Əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminə müraciətlərin sayı 9 milyonu ötüb

Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminə müraciətlərin sayı 9 milyon 80 mini ötüb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) Metbuat.az-a verilən məlumata görə, nazirliyin Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminə bu ilin iyul ayında ötən ilin müvafiq dövrünə nisbətən 28,2 faiz (46,6 min müraciət) çox, yəni 212 020 dəfə müraciət edilib. 

Onlardan 167 898 müraciət “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidmətinə yönəlib. Bu e-xidmət işəgötürənlərə işçilərlə bağladıqları əmək müqavilələrini, müqaviləyə dəyişiklikləri və ya xitam verilməsini müvafiq bildiriş formasında sistemdə qeydiyyatdan keçirərək rəsmiləşdirməyə xidmət edir. Müraciətlərin 17 687-si “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi”, qalan hissəsi isə “İş yerinə dair arayış” e-xidmətinə aid olub. Bu e-xidmətlər isə işçilərə onlarla əlaqədar sistemə daxil edilən bildirişlər barədə məlumat öyrənmək, habelə öz iş yerləri barədə elektron qaydada arayış əldə etmək imkanı verir. 

Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi ölkəmizin sosial-iqtisadi münasibətlər sisteminin mühüm elementi olaraq, əmək münasibətlərinin və bu münasibətlərdə baş verən dəyişikliklərin elektron müstəvidə rəsmiləşdirilərək şəffaflaşdırılmasına xidmət edir. Bununla işçi və işəgötürənlərin əmək münasibətləri sahəsində hüquqlarının əsaslı təminat vasitəsi olan həmin sistem eyni zamanda əmək bazarına nəzarətin çevik və səmərəli təşkilinə, əmək münasibətlərinin dolğun və obyektiv uçotunun aparılmasına şərait yaradıb. 

Mötəbər bynəlxalq qurumların müasir dünyanın qabaqcıl təcrübələrindən biri kimi dəyərləndirdiyi, BMT-nin ixtisaslaşdırılmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqının “Çempion layihə” mükafatına layiq görülən bu sistem eyni zamanda “Elektron hökumət” portalında geniş istifadəçi auditoriyası ilə seçilir. Belə ki, tətbiqinə başlanıldığı 2014-cü ilin iyul ayından bəri Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminə müraciətlərin sayı 9 milyon 80 mini ötüb. Bu da ötən dövrdə “E-hökumət” portalına müraciətlərin 17,5 faizini təşkil edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR