Famil Ağayev: "Macarıstanın gücünü birinci setdə gördük"

Famil Ağayev: "Macarıstanın gücünü birinci setdə gördük"
21:22 22 Sentyabr 2017
124 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 22 sentyabr. REPORT.AZ/ “Başlanğıcda bir qədər oyunumuz alınmadı. Lakin əvəzetmələrdən sonra vəziyyəti lehimizə dəyişdik. İkinci və üçüncü setlərdə isə öz oyunumuzu tapdıq, daha rahat olduq və yekunda qalib gəldik”.
“Report” xəbər verir ki, bunu qadın voleybolçulardan ibarət Azərbaycan millisinin məşqçisi Famil Ağayev Bakıda keçirilən Avropa çempionatının I turunda Macarıstan yığması üzərində 3:0 hesablı qələbəni şərh edərkən deyib.
O, Avropa çempionatında zəif rəqib olmadığını bildirib:
“Bəlkə də kimsə Macarıstana zəif gözü ilə baxa bilər. Ancaq elə deyil. Onların gücünü birinci setdə gördük. Bizi sıxışdırırdılar. Qrupdakı digər rəqiblərimiz Polşa və Almaniya da güclüdür. Bunlar tanınmış ölkələrdir. Sentyabrın 24-də Polşa ilə qarşılaşacağıq. Bu matça da yaxşı hazır olacağıq”.
F.Ağayev komandanın 2 və 4-cü zonalardan başqa kəsərli hücum təşkil olunmamasına da toxunub. O, bunu yığmadakı toppaylayıcıların təcrübəsizliyi ilə əlaqələndirib.
Qeyd edək ki, Azərbaycan növbəti oyununu sentyabrın 24-də Polşaya qarşı keçirəcək. Milli Gimnastika Arenasında baş tutacaq matç saat 18:00-da start götürəcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR