Cənubi Qafqazda qızğın silahlanma davam edir. Rusiya
Ermənistana “İskəndər” raket kompleksini verdi. Azərbaycan buna
cavab olaraq İsraildən “Dəmir Günbəz” sistemlərini almaq istəyir.
Müdafiə naziri Zakir Həsənov gözlənilmədən İsrailə səfər etdi və
həmkarı Aviqdor Libermanla danışıqlar apardı.
Publika.az xəbər verir ki, “Pravda” nəşri Azərbaycanın
erməni hərbi birləşmələrinin həmlələrinin qarşısını almaq üçün
atdığı addımlar haqda yazıb.
Nəşr diqqəti Həsənovun səfərinə yönəldərək qeyd edir ki, bu,
olduqca sensasiyalı idi: “Əsrin dörddə bir hissəsində bu, ilk rəsmi
səfər idi. Problem ondadır ki, Bakının Təl-Əvivlə münasibətləri
İranı qıcıqlandırır. Tehran münasibətlərə son qoymağa çağırsa da,
İlham Əliyev öz siyasətini davam etdirir. Ötən ilin dekabrında
İsrailin Baş naziri Benyamin Netanyahu öz xanımı ilə birlikdə
Bakıya gəldi. Əliyevlə Netanyahu iqtisadi və müdafiə sahəsində
əməkdaşlığın genişləndirilməsi haqda razılaşdılar. Amma bir məsələ
açıq qaldı: Azərbaycan İsraildə səfirliyini nə vaxt açacaq? İsrail
Bakıda səfirliyini 1993-cü ildə açıb, amma qarşı tərəf İran
faktoruna görə bu addımı gecikdirir. Hərçənd, Azərbaycan İranın
etirazlarına məhəl qoymur və xüsusilə müdafiə sferasında İsraillə
əməkdaşlığı inkişaf etdirməyə davam edir”.
Nəşr əlavə edir ki, Həsənov Libermanla “Dəmir günbəz” və “Hermes
900” pilotsuz təyyarələrin alınmasını müzakirə etdi.
Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatında da qeyd olunur
ki, nazir İsrailin aparıcı hərbi sənaye müəssisələrinə baş çəkdi və
məhsullarla tanış oldu.
Beynəlxalq münasibətlər üzrə İsrail eksperti Arye Qut danışır ki,
indiyə qədər Bakı və Təl-Əviv arasında əməkdaşlıq energetika
sferasına daxil idi (İsrailin neft ehtiyacının 40 faizi
Azərbaycandan idxal olunur), lakin indi hərbi sektorda da əlaqələr
genişlənib.
Zakir Həsənovun səfərində müzakirə olunan “Hermes 900” (BPLA)
pilotsuz təyyarələri rəqibin hədəflərinin kəşfiyyatını aparır,
dəqiq informasiyalar ötürür və lazım olanda zərbə endirir. Bu
təyyarə sistemləri dünyanın bir neçə ölkəsində - ABŞ, İsrail, Çin
və Türkiyədə - mövcuddur. İndi bu sıraya Azərbaycan da
daxildir.
Ermənistan da “aprel müharibəsi”ndən sonra bu silahdan əldə etməyə
cəhd göstərir. Hətta bu ilin may ayında Ermənistan Müdafiə
Nazirliyinin müdafiə siyasəti idarəsinin rəisi Levon Ayvazyan
“Ermənistan zərbə vuran pilotsuz uçuş aparatlarına (BPLA) malikdir,
lakin gəlin, bu haqda danışmayaq və məxfiliyi saxlayaq” deyə
açıqlama verdi. Lakin bunun blef olduğu və bu blefin erməni
ictimaiyyətinə yönəldiyi məlumdur.