Bakıdakı Məktəb Lisey Kompleksinin direktoru ilə bağlı müəmmalı durum yaranıb

Bakıdakı Məktəb Lisey Kompleksinin direktoru ilə bağlı müəmmalı durum yaranıb
15:27 21 Sentyabr 2017
150 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 21 sentyabr. REPORT.AZ/ Bu gün Bakıdakı Məktəb Lisey Kompleksinin (200 və 43 saylı orta məktəblər) həyətində valideynlər aksiya keçirib.
"Report"un hadisə yerində olan əməkdaşı xəbər verir ki, aksiyaya məktəbin direktoru Qafar Hüseynovun vəzifədən azad edilıməsi ilə bağlı yayılan məlumatlar səbəb olub.
Aksiyaya valideynlərlə yanaşı deyil, məktəbin müəllimləri və şagirdləri də qatılıb.
Adının çəkilməsini istəməyən müəllimlərdən biri "Report"a açıqlamasında Q.Hüseynovun direktor vəzifəsində saxlanılmasını istədiyini bildirib: "Təhsli Nazirliyi məktəbin direktorunu çıxarmaq istəyir. Bizdə olan məlumata görə, artıq çıxarıblar. Guya jurnallarda problem olub. Onların gətirdikləri fakt doğru deyil. Qafar Hüseynov işində çox düzgün, yaxşı direktordur. Bu insan müəllimindən, valideynindən tutmuş məktəbin şagirdlərinə qədər hər kəsin problemini şəxsən dinləyir. Elə olub ki, valideyn yaxınlaşıb Qafar müəllimə forma almaq imkanının olmadığını bildirib. Qafar müəllim formanın pulunu öz cibindən verib. Elə şagird olub ki, kitabla təmin edib. Hamının problemlərinə can yandırıb. Qafar müəllim səhhəti ilə bağlı bülletendədir. Biz bildiyimizə görə, məktəbə yeni direktor təyin ediblər. Qafar müəllimin bu məktəbin inkişafında böyük rolu olub. Özü də akademikdir, elmdə uğurları var. Bizi sakitləşdirirlər ki, direktor geri qayıdacaq. Amma bilirik ki, doğru demirlər".
Valideynlərdən Sevinc Süleymanova bildirib ki, Qafar Hüseynovun fəaliyyətindən razı olduğunu deyib: "Mən onun haqqında eşidəndən sonra evimizin yanında məktəb olduğu halda, uşağımı bu məktəbə gətirmişəm. Onu işdən çıxarsalar, övladımı məktəbdən çıxaracağam. Bu söz-söhbətdən sonra məktəbdə idarəçilik qarışıb, uşaqların hansı növbədə oxuyacağı da bilinmir".
Valideyn Seyidova Elmira deyib ki, tələb etsələr də, onlara məsələnin mahiyyəti ilə bağlı bir söz deyən, açıqlama verən olmayıb: "Nələr baş verdiyini doğru-düzgün bilmirik".
Digər valideynlər, habelə şagirdlər Q.Hüseynovu tərifləyib.
"Report"un müxbir və fotoqrafı məktəbə hazırda rəhbərlik edən şəxslərdən müsahibə almaq istəsə də, mühafizəçilər "jurnalistlər içəri buraxılmır" cavabını verib.
Bakı Şəhər Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov "Report"a bildirib ki, yayılan məlumatlar şayədir və direktorun işindən çıxarılması ilə bağlı yanlış məlumatı kimin hansı məqsədlə yaydığı məlum deyil: "Qafar müəllim vəzifəsindədir. Hazırda səhhəti ilə bağlı bülletendə olduğu üçün məktəbə gələ bilmir. Onun vəzifədən çıxarılması xəbəri yanlışdır, şayədir. Nə üçün bu cür şayələri yayırlar, məqsəd nədir məlum deyil".
"Report"un əməkdaşı Q.Hüseynovun mobil telefonuna zəng vurub, lakin onun telefonu sönülü olub.








Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/bakidaki-mekteb-lisey-kompleksinin-direktoru-ile-bagli-muemmali-durum-yaranib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR