Bakıya sığınan gürcü oliqarxın 17 milyard dollarlıq qalmaqalı

Bakıya sığınan gürcü oliqarxın 17 milyard dollarlıq qalmaqalı
23:12 8 Yanvar 2015
196 Sosial
Ölkə mətbuatı
A- A+

Gürcüstan Dövlət Neft-Qaz Korporasiyasının keçmiş prezidenti Georgi Çanturiyanın Rusiya, Azərbaycan və Qərbin iştirakı ilə 17 milyard dollarlıq nəhəng enerji layihəsini gündəmə gətirməsini xəbər vermişdil.
 
İndi belə məlum olur ki, bu təklif həm regionda, həm də onun hüdudlarından kənarda böyük rezonansa və qalmaqala səbəb olub.
 
Milli.Az virtualaz.org-a istinadən bildirir ki, G.Çanturiyanın təklifinə əsasən Rusiya, Gürcüstan və Azərbaycan Qərbin iştirakı ilə Supsa limanında nəhəng neft infrastrukturu layihəsini həyata keçirə bilər. Bura böyük neftayırma zavodunun tikintisi, sonrakı mərhələdə neft-kimya kompleksinin yaradılması, habelə Rusiyanın Novorossiysk limanından Abxaziyadan keçməklə Supsaya qədər yeni neft kəmərinin çəkilməsi daxildir. Çanturiyanın sözlərinə görə, bu layihə hələ 90-cı illərdə irəli sürülüb və reallaşmamış qalıb. İndi isə onu həyata keçirməyin vaxtıdır.
Dünya bazarlarında neftin qiymətinin 50 dollardan aşağı endiyi, iri neft-qaz şirkətlərinin öz investisiya planlarını dəyişdiyi bir vaxtda Çanturiyanın bu layihəni gündəmə gətirməsi kommersiya baxımından real görünməyə bilərdi.
 
Digər tərəfdən, Rusiya ilə Qərb arasında münasibətlər indi çox gərgindir, Qərb dövlətləri Rusiyaya qarşı ciddi iqtisadi sanksiyalar, o cümlədən energetika sahəsində sanksiyalar tətbiq edib. Əksər Rusiya neft-qaz şirkətləri Qərb sanksiyalarının təsiri altındadır.
 
Lakin Çanturiyanın gündəmə gətirdiyi layihə daha çox siyasi müstəvidə müzakirəyə çıxarılıb. Çanturiya Gürcüstanın mərhum eks-prezidenti Eduard Şevardnadzeyə yaxın fiqur olub, onun hakimiyyəti dövründə Bakı-Supsa və Bakı-Tiflis-Ceyhan neft kəmərlərinin çəkilməsi üçün fəal iş aparanlardan biri olub. Lakin 2004-cü ildə Gürcüstanda baş verən “qızılgül inqilabı”ından sonra Çanturiya ölkəni tərk edib. Çünki hakimiyyətə gələn Mixail Saakaşvili Şevardnadzenin komandasının bir çox iri fiqurları kimi onu da korrupsiyada ittiham edirdi.
 
O, ölkəsini tərk edərək Bakıya gəlib və həmin vaxtdan etibarən ARDNŞ-də hansısa vəzifə tutur. Hazırda Çanturiya Bakıda yaşamaqdadır.
 
Çanturiyanın 17 milyard dollarlıq təklifi Gürcüstanda həm də ona görə yaxşı qarşılanmayıb ki, hazırda Rusiyanın bu ölkədə enerji aktivlərinə sahib olması prosesi gedir. Bu günlərdə Rusiyanın “Rosneft” şirkəti Gürcüstanın strateji əhəmiyyətli Poti terminalının mülkiyyətçisi, habelə Azərbaycan, Gürcüstan və Ermənistanda yanacaqdoldurma məntəqələri şəbəkəsinin sahibi olan gürcü milyarder David Yakobaşvilinin “Petrocas Energy Group” şirkətinin səhmlərinin 49 faizinin alınmasına dair sövdələşmə əldə edib.
 
Gürcüstan hökuməti bəyan edib ki, Rusiyanın strateji əhəmiyyətli Poti terminalının sahiblərindən birinə çevrilməsini narahatlıqla qarşılayır, ancaq David Yakobaşvilinin qərarlarına təsir etmək imkanında deyil. Rusiyanın Gürcüstanda enerji aktivlərinə sahiblənmək siyasəti bu ölkədə geniş mübahisələr və narahatlıqlar doğurub.
 
Bu kontekstdə G.Çanturiyanın təklifi odun üzərinə yağ tökmüş olub. Gürcüstanın “İmedi” telekanalı Çanturiya ilə əlaqə saxlayıb və ondan təklifinin mahiyyətini izah etməsini istəyib. Çanturiya deyib ki, Supsada nəhəng neft infrastruktru kompleksinin yaradılması layihəsi hələ Şevardnadzenin vaxtında işlənib hazırlanmış və layihənin hazırlanmasını ABŞ maliyyələşdirmişdi.
 
Çanturiya təklifinin siyasi mahiyyət daşıdığını etiraf edib. O, ABŞ-ın Cənubi Qafqazda rolunun zəifləməsinə, Rusiyanın regiona nəzarəti yenidən ələ almasına işarə edərək deyib: “Biz yeni geosiyasi reallıqla üz-üzəyik. Bizim regionda yeni geosiyasi oxlar və oyunçlar meydana çıxır. Bu gün-sabah İrana və Rusiyaya qarşı sanksiyalar ləğv ediləcək. Biz beynəlxalq əməkdaşlığı Əliyev və Şevardnadzenin etdiyi kəsikdə nəzərdən keçirə bilmərik. Gürcüstan ərazisi qarşıdurma yeri olmalı deyil. Gürcüstan öz ərazisində beynəlxalq əməkdaşlıq arealının yaradılmasının təşəbbüskarı olmalıdır. Mən maraqlarını təmsil etdiyim beynəlxalq Gürcüstan-Amerika energetika qrupu adından danışıram. Gürcüstan hakimiyyəti bu layihəyə dair ciddi qərar qəbul edəcək”.
 
Çanturiya hazırda Rusiyanın de-faktı işğalı altında olan Abxaziyadan neft kəməri çəkilməsində də “bütün tərəflərin” maraqlı olduğunu deyib. O, layihənin detallarından danışmayıb, ancaq bildirib ki, bu neft kəməri layihəsinin Supsa layihəsinə dolayısı ilə dəxli var.
 
Çanturiyanın təklifini şərh edən politoloq Vaja Beridze isə deyib ki, o, bundan əvvəl də buna bənzər 10 milyard dollarlıq layihə təklif etmişdi. Həmin layihəni Azərbaycan tərəfi maliyyələşdirməli idi. Ancaq aydın olmayan səbəblərdən Çanturiyanın bu layihəsi reallaşmadı.
 
Digər ekspert Nika Çitadze isə deyib ki, Çanturiya bəzi Rusiya şirkətlərinin planlarının bələdçisidir və bu şirkətlər Gürcüstanda möhkəmlənməyə can atır.
 
“Dövlət məmuru olanda Çanturiya Qərbin maraqlarına lobbiçilik edirdi. İndi görünür onun heç bir işi yoxdur və Rusiyanın maraqlarının xeyrinə lobbiçilik etməyə başlayıb” - deyə ekspert bildirib.
Hökumət isə Çanturiyanın təklifindən yaxasını kənara çəkir. Energetika naziri Kaxa Kaladze deyib ki, Gürcüstan öz ərazisində neft emalı zavodunun tikintisini planlaşdırır, ancaq Abxaziyadan keçən neft kəməri haqda ilk dəfədir eşidir.
 
Kaladzeninn müavini Dimitri Kumsişvili isə neft emalı zavodunun Supsada yox, Potidə tikiləcəyini deyib. Onun sözlərinə görə, investorların axtarışı artıq başlayıb və zavod 2019-cu ildə işə düşə bilər.
 
Gürcüstan Xəzər neftinin və qazının Rusiyadan yan keçməklə dünya bazarlarına nəqlində əsas dəhlizdir. Və Rusiyanın bu dəhlizə nəzarət etmək maraqları həmişə güclü olaraq qalıb. Bəzilərinə görə Rusiya bunu hərbi yolla edə, yəni Gürcüstana Ukrayna ssenarisi tətbiq edə bilər.
 
Bir çoxlarına görə isə Gürcüstanın indiki hökumətində Rusiyaya meylli qanad güclüdür və milyarder Bdzina İvanişvilinin “xaç atası” olduğu hökumət Rusiyaya şərait yaradır ki, “məxməri üsullarla” öz maraqlarını reallaşdırsın.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/52741.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR