Əsl ana YAP-ın üzvü olmalıdır

Əsl ana YAP-ın üzvü olmalıdır
17:38 22 Sentyabr 2017
95 Digər
Ölkə mətbuatı
A- A+

Anam haqqında çox yazmışam, hətta onun evimizə necə bazarlıq eləməyidən ayrıca bir hekayəm də var. Ancaq nə qədər yazsam da, nədənsə, bu mövzu məni yormur. Hərdən anamın gözlərinə baxıram, qəribə hisslər keçirirəm. İlahi, bir gün bu qadın həyatda olmayacaq! Mən evə gec gələndə telefonuma dayanmadan "vızov" atan olmayacaq!

Adamlar mənə tez-tez deyir, az yaşın yoxdur, bəs niyə böyümürsən? Bəlkə də məni böyüməyə qoymayan anamdır. Onun hələ də məni uşaq kimi sevməyinə əsəbiləşirəm, amma bilirəm ki, bir gün o sevgidən ötrü zulum-zulum ağlayacam.

Anamgil yeddi bacıdırlar. Qardaşları yoxdur. Sonuncı qız isə anamdır və onun da adını Tabəs qoyublar. Dəhşətli dərəcədə yığımcıl qadındır. Bir də görürsən, evi süpürəndə palazın, divan-kreslonun altından yığdığı qəpikləri üst-üstə qoyub təzə televizor aldı. İbtidai sinif müəlliməsidir, amma heç bir yerdə işləmir. Şagirdləri övladlarıdır, nəvələridir... Hər gün bizə dərs deyir. İşi-gücü atamı, məni redaktə eləməkdir. O, evimizin baş redaktorudur. Maaşımızı isə bizdən yığdığı qəpiklərlə verir.

Tez küsəndir. Küsəndə çətin barışır. Həm davakardır, həm də sülh adamıdır. Davanı da özü salır, sülhü də özü yaradır. Siyasətdən başı çıxmır, amma elə danışır, elə bil YAP-ın üzvüdür. Məncə, əsl ana YAP-ın üzvü olmalıdır. Həmişə evdə iqtidarı müdafiə edir. Bilir ki, iqtidarın yanında olmaq daha təhlükəsizdir.

Mən hər dəfə evdən çıxanda tapşırıq verir.

- Metroya minmə!

- Mama, niyə?

- Birdən metro partlayar.

- Bəs işə necə gedim?

- Avtobusla!

Sonra özü özünü təkzib edir.

- Avtobusa da minmə!

- Mama, niyə?

- Yol qəzaları çoxalıb, birdən nəsə olar.

- Mama, bəs işə necə gedim?

Anam heç kimə zəng eləmir, amma bilirəm ki, hamıdan zəng gözləyir. Onun yemək yediyini az-az görürəm, amma evimizdə ərzaq çox olanda kefi kökəlir. Bacımı dəhşət çox istəyir. Bacım 10 ildir ailə qurub, anam hələ də ona cehiz alır. Elə bilir cehiz verdiyi televizor xarab olubsa, ana təzəsini almalıdır. Elə bilir cehiz verdiyi əşyalar köhnəlibsə, bu işdə məsuliyyəti ana daşıyır.

Hələ ailə həyatı qurmamışdım. Anam hara gedirdi, hansı evə ayaq basırdı, orda mənə qız axtarırdı. Sonralar bildim ki, hətta xəbərim olmaya-olmaya mənə neçə-neçə elçilik də eləyibmiş. Onun bu hisslərini o qədər anlayıram, o qədər başa düşürəm. Anam haqsız danışa bilər, amma bilirəm ki, niyəti safdır, təmizdir. Özünün on min manat pulu ola bilər, amma istəyir ki, ona bir manatlıq corabı mən alım. Bazarda nə alırsa, mütləq onun qiymətini aşağı salmalıdır. Aşağı salmasa, elə bilir pulu artıq verib. O, ölümdən qorxmur, atamdan ayrılmaqdan qorxur. Otuz beş ildir atamla evilidir, hələ də onu ağrıdan suallardan biri odur ki, görəsən, mən ölsəm, Qəşəm evlənərmi? Atamı dəhşət qısqanır, dəhşət sevir.

Əslində, anam 50 yaışnda uşaqdır. Elə bilir dünyada onun oğlundan gözəl, onun oğlundan yaraşıqlı, onun oğlundan istedadlı adam yoxdur. Amma gəl ki, hamını mənə nümunə çəkir. Bir də görürsən ki, küçə-küçə düşüb əlində kəklikotu satan bir oğlanı göstərib mənə deyir, bəxtəvər onun anasının başına! İstəyir hər şeyi onun oğlu bacarsın. Müsahibəni də onun oğlu alsın, hekayəni də onun oğlu yazsın, romanı da, köşəni də, kəklikotunu da onun oğlu satsın...

Anam haqqında o qədər danışaram, o qədər yazaram. Bilirəm ki, hamı anasını çox istəyir və bilirəm ki, hamının anası da balasını çox sevir. Amma mən öz anamda nəsə fərqli bir sevgi görürəm, o sevgini isə nə izah eləyə bilirəm, nə də yaza!

Sentyabrın 15-də anamın 50 yaşı tamam oldu. Onda o, xəstəxanada idi, müalicə alırdı. Anamsız evimiz o qədər boş, o qədər mənasız idi ki... Evi nə qədər silirdik, təmiz olmurdu. Paltarları nə qədər yuyurduq, yenə çirkli görünürdü. Mən də çox əclaf oğulam və hərdən özümə nifrət edirəm ki, niyə anamı incidirəm, niyə onun arzuladığı bir oğul ola bilmirəm?

Anam xəstəxanadan tez-tez mənə zəng edirdi, hal-əhvalımı soruşurdu. Elə bil xəstə mən idim. Bir dəfə isə zəng eləyib soruşasan ki, Bakıda avtobus aşıb, içndəkilərin hamısı ölüb. Televizorda göstərdilər. Sən o avtobusun içində olmamısan ki? İstədim deyəm ki, hə, ana, mən də o ölənlərin içindəyəm. Demədim. Qorxdum ki, birdən inanar, ürəyi parlayar...


Xəbərin orijinal ünvanı: http://publika.az/news/koshe/214301.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR