Məndən adam olmayıb, olmayacaq da...

Məndən adam olmayıb, olmayacaq da...
14:53 19 Sentyabr 2017
80 Digər
Ölkə mətbuatı
A- A+

Qaqa, adamın ağır bir dərdi olar, dözə bilməz, ləzzət eləyər. Bilərsən ki, kişi kimi dərd çəkirsən. Gündən günə həyat öz-özünü çətinləşdirər, bacarmazsan, yaşaya bilməzsən. Hər gün içərsən, çəkərsən, axırda da özünü hansısa bir binanın başından atar, xilas olarsan. Məsələ burasındadır ki, mənim dərdim yoxdur. Hər şeylə razılaşmış adamam. Ölkənin gözəlliyini də qəbul edirəm, inkişafımızı da, dünyada tanınmağımızı da. Məni ən çox incidən xırda məişət problemləridir, söz başa düşməyən, Allahın hissdən, duyğudan məhrum etdiyi insanlarla hər gün üz-üzə gəlmək məni bezdirir, yorur... Yolpulu da tapa bilmirəm ki, çıxıb gedəm. O qədər sıxılıram ki, gündə üç dəfə zibil atıram, divarları rəngləyirəm. Darıxdığımdan yumurta ilə unu bir-birinə qarışdırıb şirniyyat-zad bişirmək istəyirəm.

Son vaxtlar isə yaşamağın yolunu tapmışdım. Guya! Yaddaşımla əl-ələ tutub çox-çox uzaqlara getmək insanı xeyli sakitləşdirir. Bəzən özümdən o qədər uzaqlaşıram ki, geri qayıda bilmirəm. Bir də görürsən k, yatıb 5-6 yaşımda qalmışam. Yerimi isladıram, mama da məni çimdikləyir... Bir də görürəm ki, 18 yaşımdayam, məktəbə gedirəm, qara bir qızın arxasınca sürünürəm...

O qızın çox pis xatirəsi var, ona görə də onu 18 yaşımda qoyub, 10-12 yaşıma gəlirəm. Rayonda qalırdıq. Hər gün atama yalvarırdım ki, mənə top alsın. İndiki kimi deyildi, o vaxt hər uşağın topu olmurdu. Atam hər axşam işdən evə gələndə uzaqdan əlində top görürdüm, yaxına gəldikcə top yavaş-yavaş balacalaşır, lap axırda yoxa çıxırdı. Heç kim mənim topa olan sevgimi başa düşmürdü. Mən top istəyəndə anam oxlova əl atırdı, məni döyürdü, döydükcə ağlayırdım. Bir dəfə ağlaya-ağlaya güzgüyə baxdım, göz yaşları yanağımda topa oxşayırdı. Başqaları topu futbol oynamaq üçün arzulayırdı, mən isə qucaqlayıb yatmaq üçün istəyirdim. Əllərim, ayaqlarım hər gün top üçün havada yellənirdi...

Görürsünüzmü, bir dənə xoş xatirə yoxdur. Təzədən 20 yaşıma gəlirəm. İlahi, mən nə qədər arıq olmuşam. Lap çöpə oxşayıram ki... Səbael rayonunda, iyirminci sahədə qalırdıq. Yaxşı bir qonşumuz vardı. Amma əri içirdi, qabağına çıxana söyüş söyürdü. Səhər ayılanda xəcalətindən pəncərədən çıxıb gedirdi işə. Kişi bir dəfə içib gəlmişdi, arvadını lap möhkəm döydü. Həmin vaxt küçədə siqaret çəkirdim. Gecə idi. Qapı qəfil taybatay açıldı. Balaca bir qız uşağı ayağı yalın küçəyə çıxdı. Bilmədi nə etsin, gəlib əllərimdən tutdu. Kirayə qalırdılar, uşaq heç məni tanımırdı.

- Əmi, qurban olum, qoyma, atam içib mamamı döyür.

Qızcığazın əlləri ovcumun içində ürək kimi döyünürdü. Əlimdən tutub məni evlərinə dartırdı. Gözlərim doldu. Hünərim çatmadı gedib onun atasını döyüm. İndi o qızcığazın 18-20 yaşı olar. Görəsən, o, indi hardadır? Atası yenə anasını döyürmü? Yenə kirayədə qalırlarmı? Qızcığaz yenə də gözəldirmi? Yenə şirindirmi? Allah bilir, kimisə sevir. Bəlkə də indi sevgilisi ilə öpüşür, sevişir... Xoşbəxt ol, gözəlim!

Bir də o qaranquş yuvasını tez-tez xatırlayıram. İmişli rayonunda beş mərtənəli binanın beşinci mərtəbəsində, düz qonşunun qapısının üstündə qaranquş yuva qurmuşdu, bala çıxartmışdı. Balalar yuvada cikkildəşirdi. Evin sahibəsi də 45 yaşında qız uşağı idi. Ərə getməmişdi, əsəbiləri də pozulmuşdu. Qaranquş balalarının səsini başı götürmədi. Bir gün pol taxtasını əlinə alıb o yuvanı dağıtdı, balalar yerə səpələnmişdi, uça da bilmirdilər. Süpürgə ilə balaları süpürdü, aparıb atdı. Onda mənim səhv eləmirəmsə, 4-5 yaşım olardı. O qadın, adı deyəsən, Rəna idi, bəlkə də hələ də ərə getməyib. Özünə bir yuva qura bilmir, işi-gücü yuva uçurmaq idi.

Bir də son zəngim yadıma düşür.

Üstünə xatirə sözləri yazılmış köynəyimi hələ də saxlayıram.

Bir qız belə yazmışdı:

“Kəramət, səndən adam olmayıb, olmayacaq da!”.


Xəbərin orijinal ünvanı: http://publika.az/projects/koshe/213880.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR