Daha 25 cəhmdar cəmiyyət özəlləşməyə çıxarılır

Daha 25 cəhmdar cəmiyyət özəlləşməyə çıxarılır
14:19 25 Sentyabr 2017
68 Digər
Ölkə mətbuatı
A- A+

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən yeni hərrac elan olunub.

 

Komitədən Lent.az-a verilən məlumata görə, hərraca ümumilikdə 156 dövlət əmlakı çıxarılıb. Bunlardan 25-i səhmdar cəmiyyəti, 64-ü kiçik dövlət müəssisə və obyekti, 67-si istifadəsiz qeyri-yaşayış sahəsidir.

 

Qeyd edək ki, hərrac barədə informasiyalar komitənin rəsmi internet səhifəsi, Özəlləşdirmə portalı (privatization.az) və facebook səhifəsində yerləşdirilib. Mütəmadi yenilənən bu internet resursları vasitəsilə həm hərraca çıxarılan, həm də baş tutmuş hərraclarda satılmış əmlaklar haqqında məlumat almaq mümkündür. Sifarişçi portal vasitəsilə hər bir əmlakın mövqeyi, yerləşməsi, mövcud vəziyyəti barədə fotoşəkillər və mətn məlumatları ilə tanış ola bilər.

Hərracda əmlak sahibi olmaq istəyən vətəndaşın cəmi 2 sadə proseduru yerinə yetirməsi kifayətdir.  Birinci komitənin elektron xidmətlər portalı vasitəsi ilə sifariş verilir, ikinci mərhələdə isə əmlakın satış qiymətinin 10%-i məbləğində behi ödənilməklə hərracda iştirakçı statusu qazanılır. Qeyd edilməlidir ki, sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakı, Şəmkir, Tovuz, İmişli, Cəlilabad, Göygöl, Naftalan və digər rayonlarında yerləşir. Hərraca çıxarılan müəssisələr sırasında Bakının Suraxanı rayonunda olan 42 saylı mağaza, Tovuzda yerləşən “Şəfəq” kinoteatrı, Təsərrüfat hesablı Göygöl Aqrar Sənaye Kombinatı kimi iri dövlət əmlakları var.

Hərraca çıxarılan kiçik dövlət müəssisələri sırasında ən yüksək ilkin satış qiyməti Bakının Suraxanı rayonunda olan 42 saylı mağazadır. 400 min manata təklif olunan müəssisənin torpaq sahəsi 2 min kv.m-ə yaxındır. Bundan başqa paytaxtın Qaradağ rayonunda yerləşən 22 saylı avtodayanacaq 216 min manata, Sumqayıtda olan “Laçın” restoranı 205 min manata hərraca çıxarılıb.

Hərracda fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında Gəncədə yerləşən “Sünbül” kafesini nümunə kimi göstərmək olar. Həmin obyekt investorlar üçün iaşə sahəsində yaxşı qazanc deməkdir.

Hərracda özəlləşdirilməsi nəzərdə tutulan istifadəsiz qeyri-yaşayış sahələrindən 61-i paytaxtda, qalanları isə Sumqayıt, Mingəçevir şəhərində, Şirvan, Sabirabad rayonlarında yerləşir. Ən yüksək ilkin satış qiyməti paytaxtın Səbail rayonunda yerləşən qeyri-yaşayış sahəsinə təklif olunub. Belə ki, bu əmlak 58 min 500 manat start qiyməti ilə hərraca çıxarılıb. Həmin əmlakın ümumi faydalı sahəsi 80 kv.m-ə yaxındır. Özəlləşdirilməyə açıq elan edilən belə əmlakların sahəsi 11 kv.m ilə 213 kv.m arasında dəyişir.

Qeyd edilməlidir ki, daha az investisiya tələb edən əmlaklar da hərraca çıxarılıb. Bunlardan Bakının Nəsimi rayonunda yerləşən sahəsi 11 kv.m olan qeyri-yaşayış sahəsini nümunə kimi göstərmək mümkündür. Həmin əmlakın ilkin start qiyməti 2 min manat təşkil edir. Həmçinin paytaxtın Səbail rayonunda yerləşən sahəsi 11,2 kv.m, ilkin start qiyməti 3 min  manat təşkil edən qeyri-yaşayış sahəsini də bu kateqoriyaya aid etmək olar.

Hərracda özəlləşdiriləcək səhmdar cəmiyyətləri məişət, təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Belə iri müəssisələr sırasında “Salyan broyler”, “Qax Taxıl”, “Zərdab Aqrotexservis”, “Bərəkət”, “Ağdaş Quşçuluq”, “Yevlax Yük Avtonəqliyyat”, “Cəlilabad Məişət” kimi səhmdar cəmiyyətlər var.

Xatırladaq ki, istənilən şəxs və ya media üzvü hərrac günü gəlib hərracda iştirak edərək prosesi izləyə bilər. Eyni zamanda, hərrac zalındakı böyük monitorlar vasitəsilə respublikanın digər şəhər və rayonlarında keçirilən hərraclar da canlı izlənilir.

Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/284183

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR