Elçin Hüseyinbəyli: “Üç-dörd qadını eyni zamanda...” – MÜSAHİBƏ

Elçin Hüseyinbəyli: “Üç-dörd qadını eyni zamanda...” – MÜSAHİBƏ
16:58 23 Sentyabr 2017
147 Digər
Ölkə mətbuatı
A- A+

Publika.az yazıçı Elçin Hüseynbəyli ilə müsahibəni təqdim edir.

– Elçin müəllim, sizi ailəcanlı bir insan kimi tanıyırlar. Elə söhbətimizə də burdan başalayaq. Necədir ailə-məişət həyatınız?

– Bizdə sabitlikdir. Bir oğlum var, bir qızım! Qızım Leyla ailəlidir və yoldaşı ilə birlikdə İstanbulda yaşayır. Oğlum Orxan isə bu yay İngiltərədə universiteti bitirib gəldi. Allah qoysa işə düzəlmək istəyir.

– Orxan hərbi xidməti çəkib?

– Yox. Amma əsgərlikdə olacaq.

– Hər halda döyüş bölgəsində xidmət eləsə bir ata kimi narahat olarsınız...

– Əlbəttə! Mən təkcə öz oğluma görə yox, döyüş bölgəsində xidmət eləyən, vətənimizin keşiyində dayanan bütün əsgərlərimizə görə narahatam.

– Xanımınız əsərlərinizi oxuyurmu?

– Oxuyur. Əsərlərimin redaktoru demək olar ki, Durdanə xanımdır. Düzünü bilmək istəyirsinizsə, əvvəl Durdanə xanımın adını yalandan redaktor qoyurdum, sonralar isə həqiqətən əsərlərimi oxuyub redaktə eləməyə başladı.

– Redaktəsi sizi qane edir?

– Bəli, çox peşəkardır. Korrektura və redaktəni gözəl bilir. Çünki onun müəllimi rəhmətlik Tofiq Rüstəmov olub.

– Yazar dostumuz Qan Turalı bir dəfə demişdi ki, yazıçının xanımı onu dahi hesab etməlidir. Əri yaxşı yazsa da, güclü yazsa da...

– Axı reallıq başqa şeydir. Sən ərini dahi hesab edirsənsə, onda o birisi yazıçılar harada qaldı? Axı başqalarını oxuyub seçim imkanı etmək həvəsin qalmayacaq. Elə deyil? Dahini müəyyən eləyib oturmusan, daha başqa yerdə dahi niyə axtarırsan? Ona görə də mən bu düşüncəni qüsurlu sayıram. Heç mən özüm özümü dahi saymıram, arvadım məni niyə dahi hesab eləməlidir? Həyat yoldaşım məni sadəcə, düz, halal, ailəsinə sədaqətli bir adam kimi tanıyır. Bu da mənə kifayətdir.

– Ailəyə sədaqət dediniz... Sizcə, kişinin ailəyə sədaqətsizliyi necə olur?

– Ailəyə sadaqətli olmaq üçün sadəcə, səhər işə gedib axşam evə gəlmək kifayətdir. Sadaqət mənə görə budur.

– Belə çıxır ki, səhərlə axşamın arasında sədaqətsizlik eləmək məqbuldur?

– Zarafatyana bir deyim də var: “Evlə işin arası uzun olsa yaxşıdır...” (gülür) Kişi işə gedib pul qazanmaq və yaradıcılığı haqqında düşünməlidir. Şəxsən mənim üçün həmişə ailəm birinci yerdə olub. Ömrümün axırına kimi də belə olacaq. Ancaq insanlar fərdidir. Adam var deyir ki, nə qədər sevə bilirsənsə sənin xoşbəxtliyindir. Bir dəfə, iki, üç, dörd beş dəfə və s. Mən isə düşünürəm ki, bir nəfəri sevsəm, bir ailəyə bağlı olsam, bəsimdir. Çünki mənim üç-dörd qadını eyni zamanda sevməyə gücüm çatmaz!

– Bəs ömür boyu bir qadını sevməyə gücünüz çatarmı?

– Sevə bilməyəndə də hörmət elə! Sən həyat yoldaşını əvvəl gözəl bir xanım kimi sevirsən, sonra uşaqlarının anası kimi sevirsən, sonra nəvələrinin nənəsi kimi sevirsən... Axı sevgi təkcə seksual və bioloji məfhum deyil. Mən adicə gülü, çiçəyi sevirəmsə, balaca bir küçüyü sevirəmsə, bu da sevgidir, bu da sevginin hansısa bir formasıdır.

– Elçin müəllim, yəqin, xanım fanatlarınız var...

– Bir dəfə Yafəs Türksəs verilişdə dedi ki, mən elə qadınlar tanıyıram, Elçin Hüseynbəylinin adı gələndə ürəyi gedib yıxılıb. Gülməyim tutdu. Dedim ki, o xanım hardadır, heç olmasa, gəlib mənim yanımda yıxılardı (gülür). Kəramət, ümumiyyətlə, mən düşünürəm ki, normal adam fanat olmaz!

– Fanat olmasın, o zaman heyranınız olan oxucular olsun...

– Mənə heyran olan xanım oxucu tanımıram. Heç heyranım olan kişi oxucu da tanımıram.

– Elçin müəllim, hər halda yazıçıdan nə işlə məşğul olduğunu soruşmazlar. Çünki yazıçıdır, yəqin ki, əsər yazır...

– Mən daha çox düşünürəm. Bir müddət sonra isə düşündüklərimi yazıram. Yazı prosesi çox az vaxt aparır. Əsas vaxt aparan düşüncə və hazırlıq prosesidir. Elə mövzular var ki, mən onu yazmaq istəyirəm, amma gücüm çatmır, hələ yolunu tapa bilməmişəm. Nədən, haradan və necə başlamaq lazımdır? Əlbəttə, bunların hamısını düşünmək vacibdir.

– Kitab da oxuyursunuz, yoxsa əlinizi çənənizə qoyub düşünmək bəs edir?

– Mənim yazmaq istədiyim bir neçə tarixi roman var. Onlardan biri də şah Təhmasibin qızı Pərixan sultandır. Bununla bağlı əlbəttə, kitablar da oxumuşam və hazırlıqlarımı çoxdan bitirmişəm. Sadəcə, oturub yazmaq lazımdır.

– Bir ara işləriniz yağ kimi gedirdi. Prezident sizə ev də verdi. “Ədəbiyyat qəzeti”nə baş redaktor gedəndə isə hətta sizə qibtə edənlər vardı. Amma sonralar, məhz baş redaktorluqdan gedəndən sonra sanki, dəyişmisiniz...

– Yaxşı mənada dəyişmişəm. Çəkimi azaltmışam (gülür). Mənim işlərimin yaxşı getməyinə dostlar, pis getmyinə isə bədxah adamlar sevinə bilər. İnsan ilk növbədə özünə, öz gücünə inammalıdır. O insanlar özünə inanır ki, o, pislik eləmir, əclaflıq eləmir, heç kimin yanında gözükölgəli deyil. Ona görə də lotu kimi gəzir. Və baxıb deyirlər ki, bu adamın dünya vecinə deyil. Halbuki həmin adam qürurludur.

Güzəşt isə ayrı şeydir. Güzəştə getməsən, bu cəmiyyətdə yaşaya bilməzsən. Ancaq mənim üçün əyilmək, sınmaq olmaz, və naşükür olmaq olmaz! Şükür Allaha, evim var, kirayə qalmıram. İşim var, maaşımı alıram. Ailəm var, uşaqlarım var. Uşaqlar oxuyub, savadsız deyil. Pis-yaxşı qələmim var, yazıram. Bütün bunların hamısını düşünüb yol gedəndə adamlara elə gəlir ki, mənim heç bir problemim yoxdur.

Tanıdıqlarımızdan bir nəfər mənə dedi ki, sən televizorda elə ağayana oturursan, elə ağayana danışırsan, elə bil verilişə limuzində getmisən. Mən ona bilirsiniz nə dedim?

– Nə?

– Limuzində gəzib nadan olmaq da olar, eşşək arabasında gəzib kişi olmaq da olar. İnsan heç vaxt imkan verməli deyil ki, kiminsə ona yazığı gəlsin. Mən yazıq, müti adamlara nifrət edirəm. İnsan vəzifədə də olar, vəzifədə olmaya da bilər. Amma insan yazıq, müti olmamalıdır.

– Bir sözlə, özünüzü limuzində hiss edirsiniz...

– Bəli, mən işə limuzinlə gedib-gəlirəm (gülür).

– Elçin müəllim, Yazıçılar Birliyində müşavirsiniz. Hər halda o qrumdan danışmağa haqqınız var. Məşhur “26” kafesinin yerindən necə istifadə olunacaq?

– O yer yenə Yazıçılar Birliyinin mülkiyyətindədir. Amma bundan sonra necə istifadə olunacağı barədə qərar rəhbərliyin işidir. Mən istərdim ki, ora art kafe olsun. Sənət adamları gəlsinlər, otursunlar, yaradıcılıq söhbətləri eləsinlər...

– Yazıçılar Birliyinin bəyanatında qeyd olunur ki, kafenin icarə haqqı olan səkkiz min manat pul ehtiyacı olan qələm adamlarına kömək məqsədilə xərclənir...

– Sizə deyim ki, o səkkiz min manat rəsmi buxalteriyadan gedən puldur. Kim nə alırsa, kimə nə verilirsə hamısı qeyd olunur, sənədləşir. Yəni kiminsə ölüsü varsa, kiməsə başdaşı qoyulmalıdırsa, kiminsə xəstəsi varsa, ora xərclənir. Maddi durumu pisləşibsə, yardım edilir. Cavanlardan kimsə xarici gedirsə və ona cib xərcliyi lazımdırsa, hamısı o səkkiz min manatdan verilir və qeydiyyatdan keçirilir.

– Axı ayda səkkiz min manat çox puldur. Hər ay adam ölür, hər ay başdaşı qoyulur?

– Kimlərsə elə düşünməsin ki, ayda səkkiz min manatı Yazıçılar Birliyində basıb yeyiblər-filan. Mən səkkiz min manatı çox pul-zad saymıram. Şadlıq sarayları var ki, ayda 200-300 min manata icarəyə veriblər.

– Heç o səkkiz mindən sizə də pul çatıb?

– Necə çatıb, deyim. Tutaq ki, kompüterimin nəyisə xarab olub. Yaxud katric doldurulmalıdır. Deyək ki, bir paçka kağız alınmalıdır. Bunların hamısı həmin puldan gedir.

– Bir paçka kağız dörd manatdır. Yerdə 7996 manat qalır. Bəs bu pul nəyə gedir?

– Onda hesablamanı ciddi apar. Kağız dörd manat səksən qəpikdir (gülür). Yaxud da görürsən ki, birliyin üzvü olan kimsə dünyasını dəyişir, onun xanımı gəlir ki, baş daşını qoymağa pulum yoxdur, kömək eləyin. Yazıçılar Birliyi bu adama kömək eləməlidir və eləyir də! Demirəm hamısına eləyib. Amma elədikləri olub. Şəxsən mən özüm imkansız yazıçıların bəzilərinə həmin puldan yardım yazdırmışam.

– Elçin müəllim, sizi özü haqqında yüksək fikirdə olan insan kimi tanıyırlar...

– Şübhəsiz ki, belədir. Amma başqalarını alçaltmamaq şərti ilə. Mən “Eqo”nu yaradadanda da demişdim ki, devizimiz bu cür olmalıdır: mən də varam!

– Bəs başqa kimləri yazıçı kimi yüksək dəyərləndirirsiniz?

– Ad çəkmək istəmirəm. Çünki kiminsə adı yadımdan çıxa bilər, deyər ki, mənimlə qəsdi-qərəzliyi var. Bizdə maraqlı imzalar çoxdur. Amma yenə deyirəm, Azərbaycanda mənim həsəd apardığım yazıçı yoxdur.

– Bildiyimizə görə siz siyasi publisistika ilə də məşğul olmusunuz...

– Bəli, vaxtilə çox yazmışam.

– Hansı mövqedən?

– Mən çalışmışam ki, həqiqəti yazım.

Yəni müxalifətçi olmusunuz, yoxsa?

– Ümumiyyətlə, yazıçı düşüncədə həmişə müxalifətçidir.

– Siyasi müxalifəti deyirəm...

– Yox, siz niyə belə yozursunuz? Tutaq ki, bir yerdə ağac kəsirlərsə və mən də buna etiraz edirəm, bu, siyasi müxalifət yox, sosial müxalifətdir. Bizim daha çox sosial müxalifətə ehtiyacımız var.

– Heç mitinqə getmisiniz?

– Əvvəllər hə...

– Sosial mitinqlər?

– Ümumiyyətlə, hesab edirəm ki, yazıçının mitinqdə iştirak etməyinə ehtiyac yoxdur, yəni vacib deyil. Mən yazıçıyamsa mitinqdə qışqırmağım yox, düşüncəm insanlara maraqlıdır. Mitinqə getmək istəyənlərə isə yol açıqdır. Kimisi mitinqə günəbaxan çıtlamağa gedir, kimisi ölü yeri, yaxud da toydakı kimi dost-tanışla görüşmək üçün gedir... Buna kim pis baxır ki?

– Deyirlər ki, kimlərsə də şəkil çəkdirmək üçün gedir...

– Mən şəxsən sovet dövründə də, müstəqillik dövründə də özümə qarşı siyasi təpki hiss eləməmişəm. Heç iqtisadi təpki də. Bir nəfər mənə dedi ki, həyat ağırdır. Cavab verdim ki, həyat hamı üçün və hər yerdə ağırdır. Sadəcə, adam var, bu çətinliyklə barışır, adam da var, barışmır, daha çox şey istəyir. Əgər sən az şey istəyirsənsə inan ki, böyük sıxıntı hiss eləməyəcəksən. Yəni sənə lazım olduğundan artığını istəmə. Dünyanın faniliyini qəbul elə.

– Siz vaxtilə “Azadlıq” radiosunda işləmisiniz...

– Ümumiyyətlə, “Azadlıq” radiosunun bir qaydası vardı ki, hər tərəfin mövqeyini verməli idin. Bu, bütün dövrlərdə belə olub. Bizə jurnalistikanı belə öyrədiblər. İkincisi, “Azadlıq” radiosunda işləmək mənim siyasi mövqeyimi yox, jurnalist mövqeymi ifadə edirdi... İnsan kimi isə həmişə açıq fikirliliyin və demokratik düşüncənin tərəfində olmuşam. Bunu mənim yaradıcılığımı izləyənlər daha yaxşı bilər...

– Seçkilərdə iştirak edirsiniz?

– Demək olar ki, əksər seçkilərdə iştirak eləmişəm. Ancaq kimə və nəyə səs verdiyimi soruşmayın. Seçki gizli olduğuna görə bunu açıqlamaq düzgün deyil. Sadəcə, doğru bildiyimə səs vermişəm.

– Seçdiyiniz qalib gəlibmi?

– Bəli, mənim seçdiklərim həmişə qalib gəlir.

– Son vaxtlar yazılan əsərlərdən danışaq. Qan Turalının və Şərif Ağayarın romanlarını oxudunuzmu?

– Turalın hekayələrin oxudum. Bəyəndiklərim də oldu, bəyənmədiklərim də. Ancaq mənə elə gəlir ki, Turalda publisistika daha yaxşı alınar. Şərifdə isə nasir potensialı görmüşəm, var və yazır. Son romanını isə təəssüf ki, oxumamışam. Amma “Gülüstan” romanını oxumuşam. Maraqlı idi. Şərifin özünə də demişəm, “Gülüstan” mənim “Yovşan qağayılar” romanımın davamı idi.

– Elçin müəllim, gənclər tez-tez deyirlər ki, bizim yazımız Anar müəllimdən çox oxunur, daha o, heç kim üçün maraqlı deyil və s.

– Təbii, gənclər daha çox kreativ olur, sosial şəbəkədə fəaldırlar. Amma Anarın o vaxtı deyil ki, yazısının çox oxunması haqqında düşünsün. Anar vaxtilə çox populiyar, ən çox sevilən yazıçılardan olub. İndi isə o, düşüncə və miqyası böyük adam kimi cəmiyyətə maraqlıdır. Anar sözün böyük mənasında ziyalıdır. Və bizim son ziyalılarımızdan biridir.

– Seymur Baycan necə, sizcə, o da ziyalıdır?

– Əlində qələm olmaq hələ ziyalı olmaq demək deyil. Özümü də o biri qələm adamlarından ayırmıram. Biz ziyalıyıq. Amma mühit və şərait imkan vermədi ki, bizim ziyalı potensialımız ortaya çıxsın. O demək deyil ki, biz az yazdıq. Sadəcə, Anargilin taleyinə elə bir zaman, elə bir mühit düşdü, onlar elə bir cəmiyyətdə böyüdülər ki, bir ziyalı kimi təqdim oluna bildilər. Ona görə də bu məsələdə kimisə qınamaq olmaz ki, filan nəslin bəxti gətirmədi, filankəsin bəxti gətirdi və s. Bu, bizim taleyimizdir. Və o taleyi yaşamaq lazımdır...

Mənim üçün ziyalı cəmiyyətə böyük mesajlar verən adamdır. Və həm də o adamdır ki, doğrudan da, cəmiyyət onu eşidir və həmin sözü ondan gözləyir. Mən düşünmürəm cəmiyyət Seymur Baycandan, yaxud Elçin Hüseynbəylidən o ziyalı kimi nəsə gözləsin. Çünki mən hələ cəmiyyətə o böyüklükdə ziyalı kimi təqdim olunmamışam...

Kəramət Böyükçöl,

Foto: Elçin Muxtar


Xəbərin orijinal ünvanı: http://publika.az/projects/xususi/214411.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR