Prezident: “Əsas məqsədimiz idxaldan asılılığı azaltmaqdır”

Prezident: “Əsas məqsədimiz idxaldan asılılığı azaltmaqdır”
17:19 24 Sentyabr 2017
99 Digər
Ölkə mətbuatı
A- A+

“Neftçala rayonunun inkişafında bu sənaye məhəlləsinin çox böyük rolu olacaq”.

 

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Neftçala Sənaye Məhəlləsi ilə tanışlıqdan sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə söyləyib.

 

Dövlət başçısı deyib ki, sənaye məhəlləsində artıq bir neçə müəssisə fəaliyyətə başlayıb, bir neçə müəssisənin fəaliyyəti yaxın aylarda təmin ediləcək: “Bir sözlə, bizim vaxtilə verdiyimiz qərar artıq həyatda öz əksini tapır. İki il əvvəl Neftçalada Sənaye Məhəlləsinin yaradılması ilə bağlı mənim tərəfimdən müvafiq sərəncam imzalanıb. İki il ərzində yaradılan bu gözəl sənaye şəhərciyi artıq istifadəyə verilir. Bu, onu göstərir ki, bizim qəbul etdiyimiz bütün qərarlar həyatda tezliklə, qısa müddət ərzində və yüksək səviyyədə öz əksini tapır. Bu sənaye məhəlləsinin fəaliyyəti həm rayonun iqtisadiyyatına, həm ölkə iqtisadiyyatına çox böyük təkan verəcək. Bu sənaye məhəlləsinin yaradılması əslində bu istiqamətdə görülmüş işlərin yeni mərhələsinin başlanmasıdır. Çünki bu gün ölkəmizdə sənayeləşmə siyasəti uğurla aparılır, bizim iri sənaye mərkəzlərimizdə - xüsusilə Bakı, Sumqayıt və Gəncə şəhərlərində böyük sənaye müəssisələri yaradılır. İndi Mingəçevir şəhərində böyük sənaye zonası yaradılır və kiçik şəhərlərdə də belə layihələrin icrası çox əlamətdar hadisədir. Böyük şəhərlərdən sonra ilk sənaye zonası Neftçala rayonunda yaradılıb, yaxın vaxtlarda əlavə iki sənaye zonası Masallı və Hacıqabul rayonlarında fəaliyyətə başlayacaq”.

 

Azərbaycan prezidenti sənayeləşmə siyasətinin uğurla aparıldığını vurğulayıb: “Biz bu zonaların yaradılması ilə iş adamlarına dövlət tərəfindən növbəti dəstək göstəririk. Bu zonanın yaradılması bizim təşəbbüsümüz olub. Azərbaycan dövləti bu təşəbbüslə çıxış edib və dövlət tərəfindən bu zonanın yaradılmasına 20 milyon manatdan çox vəsait ayrılıb. Bütün infrastruktur məsələləri həll olunub, modullar inşa edilib və özəl sektora burada fəaliyyətə başlamaq üçün kreditlər verilib. Özəl sektor da kreditlər hesabına və öz vəsaiti hesabına 45 milyon manat sərmayə qoyub. Yəni, bu, onu göstərir ki, burada dövlət-özəl sektor tərəfdaşlığı özünü göstərir. Çünki əgər biz bu təşəbbüslə çıxış etməsəydik, onu irəli sürməsəydik, bax, bu zona da heç vaxt yaranmazdı. İndi bu zona var və o, böyüyəcək. Bildiyimə görə, rayon sahibkarları tərəfindən maraq çox böyükdür. Burada istehsal olunan və olunacaq mallar idxalı əvəzləmək üçün bizə kömək göstərəcək. Çünki indi bizim əsas məqsədimiz yerli istehsalı daha da gücləndirmək, idxaldan asılılığı azaltmaqdır”.

 

Dövlət başçısı bu zonanın ən böyük müəssisəsinin avtomobil zavodu olduğunu nəzərə çatdırıb: “Bu zavodun fəaliyyəti nəticəsində biz avtomobil idxalından asılılığı müəyyən dərəcədə aradan götürəcəyik və eyni zamanda, ixrac üçün də imkanlar yaranacaq. Bu zavodun yaradılması İran-Azərbaycan tərəfdaşlığının təzahürüdür və çox şadam ki, Azərbaycanda, Neftçalada belə gözəl müəssisə yaradılıb. Mənə verilən məlumata görə, bütövlükdə Neftçala Sənaye Məhəlləsində 500-ə yaxın insan işlə təmin olunacaq. Bu, işsizliyin aradan qaldırılması istiqamətində növbəti addım sayıla bilər”. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/284105

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR