"Azneft"in baş direktoru: "İşlənmədə olan yataqlar üzrə çıxarılabilən qalıq neft-kondensat ehtiyatları 187 mln. tondur"

"Azneft"in baş direktoru: "İşlənmədə olan yataqlar üzrə çıxarılabilən qalıq neft-kondensat ehtiyatları 187 mln. tondur"
10:37 21 Sentyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 21 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Azneft” İstehsalat Birliyinin baş direktoru Daşqın İskəndərov “Report” İnformasiya Agentliyinə müsahibə verib:
- Daşqın müəllim, öncə hasilat göstəricilərini öyrənmək istərdik. Bu ilin ötən dövrü ərzində “Azneft” İB üzrə hasilat hansı həcmdədir, bu ilin proqnozu nə qədər yerinə yetirilib? Hasilatın hansı həcmi qurudakı, hansı həcmi dənizdəki yataqların payına düşüb?
- Ötən səkkiz ay “Azneft” İstehsalat Birliyi üçün uğurlu dövr kimi yadda qalıb. Birliyin bütün idarə və müəssisələrində mühüm işlər görülüb, yeni obyekt və qurğular tikilib istismara verilib, hasilatın artırılması, neftçilərin əmək şəraitinin daha da yaxşılaşdırılması istiqamətində kompleks tədbirlər görülüb. 2017-ci ilin yanvar-avqust aylarında Birlik üzrə 4 113,9 min ton neft, 3,43 mlrd. kubmetr qaz hasil edilib. Neft hasilatının 94,71%-i, qaz hasilatının isə 98,64%-i dəniz yataqlarının payına düşüb. Cari ilin sonuna kimi 6,22 mln. ton neft, 5,3 mlrd. kubmetr isə qaz hasil edilməsi proqnozlaşdırılır.
Bu gün Azərbaycan iqtisadiyyatı ümummilli lider Heydər Əliyevin müəllifi olduğu və Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən enerji strategiyasının təməli üzərində qurulmuş hərtərəfli və dinamik inkişaf kursu ilə inamla irəliləyir. 1994-cü ilin sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması ilə həyata keçirilməyə başlayan bu inkişaf strategiyası çərçivəsində Azərbaycan iqtisadi yüksəliş tempinə görə ilbəil böyük uğurlar qazanır. Yeri gəlmişkən, bu il sentyabrın 14-də Azərbaycan hökuməti və tərəfdaşlar “Azəri”, “Çıraq” və dərinsulu “Günəşli” üzrə dəyişdirilmiş və yenidən işlənmiş hasilatın pay bölgüsü sazişini imzaladılar. Bu saziş 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”nin məntiqi davamı kimi ölkəmizin ötən illər ərzində artan maliyyə və texnoloji potensialını əks etdirir, dünya dövlətlərinin Azərbaycan iqtisadiyyatına olan inamını göstərir. Sevindirici haldır ki, enerji strategiyasının lokomotivi olan SOCAR-ın əldə etdiyi uğurlarda “Azneft” İstehsalat Birliyinin də böyük payı var.
- Hazırda “Azneft” üzrə neçə yataqda hasilat aparılır?
- Hazırda "Azneft" İB ölkəmizin 28 neft və qaz yatağında istismar işlərini yerinə yetirir. Bu yataqlardan 13-ü Xəzərin Azərbaycan sektorunda, 15-i isə quru ərazidə yerləşir.
- Hasilatın stabilləşdirilməsi, düşmə tempinin azaldılması, hasilatın artırılması istiqamətində hansı addımlar atılır? Bu sahədə hansı hədəflər var?
- “Azneft” İB tərəfindən 2016-2018-ci illərdə neft hasilatının stabilləşdirilməsi və artırılması üçün Tədbirlər Proqramı hazırlanıb. Burada əsas məqsəd neft-qaz hasilatının düşmə tempinin qarşısını almaq və hasilatın stabilləşməsinə nail olmaqdan ibarətdir. Bu məqsədi həyata keçirmək üçün həm fəaliyyətdə olan, həm də fəaliyyətsiz quyu fondu üzərində müasir texniki imkanları nəzərə almaqla bir sıra geoloji, texniki, texnoloji tədbirlərin həyata keçirilməsi və təşkilati məsələlərin həlli nəzərdə tutulur.
Adıçəkilən proqrama əsasən, quyu fondu üzərində geoloji-texniki tədbirlərin artırılması, vintli nasosların və parafin təmizləmə qurğusunun tətbiqinin genişləndirilməsi, yan lülə quyularının, o cümlədən yeni neft və qaz quyularının qazılması üçün prespektivli sahələrin genişləndirilməsi, hidrotexniki qurğuları qəzalı olan meydançaların təmiri və istifadəyə qaytarılması, əlavə özüllərin tikintisi, o cümlədən mövcud özüllərdə qazma nöqtələrinin artırılması nəzərdə tutulub.
Hasilatda düşmə tempinin azaldılması üçün laylara müasir təsir üsullarının tətbiqi, geoloji-texniki tədbirlərlə yanaşı onların səmərəliliyinin artırılması yollarının axtarılması və müvafiq elmi-tədqiqat işlərinin aparılması, həmçinin, yeni istismar və horizontal quyuların qazılaraq istismara verilməsinin neft-qaz hasilatının artırılmasına təkan verəcəyini demək olar.
Neft-qaz hasilatının sabit saxlanılması və yüksəldilməsi “Azneft” İstehsalat Birliyinin istismar etdiyi yataqlarda tikinti-quraşdırma və təmir işlərini sürətləndirməyi tələb edir. Bu baxımdan dəniz yataqlarında yeni platformaların inşası xüsusi önəm daşıyır. İl ərzində “Bulla-dəniz”, “Çilov”, “Qərbi Abşeron”, “Neft Daşları” yataqlarında ümumilikdə 71 istismar quyusunun qazılması üçün yeni dəniz özülləri və estakadayanı meydançalar tikilərək istifadəyə verilib.
Həmçinin, hasilatın qorunması və praqnozlaşdırılan səviyyədə saxlanması üçün fəaliyyətsiz fonddan istismara 49 quyunun qaytarılması proqnozlaşdırılır ki, bundan da 94 min ton neft alınması gözlənilir.
- Gələn il üçün əsas hədəflər nələrdir? İş proqramı müəyyənləşibmi? Hasilat üzrə proqnozlar hansı həcmdədir?
- Daxili sənaye infrastrukturunun təkmilləşdirilməsi, mövcud imkanların artırılması üçün istehsalat sahələrində yeni obyektlərin inşasına böyük diqqət ayırırıq. Yataqların işlənməsinin və neft hasilatının optimallaşdırılmasına çalışırıq. Gələn il üçün iş planı hazırlanıb.
2018-ci ildə “28 May” NQÇİ-də “Qarabağ” yatağı üçün 1 saylı dərin dəniz özülünün, “Neft Daşları” yatağında 331, 1541A saylı estakadayanı meydançaların, N.Nərimanov adına NQÇİ-də 12 saylı stasionar dəniz özülünün, “Abşeronneft” NQÇİ-nin "Pirallahı" yatağında 1220 saylı torpaq meydançanın tikintisi planlaşdırılır. Həmçinin mövcud sahələrdən qazmanın davam etdirilməsi, yataqlarda kəsiliş və sahə üzrə yeni obyektlərin işlənməyə cəlb olunması, geoloji-texniki tədbirlərin aparılmasının davam etdirilməsi, tədqiqat işlərinə, suvurma və III təsir üsullarının tətbiqi ilə neft-qaz artımının əldə olunmasına xüsusi əhəmiyyət veriləcək. 2018-ci ildə 4 370 texniki və geoloji tədbirlərin həyata keçirilməsi proqnozlaşdırılır ki, bu da 298,9 min ton əlavə neft hasilatına zəmin yaradacaq. Suvurmanın tətbiqi və laylara vurulacaq 3,386 mln. kubmetr su ilə 113,9 min ton əlavə neft alınması da proqnozlaşdırılır. 2018-ci il üçün ümumilikdə neft hasilatı 6,2 mln. ton, qaz hasilatı isə 5,805 mlrd. kubmetr həcmində olacağı gözlənilir.
- Hazırda “Azneft”in istismar etdiyi yataqlarda neft-qaz ehtiyatları hansı həcmdə qiymətləndirilir?
- Hazırda “Azneft” İstehsalat Birliyinin balansında Respublikamızın Xəzər dənizi sektorunda 21, quru ərazisində isə 25 olmaqla ümumilikdə - 46 neft-qaz yatağı var. Yuxarıda qeyd edildiyi kimi, bu yataqlardan dəniz sektorunda 13, quru ərazisində 15 olmaqla 28 yataq işlənmədədir. İşlənmədə olan yataqlar üzrə qalıq çıxarılabilən neft-kondensat ehtiyatları 186,972 mln. ton, qaz ehtiyatları 134,764 mlrd. kubmetr təşkil edir. Konservasiyada olan və kəşfiyyatda olan yataqlar üzrə ümumilikdə qalıq çıxarılabilən karbohidrogen ehtiyatlarının həcmi 250 mln. 495 min ton neft və kondensat və 186 mlrd. 236 mln. kubmetr qaz təşkil edir.
- Kəşfiyyat işləri ilə bağlı da məlumat vermənizi istərdik. Bu sahədə hansı planlar var?
- Bu gün özünün enerji təhlükəsizliyini tam şəkildə təmin edən, eləcə də dünyanın enerji təminatında mühüm strateji əhəmiyyət daşıyan Azərbaycanda neft və qaz ehtiyatlarının istismarı ildən-ilə genişlənir. Bu, ilk növbədə geoloq və geofiziklərimizin gərgin səyləri sayəsində mümkün olub. Geoloq və geofiziklərimizin qarşısında ölkədə neft və qaz ehtiyatlarının artırılması məqsədilə yeni perspektivli strukturların axtarışı və qazmaya hazırlanması, quyularda keyfiyyətli və müasir mədən-geofiziki tədqiqat işlərinin aparılması kimi həlli vacib məsələlər durur. Seysmik kəşfiyyat və kompleks geoloji mühəndis işləri intensiv olaraq aparılır. Hazırda işlək yataqlarda qalıq neftli-qazlı zonalar araşdırılır, həmçinin, qazmaya əlavə sahələrin cəlb olunması məqsədilə yeni yataqlar tədqiq edilir. Yeni yataqların işlənməyə cəlb edilməsi məqsədilə perspektivli strukturların kəşfiyyat məlumatları təhlil olunur və işlənməyə hazırlanır.
Tərəfimizdən işlənən yataqlarda çıxarıla bilən ehtiyatların kifayət qədər olmasını nəzərə alaraq, bu ehtiyatların tam istismarını realizə etmək üçün yeni özüllərin tikintisi və genişləndirilməsi işləri aparılır. Bu məqsədlə horizontlar üzrə neftlilik-qazlılıq hüdudlarının genişləndirilməsinin müəyyənləşdirilməsi, aparılan geoloji tədqiqat işlərinin həcminin artırılması, alınmış məlumatların təhlili əsasında müsbət nəticələrin əldə olunmasına əlavə imkan yaradır.
- Ötən il Malaziyanın “Petronas” şirkəti ilə Xəzərdəki “Qoşadaş” strukturunun daxil olduğu blokun kəşfiyyatı, işlənilməsi və karbohidrogenlərin hasilatına dair Anlaşma Memorandumu imzalanıb. Hazırda bu strukturda hansı işlər görülür? Kəşfiyyat quyusunun nə vaxt qazılması planlaşdırılır?
- Biz infrastrukturun təkmilləşdirilməsi, yenilərinin yaradılması kimi istiqamətlərə ciddi diqqət yetirir, istehsalat potensialının inkişafı, ən qabaqcıl beynəlxalq təcrübə örnəklərinin öyrənilməsi və mənimsənilməsi kimi məsələlərə həssaslıqla yanaşırıq. Məhz ötən illər ərzində qazanılmış təcrübələrə və inkişaf etdirilmiş infrastrukturlara arxalanır, yeni perspektivli yataqların təkbaşına işlənilməsi istiqamətində əməli işlər görürük. Buna misal kimi, ilk dəfə olaraq, daxili imkanlarımız hesabına “Ümid” yatağının aşkar edilərək işlənilməyə verilməsini göstərmək olar. Bu istiqamətdə fəaliyyətimizi davam etdiririk.
“Qoşadaş” sahəsində aparılan işlər təqdirəlayiqdir. “Qoşadaş” sahəsi üzrə SOCAR-ın öz daxili imkanları hesabına Geologiya və Geofizika İdarəsi tərəfindən seysmik kəşfiyat işləri aparılıb. Əldə olunmuş məlumatlar emal-interpretasiya edilib. Hazırda yerli mütəxəssislər tərəfindən strukturun qiymətləndirilməsi işləri yerinə yetirilir. Qiymətləndirmədən sonra kəşfiyyat quyusunun qazılması haqqında dəqiq tarix bilinəcək.
- Azərbaycanda yeraltı qaz anbarları ilə bağlı strateji inkişaf planı hazırlanıb. Bu planda nələr nəzərdə tutulub? Plana uyğun olaraq hansı addımlar atılır?
- Ölkənin təbii qazla fasiləsiz təminatında və ixrac imkanlarının genişləndirilməsində yeraltı qaz anbarlarının rolu böyükdür. Möhtərəm Prezidentimiz tərəfindən SOCAR qarşısında yeraltı qaz anbarlarının aktiv tutumunun artırılmasına dair qoyulmuş vəzifə müvəffəqiyyətlə yerinə yetirilir. Mərhələli olaraq anbarların aktiv qaz tutumunun 6 mlrd. kubmetrə çatdırılması nəzərdə tutulur. Bu məqsədlə SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutu tərəfindən yeni layihələr hazırlanır. Həcmin artırılması üçün işlər bir neçə istiqamətdə aparılacaq. Əsasən, yerüstü avadanlıqlar daha yüksək təzyiqə davamlı avadanlıqlarla dəyişdiriləcək, yeni kompressor stansiyası inşa ediləcək, yeni sahələr (tektonik bloklar) işlənməyə cəlb ediləcək, yeni istismar-basqı quyuları qazılacaq. Bu istiqamətdə hazırda Qaradağ Yeraltı Qaz Anbarının VII və VIIA horizontlarında anbarın genişləndirilməsi məqsədilə əlavə quyular qazılır.
- Bu ilin qazvurma mövsümünün başlanğıcından indiyədək anbarlara hansı həcmdə qaz vurulub? Anbarlarda aktiv qazın miqdarı nə qədərdir? Mövsümün sonuna hansı həcmə çatdırılacaq?
- 2017-ci ildə qazvurma mövsümü cari ilin aprel ayından başlayıb. Sentyabrın 12-si tarixinə olan məlumata əsasən, yeraltı qaz anbarlarına vurulan qazın həcmi 1 498,649 mln. kubmetr (Qaradağ Yeraltı Qaz Anbarı – 881,059 mln. kubmetr, Qalmaz Yeraltı Qaz Anbarı – 617,59 mln. kubmetr) təşkil edir.
Hazırda yeraltı qaz anbarlarında aktiv qazın miqdarı qalıqla birlikdə 2 286,696 mln. kubmetr (Qaradağ Yeraltı Qaz Anbarı – 1 227,609 mln. kubmetr, Qalmaz Yeraltı Qaz Anbarı – 1 059,087 mln. kubmetr) həcmindədir.
2017-ci ilin qazvurma mövsümünün sonuna kimi aktiv qaz həcminin 3 mlrd. kubmetrə çatdırılması proqnozlaşdırılır.


Xəbərin orijinal ünvanı: https://report.az/energetika/azneft-in-bas-direktoru-i-slenmede-olan-yataqlar-uzre-cixarilabilen-qaliq-neft-kondensat-ehtiyatla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR