"Qaşına-qaşına dedilər ki, otura bilmirik, bit yeyir" - Bakıda yeni TƏHLÜKƏ

"Qaşına-qaşına dedilər ki, otura bilmirik, bit yeyir" - Bakıda yeni TƏHLÜKƏ
11:44 21 Sentyabr 2017
156 Digər
Ölkə mətbuatı
A- A+

 

-“Ötən həftənin əvvəli idi. Gördüm 6 yaşlı oğlum elə hey ayağını qaşıyır. Uşağın ayaqları bütün yaradı. Həkimə də apardım, təsdiq etdi ki, bit dişləməsidir. Evə fikir verdim, gördüm birə var. Qara həşərat, hansı ki, hoppanır. Uşağın corabını soyunduranda qara həşərat görsəm də, əhəmiyyət verməmişdim. Ondan sonra yayıldı evə. Məni, yoldaşımı da dişlədi. Oğlumun ayağındakı yaralara görə ona qısa şalvar geyindirə bilmirəm”.

 

Bu sözləri Lent.az-a evini bit-birə basmış Səbail rayonu, Xaqani küçəsi 47, mənzil 46 ünvanında yaşayan Sevda Əliyeva deyir. Onun sözlərinə görə, problemlə əlaqədar bir neçə quruma müraciət etsə də, onun şikayətinə baxan olmayıb. Axırda...

 

-“JEK”ə zəng edib problemimi dedim, ordan dedilər, bu işə Gigiyena və Epidemiologiya Mərkəzi baxır, ora zəng edin. Səbail Rayon Gigiyena və Epidemiologiya Mərkəzinə zəng etdim. Oradan dedilər, biz təsərrüfat hesablıyıq, bizim sizin Mənzil-Kommunal İstismar Sahəsi ilə müqavilə olmalıdır, ondan sonra biz gəlib dərmanlayırıq. Dedilər, indiyə qədər hər ay dərmanlayırdıq, indi əlimizdə müqavilə yoxdur. Mən də deyirəm, bu evdə 7 ildir yaşayıram, hələ bir dəfə görməmişəm ki, kimsə gəlib dərmanlasın. Təkrar “JEK”ə zəng etdim, onlar müqaviləsiz gəlib mənzilləri dərmanlamırlar. “JEK”-də dedi, biz bununla məşğul olmuruq, Səbail Rayon icra Hakimiyyəti bizə pul ayırmalıdır. Nəysə, məsuliyyəti bir-birlərinin üstünə atdılar. Təzədən Gigiyena və Epidemiologiya Mərkəzinə zəng etdim, dedim, özüm müqavilə bağlayım, öz adımdan, ödənişi edim, amma gəlib dərmanlayın. Birə elə həşəratdır ki, arta-arta gedəcək. Mənim evində uşaq var. Birəyə görə aparıb nənəsigilə qoymuşdum uşağı. Ayaqları dişlək-dişlək idi. Mərkəzdən dedilər ki, biz sizinlə müqavilə bağlaya bilmərik, siz fiziki şəxssiniz. Səbail Rayon İcra Hakimiyyətinə zəng etdim, oradan da dedilər ərizə ilə müraciət etməlisiniz. Dedim, xanım, mən ərizə ilə müraciət etsəm, ərizəmə 1 aya cavab veriləcək, o vaxta qədər birələr bizi yeyəcək axı! Dedi, onda gəlin icra başçısının qəbuluna. Dedim, gülməlidir axı, adi bit-birəyə görə icra başçısının qəbuluna gəlim? O da dedi, qayda belədir. Ondan sonra Səhiyyə Nazirliyinin qaynar xəttinə zəng vurdum. Orda da dedilər, müqavilə olmasa, dərmanlamaq mümkün deyil.

 

 

Bütün bu zəng etmələrdən bezən S. Əliyeva axırda dərdinə çarə tapır. Özü adam tapıb evini dərmanlatdırır.

 

-Qonşulardan soruşdum, onlarda yoxuydu. Bizim binayla üzbəüz bank filialı var. Ora getdim soruşdum, sizdə də bit var? Qaşına-qaşına dedilər, hə, otura bilmirik, bit-birə yeyir. Dedim, gəlin bir yerdə müraciət edək, dedilər, biz özəl şirkət çağırmışıq, gəlib dərmanlayacaqlar. Əlqərəz, axırda özüm adam tapdım, gəlib baxdılar ki, həyətdəki zibil qutusunda bit-birə yuva salıb. Evə də həyətdən uşağın ayağında gəlib. Evi dərmanladılar. Hələlik evdə bit yoxdu. Əvvəl həyətimiz açıq idi, zibil qabları da havalanırdı. İndi dərmir qapı qoyublar, hava dəymir, bit nədi, siçovullar da artıq. Nə qədər Mənzil İstismar İdarəsinə müraciət etmişəm ki, gəlib zibil qablarını həyətdən götürsünlər, qoysunlar küçəyə. Necə ki, digər həyətlərdə qoyublar. Amma kimsə müraciətimə baxmır.

 

Bakıda bit probleminin yaranması ilə bağlı bir neçə gün qabaq Milli Məclisin iclasında millət vəkili Araz Əlizadə də çıxış edib. O, Lent.az-a açıqlamasında bildirib ki, Bakının bütün rayonlarında eyni problem var.

 

 

-Bu, elə bir şeydir ki, daim dərmanlamaq lazımdır. İcra Hakimiyyəti Mənzil istismar İdarəsi ilə müqavilə bağlamaq üçün pul ayırmırsa, heç kəs gedib oraları dərmanlamayacaq. Bit-birə çox təhlükəli həşəratlardır. Vəba, taun kimi xəstəlikləri törədir. Zibil qutularından, zirzəmilərdən də keçəcək evlərə. 21-ci əsrin ortasında Bakıda bit-birə probleminin olması gülməlidir. Nə var-nə var, hansısa ağıllının başına gəlib ki, daha dərmanlamaq lazım deyil. Deyirlər, problemlər qalıb, Araz Əlizadə keçib bitə. Başa düşmürlər ki, sanitar mədəniyyət olmayan yerdə, ümumiyyətlə, mədəniyyət ola bilməz.

 

Problemlə əlaqədar Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımovun da mövqeyini öyrəndik.  O, indiyədək Mərkəzə bit-birə ilə bağlı şikayət daxil olmadığını deyib: “Bizə bununla bağlı şikayət daxil olmayıb. Araz müəllim Milli Məclisin deputatıdır. O da yaxşı bilir ki, belə məsələlər qanunvericilik aktı ilə tənzimlənir. Siz mənə konkret ünvan göstərin ki, biz araşdıraq. 6, 10, 20, 40 sot torpağı olanların heç biri ərazi dezinfeksiya şöbələri ilə müqavilə bağlamır. Amma bağlanmalıdır. Müqavilə dezinfeksiya şöbəsi ilə fiziki şəxs, mülkiyyətçi arasında bağlanmalıdır".

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/283843

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR