Elmar Məmmədyarov Pakistanın xarici işlər naziri ilə görüşüb   

Elmar Məmmədyarov Pakistanın xarici işlər naziri ilə görüşüb   
11:09 24 Sentyabr 2017
41 Digər
Ölkə mətbuatı
A- A+

Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində Pakistan İslam Respublikasının xarici işlər naziri Kavaca Asiflə görüşüb. Lent.az XİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, Elmar Məmmədyarov Pakistanın Azərbaycanın dövlət müstəqilliyinin bərpasını tanıyan ilk dövlətlərdən olduğunu və bu ilin diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü ilə əlamətdar olduğunu xatırladaraq, iki dövlət arasında əməkdaşlığın ikitərəfli və çoxtərəfli müstəvidə yüksək səviyyədə inkişafından məmnunluq ifadə edib. Dostluq və qardaşlıq xarakterli münasibətlərin irəlilədilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rol oynadığını deyən nazir bu xüsusda, Azərbaycan Respublikası prezidenti İlham Əliyevin 2017-ci ilin fevral ayında Pakistana səfərini xüsusi qeyd edib.

Nazir K.Asif Pakistanın dost ölkə olan Azərbaycanla münasibətlərin inkişafına xüsusi önəm verdiyini deyib. Görüşdə Azərbaycan və Pakistan arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Ölkələr arasında ticarət dövriyyəsinin artırılmasının vacibliyi vurğulanıb, energetika, kənd təsərrüfatı və digər sahələrdə  əməkdaşlıq məsələləri müzakirə edilib.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi, Ermənistanın işğal olunmuş ərazilərdə Azərbaycan xalqının maddi-mədəni irsini, İslam dininə aid ibadət ocaqlarını vəhşicəsinə talan və məhv etdiyini, qoşunların təmas xətti boyunca mülki insanları, o cümlədən uşaq və qadınları qəsdən hədəfə aldığını diqqətə çatdırıb. Nazirlər həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərlə yanaşı, BMT Baş Assambleyasının 72-ci sessiyasının gündəliyində duran məsələlər barəsində fikir mübadiləsi aparıblar.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/284082

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR