Play Store

İlham Əliyev sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikasında mədəniyyət sahəsinin inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Azərbaycanın zəngin və tolerant tarixi irsinin, tarix və mədəniyyət abidələrinin tədqiqi, qorunması və təbliği üçün ölkədə sistemli fəaliyyət həyata keçirilir.

Son illər ərzində mədəniyyət sahəsində böyük investisiya proqramları həyata keçirilib, paytaxtda və regionlarda bir sıra mədəniyyət mərkəzləri, teatr binaları, konsert-tamaşa salonları, rəsm qalereyaları tikilib istifadəyə verilib, habelə mövcud obyektlərin müasir standartlara uyğun təmiri, maddi-texniki bazasının gücləndirilməsi, muzey fondlarının komplektləşdirilməsi və ekspozisiyaların zənginləşdirilməsi istiqamətində bir sıra işlər görülüb.

Bu sahəyə dövlətin xüsusi qayğısının nəticəsidir ki, milli-mənəvi dəyərlərimizdən olan Novruz bayramı, muğam və aşıq sənətləri, eləcə də xalça sənəti UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə reprezentativ siyahısına daxil edilib, ölkəmiz qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəyə üzv seçilib. Bundan başqa, Azərbaycanın möhtəşəm abidələri Qobustan Milli Tarixi-Bədii Qoruğu və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilib.

Sərəncamda qeyd olunur ki, mədəniyyət sahəsinə dövlət qayğısının gücləndirilməsi, mədəniyyət obyektlərinin tikintisi və təmiri işlərinin davam etdirilməsi, habelə bərpa-tamamlama işlərinin sürətləndirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən Mədəniyyət və Turizm Nazirliyinə 6,987 milyon manat, o cümlədən:

- Bakı şəhəri Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən H.Abbasov adına Mədəniyyət Mərkəzinin tikintisinin və təchizatının tamamlanması üçün 1,272 milyon manat;

- Bakı şəhəri Qaradağ rayonunun Qızıldaş qəsəbəsində yerləşən Mədəniyyət Mərkəzinin tikintisinin və təchizatının tamamlanması üçün 1,932 milyon manat;

- Bakı şəhəri Xəzər rayonunun Şağan qəsəbəsində yerləşən Mədəniyyət Mərkəzinin tikintisinin və təchizatının tamamlanması üçün 1,208 milyon manat;

- Bakı şəhərinin Nərimanov rayonunda yerləşən 21 nömrəli Musiqi Məktəbinin tikintisinin və təchizatının tamamlanması üçün 1,370 milyon manat;

- Bərdə şəhərində yerləşən “Allah-Allah” türbəsinin bərpası işlərinin tamamlanması üçün 1,205 milyon manat vəsait ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR