Azərbaycanda daha 23 dövlət əmlakı özəlləşdirilib

Azərbaycanda daha 23 dövlət əmlakı özəlləşdirilib
10:12 20 Sentyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 20 sentyabr. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərracını keçirib.
“Report” Komitəyə istinadən xəbər verir ki, hərracda 4-ü kiçik dövlət müəssisəsi, 18-i istifadəsiz qeyri-yaşayış sahəsi, 1-i isə yarım tikili olmaqla 23 dövlət əmlakı özəlləşdirilib.
Həmin kiçik dövlət müəssisələrindən 1-i Bakının Xətai rayonunda, 3-ü isə Gəncə və Sumqayıt şəhərlərində, eləcə də Kürdəmir rayonunda yerləşir. İstifadəsiz qeyri-yaşayış sahələrindən isə 12-si Bakıda, 6-sı regionlarda yerləşir.
Hərrac rəqabətli şəkildə keçib. Belə ki, paytaxtın Nəsimi rayonunda yerləşən, ümumi faydalı sahəsi 115 kv.m-ə yaxın olan qeyri yaşayış sahəsinin ilkin start qiyməti 55 min manat olsa da, bu obyekt 93 min manata özəlləşdirilib. Hərracda özəlləşdirilən istifadəsiz qeyri-yaşayış sahələri arasında ən yüksək satış qiyməti də elə bu əmlakda qeydə alınıb.
Hərracda ən yüksək qiymətə özəlləşdirilən kiçik dövlət müəssisəsi isə Sumqayıt şəhərində yerləşən 133 saylı yanacaqdoldurma məntəqəsi olub. Həmin əmlakın ümumi faydalı sahəsi 24,5 kv.m, torpaq sahəsi isə 1000 kv.m-ə yaxındır.
Hərracda xidmət sahəsində əlverişli olan kiçik dövlət müəssisəsi də özəlləşdirilib. Gəncə şəhərində yerləşən 27 saylı yanacaqdoldurma məntəqəsi bu kateqoriyaya aid olmaqla investorlar üçün yaxşı gəlir mənbəyidir. Həmin əmlakın ümumi faydalı sahəsi 50 kv.m-ə yaxın torpaq sahəsi isə 1000 kv.m-dən çoxdur.
Paytaxtla yanaşı regionlarda da özəlləşdirilən kiçik dövlət müəssisəsi orta və kiçik sahibkarlığın inkişafına imkan verə biləcək əmlaklardır. Paytaxtın Xətai rayonunda yerləşən 400 saylı mağaza, Kürdəmirdə olan Yardımçı təsərrüfat bu kateqoriyaya aid olmaqla sahibləri üçün gələcəkdə yaxşı qazanc gətirə bilər.
Hərraca çıxarılan bir sıra əmlaklar torpaq sahəsi ilə birgə özəlləşdirilib. Torpaq sahəsi ilə birgə özəlləşən əmlaklar, hərracda cəlb ediciliyini yüksəltməklə daha çox investor marağını artırır.
Paytaxtda özəlləşdirilən qeyri-yaşayış obyektinin 4-ü Suraxanı, 2-si Sabunçu rayonlarında, qalanları isə müvafiq olaraq Nəsimi, Nizami, Nərimanov, Binəqədi, Qaradağ, Səbail rayonlarında yerləşir. Bölgədə özəlləşdirilən qeyri-yaşayış sahəsi isə Sumqayıt, Lənkəran şəhərlərində, Şirvan, Samux, Quba, Xaçmaz rayonlarında yerləşir. Özəlləşdirilən əmlakların sahəsi 10 kv.m ilə 200 kv.m arasında dəyişir.
Qeyd edilməlidir ki, daha az investisiya tələb edən əmlaklar da hərracda özəlləşdirilib. Bunlardan biri Bakının Binəqədi rayonunda yerləşən sahəsi 10 kv.m olan qeyri-yaşayış sahəsidir.
Hərracda bir yarım tiklidə özəlləşdirilib. Bu sahəsi 500 kv.m olan Gədəbəydə yerləşən Məişət evinin yarımçıq tikilisidir.
Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün aşağıdakı linkdən istifadə etmək kifayətdir:
http://www.emdk.gov.az/index.php/az/m%C3%BCsabiq%C9%99-v%C9%99-h%C9%99rraclar/n%C9%99tic%C9%99l%C9%99r
Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac 26 sentyabrda keçiriləcək.







Xəbərin orijinal ünvanı: https://report.az/biznes/azerbaycanda-daha-23-dovlet-emlaki-ozellesdirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR