Azərbaycanlı kənd təsərrüfatı mütəxəssisləri beynəlxalq təcrübəni öyrənirlər

Azərbaycanlı kənd təsərrüfatı mütəxəssisləri beynəlxalq təcrübəni öyrənirlər
21:17 19 Sentyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 19 sentyabr. REPORT.AZ/ Bakıda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) “Azərbaycanda fitosanitar nəzarətin və diaqnostika xidmətlərinin gücləndirilməsi” layihəsi çərçivəsində “İxrac zamanı bitki və bitki mənşəli məhsulların yoxlanılması və fitosanitar sertifikatlaşdırılması” üzrə təlim seminarı öz işinə başlayıb.
Nazirlikdən "Report"a daxil olan məlumata görə, Dövlət Fitosanitar Nəzarəti Xidmətinin (DFNX) müfəttişlərinin iştirak etdiyi təlimin əsas məqsədi müfəttişlərə bitki və bitkiçilik məhsullarının ixracı zamanı beynəlxalq və milli qanunvericiliyin aşılanması və bu sahədə onların bilik və bacarıqlarının artırılmasıdır.
Tədbirdə DFNX-nın rəisi Camal Quliyev və FAO-nun beynəlxalq məsləhətçisi Rinqols Arnitis iştirak ediblər.
Dövlət Xidmətinin rəisi Azərbaycanda aqrar sahədə həyata keçirilən islahatlar və inkişaf istiqamətləri, ixrac potensialının gücləndirilməsi, idxaldan asılılığın azaldılması, davamlı ərzaq təhlükəsizliyinin təmin edilməsi barədə ətraflı məlumat verib. O qeyd edib ki, məsələlərə kompleks yanaşılması və istehsal edilən məhsulun keyfiyyətinə nəzarətin gücləndirilməsi sağlam və keyfiyyətli məhsulların ixracının artırılmasına səbəb olacaq.
Qeyd edək ki, seminar iştirakçıları təlimin praktiki hissəsinin həyata keçirilməsi məqsədilə sabah Xaçmaz rayonu ərazisinə səfər edəcək. Fitosanitar müfəttişlər ixrac olunacaq bitki və bitkiçilik məhsullarına fitosanitar karantin baxışının təşkili, nümunələrin götürülməsi və fitosanitar sertifikatlarının verilməsi prosedurları ilə yaxından tanış olacaqlar.
Təlim seminarı sentyabrın 21-də başa çatacaq.


Xəbərin orijinal ünvanı: https://report.az/ask/azerbaycanli-kend-teserrufati-mutexessisleri-beynelxalq-tecrubeni-oyrenirler34

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR