Yeni Zelandiya parlamentinin üzvlüyünə azərbaycanlı namizəd: "Azərbaycanla əlaqələrin inkişafı üçün çalışacağam"

Yeni Zelandiya parlamentinin üzvlüyünə azərbaycanlı namizəd: "Azərbaycanla əlaqələrin inkişafı üçün çalışacağam"
12:17 23 Sentyabr 2017
86 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 23 sentyabr. REPORT.AZ/ Bu gün Yeni Zelandiyada keçiriləcək seçkilərdə Botany seçki dairəsindən öz namizədliyini irəli sürən Leyborist Partiyasının üzvü Tofiq Məmmədovun "Report"a müsahibəsi.
- Bir az özünüz haqqında məlumat verərdiniz...
- Mən 1978-ci il dekabrın 30-da Bakıda anadan olmuşam. Valideynlərim 6 yaşım olanda ayrıldı, mənə və bacıma ata nənəm baxıb. 1994-cü ildə ailəmiz bizim Azərbaycandan getməyimizə qərar verib. Həmin dövrdə ölkədə vəziyyət çox ağır idi. Biz Yeni Zelandiyaya gəlməli olduq. Burada məktəbi bitirdim və daşınmaz əmlak biznesi üzrə diplom aldım. İndi də bu sahədə işləyirəm.
- Hazırda Yeni Zelandiya parlamentinə üzv seçilmək niyyətindəsiniz. Seçki platformanızda hansı məsələlər öz əksini tapıb və bu dairədə əsas rəqibiniz kimdir? 
- Mən 1999-cu ildən Leyborist Partiyasının üzvüyəm. 2014-cü ildə də parlament seçkilərinə qatılmışdım. Həmin vaxt 7549 səslə dairə üzrə ikinci oldum. Bu dəfə ölkənin ən böyük şəhəri olan Oklendin Botany dairəsindən parlamentə namizədliyimi irəli sürmüşəm. Hazırda əsas rəqibim Milli Partiyadan olan millət vəkilidir. Seçkiqabağı vədlərim dairəmdəki nəqliyyat sistemini yaxşılaşdırmaq və ev problemini həll etməkdir. Çünki Oklend şəhərində evlər çox bahadır və bir evin qiyməti milyon dollara qədər çata bilir. Bu səbəbdən insanların çoxu ev ala bilmir.
- Ümumiyyətlə, Yeni Zelandiyada nə qədər azərbaycanlı yaşayır? 
- Belə bir statistika yoxdur, amma, hardasa, burada 14-15 ailə yaşayır.
- Siz parlamentə seçildiyiniz təqdirdə, Azərbaycanla Yeni Zelandiya arasında əlaqələrin inkişaf etdirilməsi üçün nə etməyə planlaşdırırsınız?
- İlk öncə, bir millət vəkili kimi, seçki dairəmdə üzərimə düşən işləri görməliyəm. Amma məndən siyasətçi kimi Azərbaycanla münasibətlərdə nə kömək lazım olacaqsa, onu görməyə hazıram. Bacardığım qədər iki ölkə arasında əlaqələrin inkişafı üçün daha çox iş görməyə hazıram.
- Bildiyimiz qədər Yeni Zelandiyada xeyli sayda erməni yaşayır. Onlar Azərbaycana qarşı burada hər hansı bir təxribata əl atırlarmı?
- Onlar burada daha çox türklərə qarşı mübarizə aparırlar. Düzdür, hazırda Yeni Zelandiyada türk cəmiyyəti yoxdur, amma erməni diasporu burada çox güclüdür və xeyli işlər görürlər. Burada türk cəmiyyəti fəaliyyət göstərdiyi vaxtlar ermənilər layiqli cavablarını alırdılar.
- Sizcə, Azərbaycanla Yeni Zelandiyanı bir-birinə yaxınlaşdırmaq üçün nələr edilməlidir?
- Diplomatik əlaqələr gücləndirilməlidir, həmçinin iki ölkə arasında turizm sahəsində əlaqələr qurmaq mümkündür. Bu işlər dövlət səviyyəsində görülməlidir.

Xəbərin orijinal ünvanı: https://report.az/diaspor/azerbaycanla-elaqelerin-inkisafi-ucun-calisacagam

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR