ANAM üçün

ANAM üçün
21:03 21 Sentyabr 2017
190 Digər
Ölkə mətbuatı
A- A+

Söz ehtiyatın nə qədər zəngin olursa-olsun, neçə lisan bilirsən bil, yenə də bəzən hisslərini izah etməyə söz tapmazsan. Bunun da iki səbəbi olar: ya xoşbəxtliyin zirvəsindəsən, ya da bədbəxtsən. O qədər bədbəxt ki, bütün rəngələr bir anda gözündə bozarar.

Elə duruma düşərsən ki, dərddən taqətin, ağlamaqdan gözünün yaşı tükənər. Vücudun da sözünə qulaq asmaz. Əlin də səndən əlin üzər, ayağın da. Çoxlarını gözündə yalançı timsah yaşları, dilində şablon ağılar. Hətta bu durumda dərk eliyərsən ki, sənin acın onlara özün qədər yaddır. Belə də olmalıdır bəlkə. Yaddan mərhəmət ummaq acizlərin işidir. Qan qohumluğu hər zaman doğmalıq deyil. Elə bu qohumlar bir neçə saatdan sonra evinə gedib, bir-birinə zəng edəcək, filankəsin geyimini, peşmankəsin yeməyini müzakirəyə qoyacaqlar. Hətta evə getmək nəyə lazım, sənin canından can hələ torpağın altına girmədən evin künc-bucağında başlayar bu söhbətlər.

Hər kəs gəlib acıdan göynəyən bədənini qucaqlayar. Elə o anda anlayarsan ki, özün ağırlıqda daşa çevrilmisən. O acı ki, bugündən sənin həyat yoldaşındır. Nə qədər döysə, söysə də, günbəgün daha çox sevəcəksən onu. Bir anlıq unutsan belə özünə qəzəblənəcəksən. Ölənədək məhkumsan artıq ona.

Bətnində yaranıb, qəlbinə toxunduğun qadınla milyonlarla xatirən olduğu halda, nədənsə ən son anları qalar yadında. Boğazından ağır tikə kimi keçməyən xırıltılı son nəfəsi, gözünü yummazdan əvvəl axan iki damla yaş, ölümün belə soyuda bilmədiyi zərif isti əlləri, ağ örtüyün altında qalmış sevimli silueti. Bu da son. Səni səndən çox sevən insan köçər bu vəfasız dünyadan. Yuxuların ümidinə qalarsan. Özünü məcbur edərsən yatmağa. Öncədən də bol-bol səsləyib, yalvararsan ki, yuxuna gəlsin. Gəlməyəndə də nigaran qalarsan, ağlında min fikir dolaşar, bəlkə yeri narahatdır, bəlkə ruhu incikdir bizdən?! Bu xəstə ruhunla doğru-düzgün röyalar da qaçaq düşər səndən.

Gah Allahdan ona rəhmət diləyər, gah da yaradanı inkar edərsən. Axı o səni sevsəydi, səni yaradanı almazdı əlindən. Hər yeri şəkilləri ilə doldurmağa çalışarsan ki, simasını unutmayasan. Danışdığın mövzulara görə də dəyişər rəsimlərdəki mimikaları. Gah gülər, gah kədərlənər, gah da əsəbiləşər.

Anasızlarla gözəgörünməz bağ yaranar aranda. Onlarla daha çox zaman keçirmək, acı təcrüblərini bölüşmək istərsən.

Bu boz günlərinin yalnız bir təsəllisi olar. Mən var olduqca, o da məndə yaşayacaq, və bir gün mütləq görüşəcəyik. Orda anammı, bacımmı olacaq, bəlkə də qızım olacaq, bilmirəm... amma bu dəfə hər şey əksinə olacaq, o məni yox, mən onu özümdən çox sevəcəm, o yox, mən özümü ona qurban edəcəm.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/koshe/214182.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR