Zakir Qaralov Rusiyada səfərdə olub

Zakir Qaralov Rusiyada səfərdə olub
16:42 25 Sentyabr 2017
59 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 25 sentyabr. REPORT.AZ/ Azərbaycanın baş prokuroru Zakir Qaralovun rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin dəvəti ilə Rusiya Federasiyası İstintaq Komitəsinin yaranmasının 10 illiyinə və Rusiya istintaq orqanlarının 300 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edib.
Baş Prokurorluğun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Rusiya Ordusunun Akademik teatrında keçirilən təntənəli mərasimdə Rusiya prezidenti Vladimir Putinin tədbir iştirakçılarına ünvanlanmış video müraciəti nümayiş etdirilib. 
Mərasimdə çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiyanın dövlət başçısı Vladimir Putinin rəhbərliyi altında bütün sahələrdə köklü və əsaslı islahatların həyata keçirildiyini vurğulayaraq ölkələr arasında hərtərəfli, o cümlədən hüquqi sahədə əlaqələrin getdikcə genişlənməsini qeyd edib.
Azərbaycan Prokurorluğunun Rusiya Federasiyasının İstintaq Komitəsi ilə sıx əməkdaşlıq etdiyini bildirən baş prokuror tərəflər arasında 2010 və 2015-ci illərdə müvafiq olaraq Əməkdaşlıq Proqramının və “Əməkdaşlıq haqqında saziş”in imzalanmasını diqqətə çatdııb. Hər iki razılaşmanın ölkələrimizin hüquq mühafizə orqanları üçün mühüm əhəmiyyət kəsb etdiyi, qarşılıqlı səmərəli münasibətlərin və hüquqi əməkdaşlığın inkişafına töhfə verdiyi bildirilib.
Mərasimdə Rusiyanın Azərbaycan ilə bütün sahələrdə uğurla əməkdaşlıq etdiyini vurğulayan Aleksandr Bastrıkin rəhbərlik etdiyi qurumun ölkəmizin hüquq-mühafizə orqanları ilə əməkdaşlığının möhkəmləndirilməsinə xüsusi önəm verdiyini, münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.
Tədbirdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxış edərək Azərbaycan-Rusiya əlaqələrinin strateji xarakter daşıdığını, iqtisadi, humanitar və digər sahələrdə birgə layihələrin icra edildiyini, ölkələr arasında əməkdaşlığın həm də regional səviyyədə intensiv inkişaf etdiyini bildirib.
Səfər çərçivəsində Azərbaycanın nümayəndə heyəti Belarus və Qazaxıstanın nümayəndə heyətləri ilə işgüzar görüşlər keçirib, ikitərəfli əlaqələrin inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/zakir-qaralov-rusiyada-seferde-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR