Yeni məktəb binası istifadəyə verildi

Yeni məktəb binası istifadəyə verildi
18:04 24 Sentyabr 2017
98 Digər
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev sentyabrın 24-də 1200 şagird yerlik Salyan şəhər 2 saylı tam orta məktəbin yeni binasının açılışında iştirak edib. Lent.az prezidentin saytına istinadən xəbər verir ki, dövlət başçısı məktəbin binasının rəmzi açılışını bildirən lenti kəsib.

Dövlət başçısına Salyan şəhər 2 saylı tam orta məktəbdə yaradılan şəraitlə bağlı məlumat verilib.  Bildirilib ki, 1954-cü ildən ümumtəhsil məktəbi kimi fəaliyyət göstərən Salyan şəhər 2 saylı tam orta məktəb 1937-ci ildə tikilmiş ikimərtəbəli uyğunlaşdırılmış binada yerləşirdi. 2003-cü ilədək məktəb binası 26 sinif otağından ibarət olub və tədris iki növbədə aparılıb. 2003-cü ildə əlavə 14 sinif otağı tikildi və həmin ildən etibarən tədris birnövbəli sistemə keçib.  2016-2017-ci tədris ilində məktəbin 556 şagirdi müvəqqəti olaraq 3 saylı tam orta məktəbin binasında yerləşdirilib. Dövlət başçısının ötən il imzaladığı Sərəncamla məktəb üçün yeni bina tikilib və bu, bir çox problemləri aradan qaldırıb. İlk növbədə, digər təhsil ocaqlarında yerləşdirilən şagirdlər öz doğma məktəblərinə qayıdıblar. İndi onlar müasir, zəruri avadanlıqla təchiz olunmuş məktəbdə təhsillərini davam etdirirlər.  

Üç mərtəbədən ibarət yeni məktəb binasında 48 sinif otağı, 6 laboratoriya, əmək təlimi otaqları, tibb məntəqəsi, kitabxana, 380 yerlik akt zalı, idman və atıcılıq zalları fəaliyyət göstərir.  Burada yaradılan şərait bir daha təsdiqləyir ki, son illərdə təhsil sahəsində qazanılan uğurların təməlində Azərbaycanın yeni təhsil modeli dayanır. Artıq ölkədə yeni təhsil konsepsiyası formalaşıb və həyata keçirilməyə başlanıb. Azərbaycanda yüzlərlə məktəbin tikilməsi, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi nəhəng təhsil infrastrukturunun formalaşmasına geniş imkanlar açıb.  Prezident İlham Əliyev məktəbin sinif otaqlarında, laboratoriyalarında, idman və atıcılıq zallarında yaradılan şəraitlə tanış olub. Atıcılıq otağında şagirdlər pnevmatik silahdan hədəfə atəş açmaq məharətlərini nümayiş etdiriblər.  Dövlət başçısı məktəbin müəllim və şagird kollektivinə uğurlar arzulayıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/284109

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR