Famil Ağayev: “Avropa çempionatına yüksək səviyyədə hazırlaşmışıq”

Famil Ağayev: “Avropa çempionatına yüksək səviyyədə hazırlaşmışıq”
14:47 21 Sentyabr 2017
96 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 21 sentyabr. REPORT.AZ/ “Avropa çempionatının Azərbaycanda keçirilməsi, öz azarkeşlərimizin qarşısında oynamağımız yığmamız üçün bir dəstəkdir”.
“Report” xəbər verir ki, bunu qadınlardan ibarət voleybol üzrə Azərbaycan milli komandasının məşqçisi Famil Ağayev Avropa çempionatı ərəfəsində təşkil edilən brifinqdə deyib.
O, bildirib ki, Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv yarışa yaxşı hazırlaşıb: “Son 2,5 ay ərzində yoxlama matçları keçirdik. Qrupumuzda asan rəqib yoxdur, hamısı çox güclüdür. Qələbə qazanmaq üçün savaşmaq, mübarizə aparmaq lazımdır. Buna da hazırıq”.
- Azarkeşlər çempionluq da istəyə bilərlər. Bəs, komanda bu nəticəni əldə edəcək durumdadır?
- Komandamıza inanırıq. Gücümüz var. Hər şey oyundan asılıdır. Kimin qələbə qazanıb, kimin uduzacağını əvvəlcədən deyə bilmərəm.
- I Avropa Oyunlarında yaxşı çıxış etsəniz də, 4-cü yeri tutdunuz. Bu amil sizi qorxutmur?
- Həmin Oyunlar geridə qaldı. Önümüzə baxmalıyıq. Avropa çempionatına yüksək səviyyədə hazırlaşmışıq.
- Nataliya Məmmədovanın milliyə qayıdışı nə dərəcədə həlledici amildir?
- Məmmədovanın yığmaya qayıdışı komandaya çox böyük köməkdir. Çox güclü oyunçudur və hazırda yaxşı formadadır.
- Yelizaveta Səmədovanın vəziyyəti necədir?
- Səmədova zədədən qaydıb. Tam da olmasa, 80 faiz hazırdır. Çalışırıq ki, komandaya daha çox fayda versin.
- Komandada sizi nələr narahat edir, hansı çatışmazlıqlar var?
- Top qəbulu zamanı bir az çətinliyimiz olur. Hazırlıq zamanı buna fikir vermişik. Bunun üzərində çox işlədik.
- Toppaylayıcı mövqeyində kimə şans veriləcək?
- Kimin çıxış edəcəyinə baş məşqçi qərar verəcək. Bu mövqedə Kristina Yaqubova ilə Şəfaqət Həbibova var. Sonuncunun zədəsindən sonra üstünlüyü Yaqubovaya veririk. Yəqin ki, oyuna onunla başlayarıq.
- Azərbaycan yığması ilə birgə A qrupunda yer alan digər kollektivlər barəsində nə deyə bilərsiniz?
- Almaniya, Polşa və Macarıstan güclü rəqiblərdir. Bütün komandalara ciddi yanaşırıq.
- Qrupda sizi hansı yer qane edəcək?
- Əlbəttə, qrupdan 1-ci yerlə çıxmaq istərdik. 

Xəbərin orijinal ünvanı: https://report.az/komanda/famil-agayev-avropa-cempionatina-yuksek-seviyyede-hazirlasmisiq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR