Prezident: "Gəlirlərimiz azalsa da, sosial və infrastruktur layihələrində heç bir geriləmə yoxdur"

Prezident: "Gəlirlərimiz azalsa da, sosial və infrastruktur layihələrində heç bir geriləmə yoxdur"
18:47 24 Sentyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 24 sentyabr. REPORT.AZ/ "Baxmayaraq, neftin qiymətinin kəskin aşağı düşməsinə görə bizim gəlirlərimiz azalıb, ancaq sosial və infrastruktur layihələrində heç bir geriləmə yoxdur. Gələn ilin iqtisadi göstəriciləri daha da yaxşı olacaq.
"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev Salyan rayonunun Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun açılışında deyib.
"Son vaxtlar Azərbaycanda aqroparkların yaradılması geniş vüsət alıb. Onlardan biri də Salyan rayonunda yaradılır. Mənə verilən məlumata görə, bu, 3 min hektar sahədə yaradılır. Biz həm məşğulluğu artıracağıq, işsizliyi daha da aşağı salacağıq, yerli istehsalı artıracağıq, ixracyönümlü məhsulları istehsal edəcəyik və beləliklə, ölkə iqtisadiyyatı neftdən, qazdan daha da az asılı olacaq. İndi də bu asılılıq azalır və regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində bu gün Azərbaycanın qeyri-neft sektoru uğurla inkişaf edir. Son vaxtlar mənim təşəbbüsümlə kənd təsərrüfatının müxtəlif sahələrinə dəstək, yeni təkan vermək üçün müşavirələr keçirilibdir – pambıqçılıq, tütünçülük, baramaçılıq, fındıqçılıq, çayçılıq, çəltikçilik, sitrusçuluq – biz bütün bu sahələrə xüsusi diqqət göstəririk. Hər bir rayonun özünə xas olan kənd təsərrüfatı sahələri var və ixtisaslaşma istiqamətində də çox ciddi addımlar atılır", - deyə dövlət başçısı bildirib.
Prezident Salyan rayonunun gələcək inkişafı ilə bağlı nikbin fikirdə olduğunu söyləyib:
"Əminəm ki, bu günə qədər həll olunmayan məsələlər öz həllini tapacaq və rayonun sürətli inkişafı təmin ediləcək. Bu yolun açılışı da, əslində, Azərbaycanın ümumi inkişafını göstərir. Bizim ölkəmiz inkişaf edir, sosial-iqtisadi layihələr icra olunur. Baxmayaraq, neftin qiymətinin kəskin aşağı düşməsinə görə bizim gəlirlərimiz azalıbdır, ancaq sosial və infrastruktur layihələrində heç bir geriləmə yoxdur. Gələn ilin iqtisadi göstəriciləri daha da yaxşı olacaq. Gələn il bu ilə nisbətən daha da böyük həcmdə Dövlət İnvestisiya Proqramı icra ediləcək. Gələn ilin büdcəsi də daha böyük olmalıdır və dövlət investisiya xərcləri daha da böyük olacaqdır. Yəni, iqtisadi, maliyyə sahələrində qarşımızda heç bir problem yoxdur. Azərbaycan möhkəm iqtisadi potensiala malik olan bir ölkədir. Gələcək illərdə bizim iqtisadi gücümüz ancaq artacaq və beləliklə, bütün rayonlarda işlər daha da yaxşı gedəcək".

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/prezident-gelirlerimiz-azalsa-da-sosial-ve-infrastruktur-layihelerinde-hec-bir-gerileme-yoxdur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR