amma iliyimə qədər boğan hirs məni güldürürdü. Dişlərimi sıxmaqdan damaqlarımın əti ağrıyırdı. Ovucladığım palçığı ağzıma basdım. Ləzzətlə çeynəməyə başladım. Palçıq yeyə-yeyə kitabı vərəqləyirdim. Oxuduğum hər səhifəni dişlərimlə dartıb cırırdım. Üzümü palçığa bulaşdırıb sevimli kitabımı vərəq-vərəq cırıb korladığım üçün sakitləşirdim.  

Yağış kəsəndə artıq mən yarım saata yaxın idi ki, palçığın içində çevrilə-çevrilə eşələnirdim. Günəş çıxmışdı. Yandırıcı isti vardı. Amma əynimdəki palçığın ağırlaşdırdığı plaşı çıxarmadım. Palçıq içində quruyurdum. Kitabı bir kənara atıb lilli suyun içində uzandım. Başımın arxasıyla yeri eşməyə başladım. Yuxum gəlirdi. Həm də acmışdım. Yerimdən qalxdım, axtardığım inək yaxınlıqdakı çayın sahilində otlayırdı. Bir əlimdə çomaq, bir əlimdə kitab inəyi qabağıma qatıb kəndə addımlamağa başladım. Getdikcə qəsdən özümü yağış sularının toplandığı gölməçələrin içinə salırdım. Əsəb məni boğurdu. Özümə ən ağır işkəncəni vermək istəyi qəhər kimi boğazımda düyünlənmişdi. Dərimi soysaydı cəllada söyərdim ki, işini yavaş-yavaş görsün. Əminəm ki, bundan həzz alacaqdım. Ən ağrılı əzabla ölmək istəyirdim. 

Balaca və qara milçəklər üstümə daraşmışdılar. Qovmurdum. Hər milçəyin öz iyrənc sürfəsini, mikrobunu üstümə ifraz edib uçması orqazm həddində mənə həzz yaşadırdı. Milçəklərə baxa-baxa alnımın ortasından ağrısı burnumun ucunu toz kimi qıcıqlandıracaq yumruq çırpdım. Boğazım qıcıqlandı. Palçıq yeməyə davam edirdim. 

Baş barmağıma batmış yabanı nar dikanının üstündən basırdım. Dözülməz ağrı – dikan sümüyə dirənmişdi. Gözlərimdən yaş axırdı, amma mən tikanı barmağımla tapdalayırdım. Çünki həmin vaxt ən azablı ağrılarla gözləri kəlləyə çıxaracaq işkəncəyə layiq idim. Çünki gələcəkdə məndən heç nə olmayacaqdı. Özümə verdiyim işkəncənin içində bunun da ağrısı vardı. İndi həmin gələcəkdəyəm və mən o vaxt yanılmamışdım. Arada imkan tapıb allaha məktublar yazıram, hələ ki, cavab yoxdur. Elə o gün bataqlığın içində başı əzilmiş və quyruğu ilə ulduzu görüb ölmək istəyən balaca və qara ilan balasına çevrilmişdim.

Heç nə edə bilmədim. Boynumu dəvəquşu kimi yuxarı dartıb, “Yaxşı edirsən!”, dedim. “Mən bundan başqa heç nəyə layiq deyiləm. İmkan varsa, hazır qəbir daşın varsa, yerə elə çırp ki, məni yerin dibinə batırsın. Daşın bir hissəsi də çöldə qalsın ki, bunun kimin başına düşdüyünü hamı görsün, hamıya ibrət olsun ki, mənim kimi olmaq lazım deyil. Üstünə adımı da yaz, gülümsədiyim yerdə bir şəklim də olsun. Altından da bu sözləri yaz ki, “İnəyə əsəbləşib!”. Təkbuynuz inəyin şikəst buynuzunu sol gözümün çuxurundan salıb sağından çıxarmaq istəyirdim. Palçıqdan çıxdıqdan sonra davam edən həyatımın sonrakı illərində həmin vaxt bu işi görməməyimin peşmanlığını çəkdim, çəkirəm. İnək yox idi. “İnək yoxdur”, özüm-özümə mızılandanırdım. Axı inək var, amma mən görmürəm. Çayın qırağındadır. Bir azdan görəcəm.

Böyüdüm, jurnalist oldum, amma elə bilirəm ki, o bataqlığın lili və palçığı beynimin içində quruyub və məni narahat edir. O vaxt o dayaz bataqlığın ən dərin yerinə başımı salıb özümü boğub öldürməliydim.

Bataqlığa düşməmişdən bir gün əvvəl atamı Bakıya aparmışdılar. Xəstəxanda həkimlər 1 il 3 ay damarlarının içində qanını yeyən mikrobları dayandıra bilməyəcəkdilər və atam öləcəkdi.

Həmişə üzdə yaradılan orijinallıq daxilə çatanda əriyib yox olur. Çünki fizikadan nə qədər seçilsən də daxilində hansı yuvanın quşu olduğunu sən qədər bilən ikinci adam yoxdur. Daxili hesablaşmalar isə adamı elə içindən çürüdür. Proses beyindən başlayıb ürəyə qədər davam edir. Buna görə də insanlar kütlə içində yekəxanaya çevrilib içlərindəki iyrənclikləri basdırmağa çalışırlar. Üzləşilən psixoloji problemlərə görə əsas pay insanın insan kimi yaradılmasına düşür. Əlbəttə, bu dünya öz adamları qarışıq – tanrıdırsa tanrı, allahdırsa allah, təbiətdirsə təbiətin etdiyi ən böyük günahıdır. Çünki sonu ölümlə bitən heç bir canlı yaradandan onu yaratmağı xahiş etməyib.

İnsan, yaşamaq üçün ən axmaq yola baş vuran və bunun sonunda həzz orqanlarını oxşayacaq qazancı varsa, axmağın axmağına çevirməyi bacaran heyvan növüdür. Başqa sözlə, kilsənin cingiltili zəng səsi içində öz təkliyini gizlətməyə çalışan “qvazimodalar” bezməyə məhkumdurlar. Amma yaşamaq elə zərərli vərdişdir ki, qanına işləyib və buna baxmayaraq bu axmaq ritualı davam etdirirsən; yaşamaq erhtirasını şişirmək üçün axmaqlaşaraq, hətta, başqalarından da yaxşı yaşamaq üçün axmaq dərəcədə axmaqlaşaraq... Ən pessimist düşüncənin içində belə şəxsi istəklər yarış zolağında hamını qabaqlayır.

Qorxuram, həm də çox. Beynimin mərkəzində əlində pivə bakalı oturmuş bu qorxunun haradan gəldiyini bilmirəm. Amma ilk dəfə bataqlıqda bunu hiss etmişdim. Lakin bu əhəmiyyətli deyil. Mən qorxuram. Yaşamıram qorxuram. Belə desək, yaşamaqdan çox, qorxuram. İndi ən çox istədiyim şey də bu qorxulardan azad olmaqdır. Həm də həyatımın sonunadək qorxaraq yaşayacağımdan qorxuram. Bu o qorxulardır ki, sinir sismetlərimi tamamilə sıradan çıxarıb, məni reallıqlardan qoparıblar. Adam kimi doğulmasaydım, itirəcəyim heç nə olmayacaqdı. Bu “qorxu” sözünü yazmağın özü belə məni qorxudur.

Başımı çıxardığım palçığa allahla aramadakı ipin çürüyərək qırılması üçün basdıranda hələ heç nəyi bilmirdim. Bəzən düşünürəm ki, elə yaradan gücün özü çürük dişlərin qadağan etdiyi gülüş kimi adamı içində utandırır. Amma insan harada axmaq qalacağını əvvəldən bilir. Elə insanı dalana dirəyən də öncəgörücülüyüdür. Şübhəsiz ki, lənət ilk insanın yaradılmasıyıa yayılmağa başladı. Sonra insanlar başqalarına aid olanları ələ keçirib xoşbəxt olmağa çalışan oğrulara çevrildilər.

İnsan özü rahatlığı üçün digərilərini narahat edən bədbəxt canlıdır. Ölümə doğru azalan günlər isə bu xoşbəxtliyini əlindən alır. Hər keçən gündə dünəni, srağagünü, ondan əvvəlki günü, ayları, nəhayət illər əvvəli xatırlayırsan. Bir gün isə xatırlamağa vaxt olmur. İnsanlar özlərinə xatirlərindən və keçmişlərindən libas tikdikləri üçün xoşbəxt deyillər. Keçmişin libası dar olur, sıxır. Şübhəsiz ki, xatirə gələcəyə gedən yolun kənarında səni gözləyən qatildir. O gələcəyini, sənsə özünü öldürürsən. Belə adamlar həmişə hər şeyin içindən bir neqativ tapıb çıxarırlar və həyatlarının heç bir mərhələsində xoşbəxt olmayacaqlarını dəqiq bilirlər. Bildikləri halda həyatın ipindan dörd əlllə yapışıb sonra bu kəndirdən özlərinə edam kürsüsü düzəldirlər. İndi belə adamlar dəbdədirlər.

Düşünən insan həmişə vidalaşmaq ayağında olur, tələskən olur, hər şeylə ötəri – cavabsız sağollaşıb getmək istəyir. Bütün hallarda insan ölənədək yaşamalıdır. Təsəvvür edin ki, intihar edən insan da son anda yaşamaq istəyir. Yəni, öz əcəlləri ilə ölənlər ölənədək yaşayırlar. İntihar edənlər isə özlərini xilas edirlər. 

Həyatı boyu insan yaşadığı hər şeyin ifadəsini tapmağa çalışır və bununla özünü elə bir quyunun içinə salır ki, ölənədək özünü oradan çıxara bilmir. Xilasına yeni həyat kimi baxır, amma quyudan çıxar-çıxmaz yenidən səhvlərini ən pis formada təkrarlayır. İnsan heç vaxt xarakter və ehtiraslarından yaxa qurtara bilmir. 

Ən ciddi insan belə beynində özünü ələ salan cümlələr yumurtlayan toyuq növüdür 

Ən ciddi düşüncəsi belə insan öldükdən yarım saat sonra bunun beynində daşıyıcısı olan neyronalarla birlikdə sabun köpükləri kimi partlayıb yox olurlar. 

Məsələ belədir; insanlar öz içlərində həqiqidirlər, xariclərində yox. Başqalarında da bunları gördükləri üçün içlərində biri-birlərini qınayırlar. Amma üzlərdəki sırtıqlığın əxlaqsızlığıyla istədiyi həyatı yaşayıb, başqa oyun oynayırlar. Lakin hər kəs tapdığı yolla gedir. Bu, qorxulu sadə həqiqətdir. Bu, həqiqətdir. Bu, dünyanın altını-üstünə çevirən həqiqətdir. 

İnsan yalnız tələsərkən ciddi görünür. Tələsən ayaqları onu ciddi məqsəd arxasınca qaçırmış kimi göstərir. Amma axırda ölür. 

Ədalət tərəziniz doğru çəkirmi? Ümumiyyətlə, sizdə belə bir tərəzinin olduğu doğrudurmu? 

İnanıram ki, səma sizin görünən tək gözünüzdür. Çox yaxından baxan alatoran görür, buna görə görmürsüz, biz də o böyük gözün nəzərində alatoranıqlıq içində hərəkət edən rəngsiz nöqtələrik və qulaqlarınız da çox kənardadır və siz eşitmirsiz. Günəşin də gözlərinizdəki parıltı olduğunu düşünürəm. Yatanda günəş göz qapaqlarınızın altında qalır və qaranlıq çökür. Bir gözünüz də o biri tərəfdə açılır, bəlkə də göz vurursuz. Amma bu böyüklükdə zarafat olmaz. 

Palçığa yıxılanda aramızdakı iplər əriməyə başladı, atam öləndə qırıldı. Çünki onu sizin öldürdüyünüzü düşünürdüm. Bərpa etməyə çalışdım, amma səssiz idiniz deyə, çox da üstünüzə getmədim.  

Gözlərim səmadan asılı qalıb. Sizi görmürəm. Bəlkə siz də yerə düşmüsüz və aramıza qarışıb biz kimi olmusuz? Bəlkə də elə buna görə də taleyimiz göydən yox, yerdəkilərdən asılı qalıb. 

Bəlkə də sizə etdiyim bu etiraflar içimdəki günahkarlıq hisslərindən özümü xilas etmək səyləridir. Bəlkə də sizə hamıdan çox inanıram. Bəlkə də fərqlənmək üçün bu düşüncədəyəm. Bilmirəm. Amma insan da bir yerə qədər qorxur.  

Məsələni nə içimdə həll edə, nə də yaza bilirəm. Yazmaq və içində həll etmək də ayrı-ayrılıqda bir əzabdır. İnsanlar da bir az qəribədirlər, belə şeylərdən danışanda adamı artistlikdə ittiham edirlər, kimisinə görə də bambılısan. Bunun o qədər əhəmiyyəti yoxdur, çünki həqiqətin nə olduğunu mən özüm bilirəm. Başa düşürəm ki, hər kəsin öz çəkisi qədər, bir sıra hallarda da çəkisindən artıq yükü var. Hərə öz yükünü götürüb ölməyə doğru üz qoyub. Bəzən də adam çox yorulur və yük də o qədər ağır gəlir ki, həyat adama uzun görünür. Amma dəqiq bilirəm ki, əcəl zəngini çalmağa başlayanda geri çevrilib nə qədər də az yaşadığını görürsən. İnsan ölmək istəmir. Övlad sahibi olmaq, hansısa üstünlüyündən istifadə edib özünü gözə soxmaq da ölümündən sonra onu xatırladacaq istəklərinə bağlıdır. İnsan öldükdən sonra da yaşamaq istəyir. Amma insanlar çox çirklidirlər, düşüncələri və arzuları başqalarını əzməyə hesablanıb, özüm də beləyəm, məsələni də elə buradan bilirəm. 

Siz bilmirsiz, indi yaşamaq uzunmüddətli canvermə prosesidir. Adamın ruhu bədənindən dərini cıra-cıra çıxır. Dartılmış dərinin ağrısıyla yaşayırıq yerdə. 

Bəzən də düşünürəm ki, siz əzablarımızın gözlərinə siqaret tüstüsü üfürüb başımızı aldadırsız. Bəzən də düşünürəm ki, kimsə sizə xəyanət edib və sizin ona gücünüz çatmadığı üçün bizdən qisas alırsız. Lakin sizlə bir məsələdə razıyam ki, rahat yaşamaq üçün hər şeyi öz mənası ilə başa düşmək, ya da razılaşmaq lazımdır. Bütün hallarda isə insan hər şərt altında özünü göstərməyə çalışan varlıqdır, bəzən ya susaraq, ya çox danışaraq, ya gülərək, ya da ağlamağa hazır vəziyyətdə olaraq özünü gözə soxur. 

Bəlkə də bu neqativ düşüncələr mənim pis vərdişlərimdən biridir, ya da bu mənim iradəsizliyimdir. Əlbəttə, iradəsini əhilləşdirə bilməyənlər pis vərdişlərin qurduğu tələyə tez düşürlər. Siqaret çəkmək bəzən bundan yaxşıdır. Bu, ölüm qorxusu deyil. Yaşamaq qorxusudur, ya da yaşaya bilməmək, bacarmamaq qorxusudur. İnsan yaşamır, qorxur, yəni yaşamaqdan çox, qorxur. İnsana keçici xoşbəxtliklər əzab verir, çünki keçir və arxasından yenə də ağır və dəhşətli xoşbəxt olmaq səyləri gəlir. Hər günəşli günün səhərində dağıdıcı qasırğa səni gözləyir. Başa düşürsüz, problemlərin həllinin mümkün olmadığı yerdə boşboğazlıq etmək axmaqlıqdır. Elə bu məktubu yazmaqla həmin işi artıq görmüşəm. 

Qətiləşdirmişəm ki, insana inandığı yox, inancı kömək edir. Bu düşüncədə olmağımın məsuliyyəti sizdədir. 

Mənim kimilərə atmosferi ifraz etdikləri karbon qazı ilə çirkləndirmələrinə icazə verməyin. Oksigenə heyfdir, yaşamağa layiq heyvanlar və bitkilər var. Yəni, hələ gec deyil, dünyanı yaşamaq üçün əlverişli yerə çevirmək mümkündür. 

Susursuz deyə, nə gəldi yazıram, ağzıma gələni danışıram. Susqunluğunuz məni hiddətləndirir. Çünki yerdə biabırçılıqdır. Elə bil həyatımızdan iynə keçirirlər. Ağrıyır. Hər şey beynimizdə xıncım-xıncımdır. Amma daha gecdir, bəlkə elə belə yaxşıdır. Daha sizi mühakimə etməyəcəm. Bu sizə yazdığım sonuncu məktubdur. Artıq yazmayacam. 

Mənsur Rəğbətoğlu 


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR