Bir ilə "ABAD"laşan Balakən

Bir ilə "ABAD"laşan Balakən
11:42 25 Sentyabr 2017
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 25 sentyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxsin yaradılmasının 1 ili tamam olur.
Azərbaycan Prezidenti İlham Əliyevin fərmanına əsasən yaradılan “ABAD”ın məqsədi ölkənin sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakını təmin etmək, ailə əməyinə əsaslanan təsərrüfatların fəaliyyətini dəstəkləmək, kiçik və orta sahibkarlığın inkişafını stimullaşdırmaq, əhalinin məşğulluğunun artırılması sahəsində əlavə imkanlar yaratmaqdır.
Bu gün pilot layihə olaraq, regional mərkəzlər vasitəsilə Masallı və Balakən rayonlarında fəaliyyət göstərən “ABAD” ailə təsərrüfatlarına, kiçik və orta sahibkarlara dəstək layihələrinin həyata keçirilməsi, istehsalatda müasir texnoloji istehsal avadanlıqlarından istifadə, marketinq, brendinq və dizayn, maliyyə-mühasibat, hüquqi yardım xidmətlərinin göstərilməsi, istehsal olunan məhsulun daşınmasının və satışının təşkili kimi xidmətlər göstərir.
“ABAD” və SOCAR-ın məhsuldar əməkdaşlığı

“ABAD” və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) arasında imzalanmış Anlaşma Memorandumuna əsasən, ikinci regional “ABAD” mərkəzi Balakən rayonunda fəaliyyətə başlayıb. Avqustun 3-də açılışında Azərbaycan Prezidenti İlham Əliyevin iştirak etdiyi Balakən regional “ABAD” mərkəzi ilkin mərhələdə 12 ailəyə zəruri istehsal avadanlıqları təqdim edib. Təqdim olunan avadanlıqlardan 9-u cem və mürəbbə, 2-si pendir, 1-i isə kolbasa məmulatlarının istehsalı üçün nəzərdə tutulub. Balakənli “ABAD”çılar üçün ailə brendləri yaradılıb, onlara zəruri qablaşdırma vasitələri təqdim olunub və ailə təsərrüfatlarının məhsullarının satışı təşkil olunub.
Məhz bu təsərrüfatların təqdimatı məqsədi ilə “ABAD” layihəsinin 1 illiyi çərçivəsində Balakən rayonunda media-tur təşkil olunub. Media nümayəndələri “ABAD”ın mərkəzi binası və dəstəklədiyi təsərrüfatlarla tanış olublar.
“ABAD”ın regional direktoru və ictimaiyyətlə əlaqlələr sektorunun müdiri Elvin Şirinov media nümayəndələrinə məhsulların saxlanma konteynerləri və labarotoriyası ilə tanış edib, məhsullar və onların hansı qaydada saxlanma şəraitləri göstərilib.
“ABAD” mərkəzlərinin fəaliyyəti barədə məlumat verən E. Şirinov bildirib ki, ötən ilin oktyabr ayında “ABAD”la imzalanan əməkdaşlıq memorundumuna əsasən SOCAR-ın sosial yönümlü siyasəti çərçivisində Balakən ikinci pilot region kimi seçilib. Burada “ABAD” mərkəzinin inşası başlanılıb, həmçinin Balakəndə müraciət edənlərdən 12 ailə monobloq- konteynerlər şəklindıə istehsal avadanlıqları təqdim olunub”.
E.Şirinov təqdimat zamanı bildirib ki, layihənin əsas məqsədlərindən biri fəaliyyət sahəsinin genişləndirilməsi və yeni iş yerlərinin yaradılmasıdır.
Balakəndə "ABAD"laşan təsərrüfatlar 

“ABAD” layihəsinin xanım üzvlərindən biri olan Şabanova Şəmsi Balakən rayonunun Katex kəndində anadan olub. O, artıq 5 ildir ki, Sarıqbulaq, Qazbinə kəndlərinin səfalı ərazilərində ətlik məqsədilə ümumilikdə 400-dən artıq iribuynuzlu heyvan yetişdirir. Şəmsi xanım bu sənətə olan marağını atası ilə əlaqələndirir. O, bildirir ki, atası da maldarlıqla məşğul olmuş və bu sahənin inkişafı üçün əlindən gələni etmişdir. O, maldarlıq sahəsi haqqında bildiklərinin hamısını atasından öyrəndiyini deyir. Baxmayaraq ki, Şəmsi xanım bu sahə üzrə böyük təcrübəyə malikdir, lakin o məhsullarının sertifikatlaşdırılması ilə bağlı hər zaman çətinliklərlə üzləşirdi. Beləliklə “ABAD” ailəsinə qoşularaq o, istehsal etdiyi məhsulların sertifikatlaşdırılması və insanların ekoloji təmiz məhsullarla təmin olunması istiqamətində dəstək aldı.
Ailə təsərrüfatı ənənələrinə əsaslanaraq Şəmsi Şabanova hələ uşaq yaşlarından kənd təsərrüfatı sahəsində işləmiş və öz sevdiyi işi haqqında təəssüratlarını qeyd edir: “Əvvəllər yalnız ət satışı ilə məşğul olurdum. Lakin ABAD layihəsinə qoşularaq artıq təmiz, dadlı ət məhsulları da hazırlayıram. Artıq həm, istehlakçıları dadlı ət məhsulları ilə təmin edir, həm də sahibkarlıq fəaliyyətimi genişləndirməklə dövlətimizin bu sahəyə göstərdiyi diqqəti daim öz üzərimdə hiss edirəm.” Şəmsi xanım özünün bu sahədəki geniş təcrübəsi və ekoloji təmiz xammaldan istifadə edərək dadlı və keyfiyyətli “Bizim nemət” kolbasası brendini yaradaraq regionlarda həmçinin Bakının bir çox iri supermarketlərində satışa çıxardacaq.

“ABAD”ın cem və mürəbbə məhsullarının istehsalı üzrə dəstək göstərdiyi İbrahimovlar ailəsi Balakən rayon sakinləridir. Ailənin üzvü Zöhrə İbrahimova 35 ildən çoxdur ki, müxtəlif meyvə və giləmeyvələrdən mürəbbə və cem hazırlayır.
Həyətyanı sahələrindən topladığı moruq, böyürtkən, tut meyvələrindən hazırlanan bu məhsullar öz dadı və keyfiyyəti ilə fərqlənir.
Mürəbbə və cemləri xüsusi respetlə hazırlayan Zöhrə xanım qeyd edir:
“Gənc yaşlarımdan daim mətbəxə maraq göstərmiş və anamın respetlərinə əsasən mürəbbələrin sirrlərini öyrənmişəm. Məsələn, mənim hazırladığım moruq mürəbbəsi digər şəxslərin hazırladıqlarından fərqlənir. Mürəbbənin dad fərqliliyi ilə yanaşı içindəki meyvələr əzilmir, diri qalır”.
İbrahimovlar mürəbbə və cem istehsalı üzrə ailə bizneslərini daha da inkişaf etdirmək, hazırladıqları məhsulları təkcə yaşadıqları Balakəndə deyil, bütün ölkə miqyasında satışa çıxarmaq məqsədilə “ABAD”a müraciət ediblər.
“ABAD” tərəfindən istehsal potensialı, təsərrüfat imkanları dəyərləndirilən ailənin müraciətinə müsbət cavab verilib və onlara monoblok-konteyner şəklində zəruri istehsal avadanlıqları təqdim olunub.
Ailə avadanlıqlardan istifadə, gigiyena və əməyin təhlükəsizliyi qaydaları ilə bağlı təlimlər keçdikdən sonra verilmiş monoblok-konteynerdə məhsul istehsalına başlayıb.
Zöhrə xanımın sözlərinə görə, əvvəllər cem və mürəbbələrin kustar üsulla, ev şəraitində məhsulların hazırlanması çox zaman və enerji tələb edirdi:
“Lakin indi biz əvvəlki dadı saxlamaqla, gün ərzində daha çox məhsul istehsal edə bilirik”.
“ABAD” əməkdaşları İbrahimovlar ailəsi üçün “Bağımızın bəhrəsi” brendini yaradıblar. Beləliklə, artıq Zöhrə ananın böyük qayğı və sevgi ilə hazırladığı bu məhsullar bazarda öz dadı ilə yanaşı, həm də öz adı ilə də tanınacaq.
Məhsulların keyfiyyət göstəricisi




“ABAD” öz fəaliyyətinin təşkilində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıq edir. “ABAD”çı ailələr tərəfindən istehsal olunmuş məhsullar qeyd olunan qurumların əməkdaşları tərəfindən yoxlanılır və hər bir məhsula müvafiq uyğunluq və gigiyena sertifikatları təqdim olunur.
“ABAD”çı ailələrin hazırladığı məhsullar tam təbiidir və bütün zəruri yoxlamalardan keçərək, müvafiq sertifikatlarla işarələniblər. Beləliklə, müasir tələblərə cavab verən dizayna və brend adına, uyğunluq və gigiyenik sertifikatlara malik məhsulların satışını həyata keçirmək asanlaşıb. Alıcılara təqdim olunan hər bir məhsulun üzərində “ABAD” leybli yerləşdirilir.
Bu, həm də həmin məhsulun yüksək keyfiyyətə malik olduğunun bir göstəricisidir. Hazırladıqları məhsulların özlərinə məxsus brend adı altında satışa çıxarılması ailə təsərrüfatlarını işlərini inkişaf etdirməyə, bazara yeni məhsullar təqdim etməyə daha da həvəsləndirir.
Xalq sənətkarlığına dəstək
“ABAD”ın ikinci prioritet istiqaməti isə dekorativ-tətbiqi xalq sənətkarlığı ilə məşğul olan ailələrin dəstəklənməsidir. Əgər əvvəllər sənətkar ailələri hazırladıqları məhsulların satışı ilə bağlı müəyyən çətinliklərlə qarşılaşırdılarsa, bu gün onların öz əl işlərini “ABAD” sərgi-satış mərkəzləri vasitəsilə reallaşdırmaq imkanları yaranıb.
Bugün Azərbaycan əcnəbi turistlərin ən çox ziyarət etdiyi ölkələrdən birinə çevrilib. Ölkəmizə səfər edən əcnəbi vətəndaşlar vətənlərinə qayıdarkən, əlbəttə ki, onlara Azərbaycanı xatırladacaq müəyyən hədiyyələr almaq istəyirlər. Əvvəllər bazarda təqdim olunan suvenir məhsullarının üzərində Azərbaycan təsvirləri olsa da, onlar əsasən xarici ölkələrdə, o cümlədən Çində hazırlanırdı. Belə bir vəziyyətdə illərdir ki, dekorativ-tətbiqi xalq sənətkarlığı ilə məşğul olan, gözəl əl işləri hazırlayan sənətkarlarımız öz məhsullarını reallaşdıra bilmirdilər, yalnız Azərbaycan sənətkarlarının əl işlərinin satışa çıxarıldığı bir mərkəzə ehtiyac var idi. Bu istiqamətdə “İçərişəhər” Dövlət-Tarixi Memarlıq Qoruq İdarəsi ilə əməkdaşlıq çərçivəsində, martın 18-də “İçərişəhər”də “ABAD” sərgi-satış mərkəzi fəaliyyətə başladı.
“ABAD” məhsullarının satışı


İlkin mərhələdə “İçərişəhər”də sərgi-satış mərkəzində 63 sənətkar ailəsinin əl işləri satışa çıxarılsa da, qısa müddətdə “ABAD”a müraciətlərin sayı sürətlə artıb. Əcnəbi turistlərin təqdim olunan əl işlərinə böyük marağını, əməkdaşlıq üçün müraciət edən sənətkar ailələrinin sayının artmasını nəzərə alaraq, paytaxt Bakının turistlərin sıx olduğu daha bir neçə müvafiq sərgi-satış mərkəzlərinin yaradılması haqqında qərar qəbul edilib.
Növbəti mərhələdə AZAL ilə əməkdaşlıq çərçivəsində iyunun 8-də Heydər Əliyev Beynəlxalq Hava Limanının “Duty Free” zonasında, avqustun 22-də isə Azərbaycan Dəmir Yolları ilə əməkdaşlıq çərçivəsində Bakı Dəmiryolu Vağzalında sərgi-satış mərkəzlərini istifadəyə verilib. Bu gün qeyd olunan sərgi-satış mərkəzləri vasitəsilə artıq 130 ailənin 1650 adda 5000-dən çox sənət nümunəsi, 9 ailənin isə 40 adda kənd təsərrüfatı məhsulları (cem, mürəbbə və bal) təqdim olunur. Gələcəkdə daha 4 rayonda regional “ABAD” mərkəzlərinin fəaliyyətə başlaması, həmçinin sərgi-satış mərkəzlərinin turistlərin çox səfər etdiyi regionlarda, müxtəlif 5 ulduzlu otellərdə də açılması nəzərə tutulur.
MDB, ərəb ölkələri, Avropa İttifaqından gələn turistlərin təqdim olunan məhsullara marağı böyükdür. “ABAD”çıların maliyyə-mühasibat işləri, vergi məsələlərinin tənzimlənməsi “ABAD” tərəfindən həyata keçirilir. Satışdan əldə olunan vəsait hər bir “ABAD”çının bank hesabına köçürülür. Beləliklə, görülən tədbirlər nəticəsində regionlarda yaşayan sənətkarlar öz məhsullarını paytaxt Bakıda satışa çıxarmaq, daha çox gəlir qazanmaq imkanı əldə ediblər.
“ABAD” pilot layihə olaraq, Balakən və Masallıda fəaliyyət göstərsə də, dekorativ-tətbiqi xalq sənətkarlığı sahəsində bütün ölkə üzrə müraciətlər qəbul olunur. Bu zaman sənətkar ailəsinin təqdim etdiyi əl işləri dəyərləndirilir. Əmtəə görünüşü olan məhsullar “ABAD” mağazalarında satışa çıxarılır. Bəzi hallarda sənətkar ailələrinin hazırladığı milli suvenirlər tələblərə cavab vermir, bu zaman “ABAD”ın mütəxəssisləri onlara təlim keçir, işlərinin daha keyfiyyətli və zövqlü hazırlanması üçün zəruri dəstək göstərirlər. Beləliklə, “ABAD” ilə əməkdaşlıq edən ailə təkcə gəlirlərini deyil, həm də bilik və bacarıqlarını artırmış olurlar.
Hazırda “ABAD” tərəfindən dəstəklənən ailə təsərrüfatlarının məhsulları “Balməkan”, “Dənə-dənə” , “Yay səbəti” , “Bağımızın bəhrəsi”, “Budaqdan”, “Bal kimi”, “Meyvə bağı” mürəbbə brendləri satışa çıxarılıb.




















Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/bir-ile-abad-lasan-balaken-reportaj

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR