Bu gün Azərbaycanda Neftçilər günüdür

Bu gün Azərbaycanda Neftçilər günüdür
00:02 20 Sentyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 20 sentyabr. REPORT.AZ/ Hər il 20 sentyabr tarixi Azərbaycanda neft-qaz sahəsində çalışan işçilərin peşə bayramı - Neftçilər günü kimi qeyd olunur.
"Report" xəbər verir ki, bu günün peşə bayramı kimi qeyd edilməsi Azərbaycan xalqının ümummili lideri Heydər Əliyevin 16 avqust 2001-ci il tarixli fərmanı ilə rəsmiləşdirilib.
Neftçilər günündə sənayenin bu sahəsində əldə edilən uğurlar və qarşıda duran əsas məsələlər geniş müzakirə edilir, bu sahədə xüsusi xidmətlər və fədakarlıq göstərən fəhlə və mütəxəssislərə dövlət başçısının fərman və sərəncamları ilə fəxri adlar, orden və medallar verilir.
Məhz həmin günün bu sektorda çalışanların peşə bayramı kimi qeyd edilməsi isə 1994-cü il sentyabrın 20-də Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri” və “Çıraq” yataqları, eləcə də “Günəşli” yatağının dərinsulu hissəsinin (AÇG) birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında müqavilənin imzalanması ilə bağlıdır.

Təxminən, 400 səhifə həcmində və 4 dildə hazırlanmış müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adını alıb.
AÇG yatağı altı hasilat platformasından - "Çıraq", "Mərkəzi Azəri", "Qərbi Azəri", "Şərqi Azəri", "Dərinsulu Günəşli", "Qərbi Çıraq" və ən müasir texnologiyalarla təchiz edilmiş iki texnoloji emal, kompressiya, suvurma və texnoloji təchizat platformasından ibarət olan kompleksə malikdir.
AÇG yatağının işlənməsi bir neçə mərhələdə həyata keçirilib. "Çıraq" platformasında hasilata 1997-ci ildə, "Mərkəzi Azəri"də 2005-ci ilin əvvəlində, "Qərbi Azəri"də 2005-ci ilin dekabrında, "Şərqi Azəri"də 2006-cı ilin sonunda başlanılıb. AÇG-nin növbəti işlənmə mərhələsi olan "Dərinsulu Günəşli"dən (Faza-3) hasilat 2008-ci ilin aprel ayında başlanıb.

Sonuncu mərhələ isə 2010-cu ildə sanksiya verilən "Çıraq" neft layihəsidir. "Qərbi Çıraq" platforması dənizin mövcud "Çıraq" və "Dərinsulu Günəşli" platformaları arasında quraşdırılıb və burada 2014-cü il yanvarın 28-də hasilat başlayıb.
Bu müqavilə ilə AÇG-də hasil edilən neft Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa boru kəmərləri ilə dünya bazarlarına ixrac edilir.
AÇG-də hazırda BP (operator – 35,8%), SOCAR (11,6%), "Chevron" (11,3 %), "Inpex" (11%), "Statoil" (8,6%), "ExxonMobil" (8%), TPAO (6,8 %), "Itochu" (4,3%), "ONGC Videsh Ltd." (2,7 %) paya malikdir.
Bu il isə Azərbaycanın neft sənayesi üçün daha bir əlamətdar hadisə ilə yadda qalıb. Belə ki, sentyabrın 14-də “Azəri”, “Çıraq” yataqları və “Günəşli” yatağının dərinsulu hissəsinin (AÇG) 2050-ci ilə qədər birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalanıb.

Yeni saziş Azərbaycan Prezidenti İlham Əliyevin və bir qrup yüksək səviyyəli xarici hökumət və dövlət rəsmilərinin iştirak etdiyi tədbirdə Azərbaycan hökuməti adından SOCAR-ın prezidenti Rövnəq Abdullayev və tərəfdaş şirkətlərin - SOCAR, “BP”, “Chevron”, “Inpex”, “Statoil”, “ExxonMobil”, “TP”, “Itochu” və “ONGC Videsh” nümayəndələri tərəfindən imzalanıb.
Yeni saziş Azərbaycan Milli Məclisi tərəfindən ratifikasiya olunmalıdır. Saziş təsdiqləndikdən sonra AÇG-də tərəfdaşların yeni iştirak payları bu nisbətdə olacaq: BP - 30,37%, AzACG (SOCAR) - 25,00%, "Chevron" - 9,57%, "Inpex" - 9,31%, "Statoil" - 7,27%, "ExxonMobil" - 6,79%, TP - 5,73%, "Itochu" - 3,65% və "ONGC Videsh Ltd." (OVL) - 2,31%.
İmzalanma mərasimində çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev yeni müqavilənin Azərbaycan üçün çox böyük əhəmiyyəti olduğunu vurğulayıb.






Xəbərin orijinal ünvanı: https://report.az/energetika/bu-gun-azerbaycanda-neftciler-gunudur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR