Play Store

Səttarxanın "bacara bilmədiyi" dələduz leytenant - ARAŞDIRMA

…Bu dələduz leytenant, öz-özünə ikinci dərəcəli kapitan rütbəsi peşkəş eləyib aləmi bir-birinə qatan “samozvanets” avantürist haradan biləydi ki, nə az, nə çox – qərinələr sonra onun adını daşıyan zavoddan bizim öz “kapitanımız” çıxacaq və onun ardınca “Azərbaycan matrosları” Xəzərin iki addımlığındakı “Oçakov”a – “Azadlığ”a yığılacaqlar? Axı, haradan biləydi ki, onun Qara dənizdə çıxartdığı oyunlardan qərinələr sonra Bakının “Çapayev” küçəsindəki adını daşıyan zavoddan eyni avantüra ilə “burada silah düzəldilir, barrikadaları dağıtmayın” çağırışı yüksələcək? İndi bu zavod daha onun adını daşımır. Ancaq maraqlıdır, maraqlıdır ki, adı düşdüyü yerdən avantüranın kökünü qazıyıb çıxarmaq xeyli qəliz məsələdir. Bu işlə Səttarxan kimi nəhəng məşğul olsa belə…

Dənizçi oğlu dənizçi… 

Şmidtlər məşhur soyaddı. Neçə nəsil ardıcıl Rusiyanın hərbi-dəniz donanmasında ad qoymuşdular. Bizim qəhrəmanın atası böyük Pyotr Petroviç Şmidt Sevastopolun müdafiəçilərindən idi, Malaxov kurqanlarında döyüşmüşdü. Gələcək arvadı – köklü-köməcli zadəgan ailəsindən olan tibb bacısı Yekaterina fon Vaqnerlə hərbi hospitalların birində tanış olan Pyotr Petroviç donanmada kontr-admiral rütbəsinə qədər yüksəlir və qardaşı Vladimirdən fərqli olaraq istefaya çıxıb, həyatını ailəsinə həsr eləmək qərarına gəlir. Evlilikdən bir il sonra - 1867-ci ildə ailədə oğlan uşağı doğulur və ona atasının adını verirlər: kiçik Pyotr Petroviç. 

Petya gimnaziyadan sonra kadet korpusuna, 1887-ci ildə dəniz məktəbinə daxil olur. Yaxşı rəsm çəkməsinə, çalışqan olmasına baxmayaraq, təhsil illərindən başlayaraq cənab Şmidtin davranışlarında psixi pozğunluqlar hiss olunur. Dəfələrlə əsəb sarsıntısından törəyən bayılmalar, yoldaşları ilə münasibətlərində yol verdiyi qüsurlar sonunda komandanlığı məcbur edir ki, tələbəni psixi ekspertizadan keçirsin. Ancaq donanmada yüksək vəzifə tutan əmisi kontr-admiral Vladimir Petroviçin müdaxiləsi nəticəsində məsələlər yoluna qoyulur. Beləliklə, 1886-cı ildə miçman rütbəsiylə ölüm-zülm məktəbi başa vuran Pyotr Şmidt Baltik donanmasına göndərilir. Xidmətin ilk aylarından başlayaraq hamı başa düşür ki, cənab Şmidt nə zabit, nə də matros kollektiv ilə yola gedən adam deyil. 1888-ci ildəsə elə bir hadisə baş verir ki, bundan sonra onun ümumiyyətlə, gələcək hərbi karyerası şübhə altına düşür. Pyotr az qala bütün donanmanın tanıdığı məşhur fahişə Dominiki Pavlova ilə ailə həyatı qurur. Təbii ki, zabit kollektivi qurumsaq miçmanın tezliklə gəmidən uzaqlaşdırılmasını və tərxis olunmasını tələb edirlər. Oğlunun şanlı ailə soyadını biabır eləməsinə dözməyən böyük Pyotr Şmidt çərləyib ölür. Ancaq əmisi yenə onun dadına çatır. Qalmaqalı birtəhər yatırtmaq və Şmidti Sakit Okean Donanmasına keçirmək mümkün olur. Sakit Okean Donanmasında əmisinin dostu kontr-admiral Çuxninin əlinin altında xidmətini davam eləyən Şmidt burada da dinc oturmur, bir gəmidən başqa gəmiyə keçir, hər yerdə zabit kollektivi ilə problemlər yaradır. Buna baxmayaraq, əmisinin hesabına Çuxnindən leytenant rütbəsi alır. Ancaq az keçmir Şmidtdə yenə ruhi sarsıntılar başlayır: simptomlar birdən-birə səbəbsiz yerə kiminsə üstünə cumub onu şillələməkdən tutmuş döşəmədə sürünməyə, özünü bir divardan o biri divara çırpmağa qədər uzanır. Bir neçə dəfə dalbadal belə tutmalardan və bayılmalardan sonra məcbur olub havalı leytenantı istefaya göndərirlər.

Bu arada isə çoxdan gözlənilən hadisə baş verir: Allah qoymasa, özünə arvad eləyib tərbiyələndirmək istədiyi Dominiki yeganə oğlu Yevgenini Pyotrun üstünə atıb, keçmiş peşəsinə qayıdır. Az qala həyatın dibinə yuvarlanan leytenant Şmidtin dadına yenə əmisi çatır: Rusiya Paroxod və Ticarət Cəmiyyətində iş alan leytenant qeyrətə gəlib burada uzaq okean reyslərinə çıxan ticarət gəmilərinin kapitanlığına qədər yüksəlir. Belə gedişlə kim bilir, bəlkə də leytenant Pyotr Petroviç Şmidt mülki gəmiçilikdə böyüyüb-böyüyüb yekə adamlardan biri olacaqdı. Ancaq rus-yapon müharibəsi dövründə donanma elə zabit qıtlığı keçirir ki, hətta başdanxarab deyib istefaya göndərdiyi zırramanı belə geri çağırır. Şmidt “İrtış” hərbi gəmisinə baş zabit təyin olunur.

Gəmi Sakit Okeanda yaponların pusqu qurduğu Çusim boğazında həmləyə məruz qalır, bütün heyət həlak olur… Yox, yox, cənab Şmidt bu gəmidə deyildi. Adı “başdanxarab”, ancaq özü ağıllı olan Pyotr Petroviç gəminin döyüşə yollandığını eşidib, artıq senator olan əmisinin köməyi ilə arxa cəbhədə – Qara dənizdə sakit gəmilərin birində xımır-xımır xidmətini davam etdirməkdəydi. Burada Şmidt İzmaildə lövbər salmış iki ədəd köhnə minadaşıyan gəmidən ibarət dəstənin komandiri təyin olunur. Əla yer, sakit mövqe, müharibənin səs-küyündən uzaq məkan…

Ancaq leytenantın tutması tutur və gəmi heyətinə məxsus pul xəzinəsini oğurlayıb, iki min yarım qızıl pulla Rusiyanın cənubuna “səyahətə çıxır”. Pul qurtarır və cənab Şmidt hakimiyyət təmsilçilərinə təslim olur. İstintaq vaxtı Pyotr sübut eləməyə çalışır ki, guya pulu o oğurlamayıb, xəzinə sadəcə yoxa çıxıbmış, o da qorxusundan komandiri olduğu gəmini, heyəti atıb qaçıb. Nəsə, uzun sözün qısası, müharibə dövründə dövlət pulunu oğurlamağın, döyüş mövqeyini icazəsiz tərk eləməyin, bir müddət fərari kimi orda-burda sülənməyin nə demək olduğunu bilənlər bilir. Yenə əmi işə qarışır: oğurlanan pul geri qaytarılır, qardaş oğlu sürgündən, hətta məhkəmədən canını qurtarır. Üstəlik, himayəçi o qədər güclü olur ki, istefaya göndərilən bu dələduza birinci dərəcəli kapitan rütbəsi verdirməyə belə çalışır. Ancaq donanma rəhbərliyi rütbə verməkdən qətiyyətlə imtina edir və leytenant Şmidt elə leytenant kimi də istefaya göndərilir…

Siyasətçi Şmidt 

Bundan sonra cənab Şmidt özünə “ölməzlik” qazandıran işlərlə məşğul olmağa başlayır. 1905-ci ildən siyasətə qoşulan Pyotr Petroviç, belə demək mümkünsə, inqilabi çıxışlarına Sevastopolda başlayır. Əsəbi, həyəcanlı, insaf naminə deyək ki, həm də bacarıqlı natiq olan leytenant Şmidt qısa müddətə kütlənin sevimlisinə çevrilir. Bir dəfə çıxış zamanı əsəbdən bayılan Pyotr Petroviçin uzunillik xəstəliyi də coşmuş camaat tərəfindən vətənpərvərlik, ədalətsevərlik kimi qəbul edilir. Digər tərəfdən, o dövrdə Şmidt istefaya çıxsa belə, hərbi dəniz donanmasının yeganə zabitiydi ki, inqilabın, xalqın tərəfində olduğunu bəyan edirdi. Beləliklə, mitinqlərin birində çar haqqında ağzına gələni danışdığı üçün onu tutub dama basırlar. Ancaq həbsxanada çox qalmır və “Sevastopolu tərk edəcəyəm” iltizamı ilə sərbəst buraxılır. Təbii ki, Şmidt bu vədinə əməl etmir. 1905-ci il noyabr ayının 13-də Sevastopol limanında lövbər salaraq inqilabçılarla həmrəyliklərini bildirmək istəyən bir dəstə matros təzəcə həbsxanadan çıxmış Şmidtin yanına gələrək onlara qoşulmasını xahiş edirlər. Məsələ bundaydı ki, “Oçakov” kreyserinin zabit heyəti gəmini tərk elədiyindən üsyan qaldırmış matroslara mütləq kapitan lazımıydı. 

Ən azından və birinci növbədə kreyseri işə salıb sahildən uzaqlaşmaq üçün… Bu təklif Şmidt üçün göydəndüşməydi. 1905-ci il noyabr ayının 14-də almadığı birinci dərəcəli kapitan rütbəsi olan hərbi kitelini geyinən Şmidt üsyan eləmiş “Oçakov”da peyda olur. Əvvəlcə işlər yaxşı gedir. İki minadaşıyan gəmi də onlara qoşulur. Şmidt özünü Qara Dəniz Donanmasının komandanı elan edir, bu haqda Çara teleqram vurur və bütün gəmiləri onlara qoşulmağa səsləyir. Artıq Qara Dəniz Komandanı olan əmisinin dostu admiral Çuxnin münaqişəni sülh yoluyla həll eləmək üçün Şmidtin tələbə dostunu elçi sifətində “Oçakov”a göndərir. Ancaq gözünü qan örtmüş üsyançı gələnləri girov götürərək “Oçakov”a atəş açılacağı təqdirdə hamısını asacağı ilə hədələyir, vəziyyəti gərginləşdirmək üçün dəniz minası ilə dolu “Buq” adlı yük gəmisini də partlatmaq istəyir. Əgər bu gəmi partlasaydı, nəinki bütün liman, hətta Sevastopolun yarısı məhv ola bilərdi. 

Bundan sonra gözləməyin mənasız olduğunu görən Çuxnin üsyançı gəmiyə atəş əmri verir. Maraqlıdır, “Oçakov” orkestri inqilabi mahnı əvəzinə “İlahi, çarı hifz elə” mahnısıyla irəli şığıyır və üç-dörd cavab atəşi açır. Ancaq artıq gəmi başsız qalmışdı… Atışmanın ilk dəqiqələrindən leytenant Şmidt 16 yaşlı oğlu Yevgeni ilə “Oçakov”un böyründəki minadaşıyana adlayıb Osmanlıya keçmək ümidiylə açıq dənizə çıxmışdı. Leytenantın bu arzusu da ürəyində qaldı. Az sonra ata-oğulu matros geyimində minadaşıyanın camaşırxanasında tapdılar… 

Başdanxarab, yoxsa ziyalı? 

Maraqlıdı, görəsən, bu adam nə istəyirmiş? Onu tam şəkildə, ağıllı-başlı fanat inqilabçı da hesab eləməyə adamın ürəyi gəlmir. Ancaq hər halda, “dələduz” artıq həbs olunub, indi barəsində mümkün olan yaxşı şeylər də fikirləşmək imandandır. Başlayaq təkcə zabit yox, həm də kişi kimi şərəfinə ləkə salan bütün donanmanın tanıdığı Dominikiyə evlənmək məsələsindən. Doğrudanmı, Şmidtin gözü kor və qulaqları kar olub? Özü də cənab miçman qadınla onun “iş yerində” tanış olub və oradan da birbaşa kilsəyə gedib. Konstantin Paustovski yazır: “Çünki yoldaş Şmidtin cavanlığı bütünlüklə “xalq arasında” keçmişdi və o, mənasız danışıqların deyil, konkret əməllərin tərəfdarıydı. O dövrdə özünü intelligent sayan bir qrup vardı ki, onlar pozğun qadınlarla evlənmək yoluyla Rusiyada fahişəliyin kökünü kəsməyin mümkünlüyünü düşünürdülər. Şmidt Dominiki ilə məhz buna görə evlənmişdi”. Hörmətli Paustovskini təkzib eləmək fikrim yoxdur, ancaq artıq bizə də məlum olduğu kimi Dominiki balaca Yevgenini Pyortun üstünə atıb “küçəsinə” qayıtdı… Yəni, alınmadı… 

Leytanantın həyatında yer tutan, onu tarix üçün “ölməz” eləyən ikinci məsələyə – “Oçakov” üsyanına nəzər salaq. Hörmətli Pyotr Petroviç görəsən bu işdə nəyə ümidliymiş? Ən doğrusunu bizə məhkəmə materialları deyəcək. “Oçakov” üsyançılarının ifadələrinə görə, Şmidtin istəyi Sevastopoldakı hərbi anbarları ələ keçirmək, Perekopa doğru hərəkət eləmək, orada artilleriya batareyası qurub Krıma gedən yolu bağlamaq, bununla bütün yarımadanı Rusiyadan ayırmaq olub. Sonra o, bütün donanmanı Odessaya aparmağı, şəhərə desant çıxarıb Odessanı, Nikolayevi və Xersonu tutmaq fikrindəymiş. Beləliklə, Cənubi Rus Sosialist Respublikası yaranmalı, cənab Şmidt isə bu “dövlətin” başında durmalıymış. 

1905-ci ilin məlum hadisələri vaxtı Odessaya gələn “İstoriçeskiy vestnik”in jurnalisti Sergey Orlitskiy də eyni şeyləri yazır. Jurnalist yazır ki, hər yerdə “Biz sosial proletar respublikası tərəfdarıyıq” şüarı irəli sürən hansısa gizli komitə barədə söhbət gedirdi. O, komitə üzvlərindən birini tapır və ondan müsahibə alır. Müsahibədən təqdim etdiyim bu maraqlı məqamların təkcə “qəhrəmanımızın” deyil, həm də rus tarixinin qaranlıq bir səhifəsinə işıq saldığı qənaətindəyəm. Beləliklə, gizli komitə üzvü olan Sergey Samuiloviç Çukerberqi dinləyək… 

- Axı, siz nə etmək fikrindəsiniz? 

- Artıq matroslar bizim tərəfimizdədirlər və inanırıq ki, yığıncaqda cəsur leytenant Şmidt də olacaq. Siz Qara Dəniz Donanmasının gələcək admiralını görəcək və eşidəcəksiniz. Şmidt söz verib ki, bizim tərəfimizə keçməyən zabitləri suya atacaq. Burada münbit Volıni və Podoliya torpaqları olan Krım da daxil Cənub Respublikası yaradılacaq. Qoy, vəhşi və mədəniyyətsiz Moskva daxili çəkişmələriylə baş-başa qalsın, istəyir məhv olsun. Bunun bizə – cənublulara heç bir dəxli yoxdur.

- Bəs cənub xalqı?

- Xalq… Bu xoxollar ziyalıların ardınca gedəcəklər. Kapital bizdə, elm bizdə, enerji bizdə… Biz siyasətdə və ticarətdə birinciyik!

- Belə çıxır ki, sizin Cənub respublikanız Odessa paytaxt olmaqla yəhudilərin çarlığı olacaq?

- Heç olmasa, qoy belə olsun…

Güllələnsin!

Göründüyü kimi, leytenant Şmidtə heç də tam şəkildə “başdanxarab” yarlığı yapışdırmaq olmaz! Elə çar da belə hesab eləyirdi… Çünki orada qalmışdıq ki, Osmanlıya keçmək istəyən Pyotr Petroviç və onun 16 yaşlı oğlu Yevgeni gəminin camaşırxanasında həbs olunur. Yetkinlik yaşına çatmadığı üçün Yevgeni bir neçə gün sonra azadlığa buraxılır. Üsyançı Şmidt barədə isə ölüm hökmü çıxarılır. Məhbusun əmisi Daxili İşlər Naziri Vittenin vasitəsilə II Nikolaya qardaşı oğlunun ruhi xəstə olduğu, bütün bu hadisələri də dəliliyi ucbatından törətdiyi haqda məktub göndərir, əfv diləyir. II Nikolayın əfv ərizəsinə qoyduğu dərkənarda oxuyuruq: “Zərrə qədər şübhəm yoxdur ki, əgər Şmidt ruhi xəstə olsaydı, bu, tibbi ekspertiza ilə təsdiq edilərdi”. Ancaq maraqlıdır ki, nə dərkənara qədər, nə də dərkənardan sonra Şmidtin ruhi xəstə olub-olmaması barədə ekspertiza keçirilməmişdi… Beləcə, istefada olan leytenant Pyotr Petroviç Şmidt barədə çıxarılan ölüm hökmü qüvvədə saxlanıldı və 1906-cı il martın 6-da başıbəlalı inqilabçı güllələndi…

Ölümdən sonrakı həyat

Heç məzarının üstü qurumamış Pyotr Petroviçin adı məşhurlaşdı. Artıq təkcə cənubda deyil, bütün Rusiya boyu keçirilən mitinqlərdə onun adı çəkilir, xatirəsi fədakar inqilabçı, çar rejiminin qurbanı kimi yad edilirdi. Sonradan inqilabi hərəkatda yeni qəhrəmanlar və qurbanlar peyda olduğundan onun adını unutmağa başladılar. Ancaq oktyabr inqilabından sonra leytenant Şmidtin adı və şöhrəti təzədən artdı. Hətta Müvəqqəti Hökumətin rəhbəri Kerenski belə Şmidtin məzarını ziyarət elədi. 1923-cü ildə leytenantın məzarının yeri dəyişdirildi. Pyotr Petroviçin sümükləri bu dəfə Sevastopoldakı məşhur Kommunarlar qəbiristanlığında dəfn edildi, şəhərdə heykəlləri qoyuldu, adı küçəyə, körpüyə verildi, hətta məşuqəsinə təqaüd də kəsildi… Bir müddət sonrasa Şmidtin adı ədəbi əsərlərdə çəkilməyə başlandı. Bunların arasında ən məşhuru təbii ki, İlf-Petrovun “Qızıl buzov”udur. Bu yerdə isə əvvəlcə “leytenant Şmitdin övladları” məsələsinə aydınlıq gətirməliyik.

Antisovet Yevgeni

Artıq tərcümeyi-halından də məlum olduğu kimi zavallı leytenantın bircə övladı olub: anası küçə qadını Dominik olan Yevgeni. Atasının sağlığında Yevgeninin adını biz sonuncu dəfə onunla birgə həbs ediləndə və azadlığa buraxılanda eşitmişdik. Bundan sonra Yevgeni Şmidt Texnoloji Məktəbi bitirir, burada kafedrada saxlanılır. 1917-ci ildə Yevgeni atasının şərəfinə soyadına bir “Oçakovksi” sözü də əlavə edir və… Və inqilabçı atanın oğlu Böyük Oktyabr Sosialist İnqilabını qəbul etməyərək Vrangelin qoşununda Sovet Rusiyasına qarşı döyüşür. 1920-ci ildə Rusiyanı tərk edir, əvvəlcə Çexoslovakiyada, sonra Fransada yaşayır. Mühacirətdə atası haqqında kitab yazır, onun adını göylərə qaldırır, rus vətənpərvəri, Rusiyanın aşiqi kimi mədh edir. Ancaq “burjuylar” yəqin ki, Yevgeninin qədrini bilmirlər. Şmidtin yeganə oğlu 1951-ci ildə səfalət içində vəfat edir, vəsait olmadığından ümumi qəbiristanlıqda dəfn edilir.

“Mən leytenant Şmidtin oğluyam”

Oğul Yevgeni SSRİ-də yaşamasa da, məşhur “leytenant Şmidtin oğluyam” ifadəsi yalnız yazıçıların təxəyyül məhsulu deyildi. Məsələ burasındadı ki, Şmidtin ölümündən az sonra onunla birgə guya inqilab eləyən oğlu Yevgeni bir növ inqilabi hərəkatın əyalət simvollarından birinə çevrildi. İnqilabi ideyalara bağlı olduqlarını nümayiş etdirmək istəyənlər özlərini “leytenant Şmitdin oğlu” adlandırdılar. Tədricən bu ifadə mitinq, yığıncaq çərçivəsindən çıxıb məişət statusu qazanmağa başladı. Artıq inqilabdan sonra ayrı-ayrı dövlət idarələrinə gedib özlərini leytenant Şmidtin oğlu kimi təqdim edənlərin sayı xeyli çoxaldı. “Oğullar” bu yolla idarə rəhbərlərini şantaj edir, özlərinə cibxərcliyi qoparırdılar. İlf-Petrovun “Qızıl buzov”da təsvir elədikləri məşhur səhnədəki kimi…

Son əvəzi

…Bəli, illər uzunu ideal olaraq sırınan bu adamın sayagəlməz nöqsanı, qüsuru, axmaq vərdişləri olub. Fəaliyyətində az, ya çox dərəcədə siyasi element olduğu üçün həyatı ümumiyyətlə sirr pərdəsi altında gizlədilib, kütlələr onun ancaq fədakar yönünü tanıyıb.

Bizim qəhrəmanın ölümdən sonrakı taleyi isə lap qəribə olub. İndinin özündə belə bu adamın hansı yuvanın quşu olduğunu düz-əməlli bilən yoxdur. Biriləri onu başdanxarab, digərləri fanatik inqilabçı, qeyriləri sadəcə dələduz kimi xatırlayırlar. Əvvəldə dedim, işə bax ki, bu adamın adıyla adlanan zavod da bizim taleyimizə çevrildi... Guya “Leytenant Şmidt”də “düzəldilən” silahlar bizi Qırmızı Ordu təcavüzündən qorumalıymış… 100 il əvvəl leytenant Şmidt özü kimsəni qoruya bilmədiyi kimi 100 il sonra da adını daşıyan zavodda, guya istehsal olunan silahlar bizi qoruya bilmədi…

İlham TUMAS


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR